Nazirlər Kabineti “Torpaqların texniki uçotunun aparılması Qaydaları”na dəyişiklik edib. Dəyişikliyə əsasən, Xəzər dənizinin Azərbaycan hissəsində yaradılan süni torpaq sahələri də texniki uçota alınacaq.
Süni torpaqların texniki uçota daxil edilməsi gələcəkdə bu ərazilərdə tikinti layihələrinin həyata keçirilməsi və ya ərazilərin satışa çıxarılması üçün baza yarada bilərmi? Bu dəyişiklik daşınmaz əmlak bazarına hansı formada təsir göstərə bilər?
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ölkədə mövcud olan torpaq resursları zamanla Xəritəçəkmə və Torpaq Komitəsi tərəfindən müvafiq şəkildə qeydə alınıb.
Onun sözlərinə görə, 2010-cu ildən sonra rəqəmsallaşma prosesi başlanıb və torpaqlar Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin sərəncamına verilib:
“Nəzərə almaq lazımdır ki, qanunvericiliyə uyğun olaraq yeni yaranan torpaq sahələri, xüsusilə süni adalar şəklində formalaşan ərazilər də dövlət torpaq kadastrına daxil edilməlidir. Bu çərçivədə həmin torpaqların dönmə nöqtələrinə görə koordinatları müəyyən olunduqdan sonra, qanunvericiliyə uyğun sənədləşmə aparılacaq və Azərbaycan Respublikasının torpaqların dövlət reyestrində öz əksini tapacaq”.
Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov bildirib ki, məsələ ilə bağlı müvafiq komissiya qərar qəbul etməlidir:
“Nazirlər Kabineti də həmin komissiyanın qərarına əsasən rəy verməlidir. Çünki uzun illərdir Xəzər dənizində suyun səviyyəsində dəyişikliklər müşahidə olunur – bəzən artır, bəzən isə azalır. Son illərdə səviyyənin azalması nəticəsində yeni torpaq sahələri – ərazilər meydana çıxır.
Qaydalara gəlincə, burada müsbət tərəf ondan ibarətdir ki, həmin ərazilər dəniz sahilində yerləşdiyindən, turizm baxımından maraqlı ola bilər.
Bu isə iaşə obyektləri və ya apartament tipli yeni tikili layihələri ilə məşğul olan biznesmenlərin diqqətini cəlb edə bilər. Yeni layihələrin həyata keçirilməsi mümkündür. Məsələn, “Sea Breeze” layihəsini göstərmək olar – artıq 2-3 ildir ki, bu layihəyə start verilib və gələcəkdə təxminən bir milyon insana xidmət göstərəcəyi nəzərdə tutulur. Belə layihələrin nümunəsini Dubaydan da gətirmək olar”.
M.Rüstəmov əlavə edib ki, digər ölkələrdə bu cür ərazilər ada kimi sənədləşdirilir və bu, dövlət büdcəsinə də xeyir verir:
“Çünki burada satınalmalar həyata keçirilir və nəticədə dövlət büdcəsinə əlavə vəsait daxil olur. Mən prosesi yalnız müsbət qiymətləndirirəm. Lakin bir daha qeyd edirəm ki, bu sahədə xüsusi mütəxəssislər çalışmalıdır. Onlar ərazinin landşaftını araşdırmalı, nümunələr götürməli, dəniz səviyyəsini nəzərə alaraq qərar qəbul etməlidirlər. Unutmaq olmaz ki, 3-5 ildən sonra dəniz səviyyəsi yenidən arta və həmin ərazilər əvvəlki vəziyyətinə qayıda bilər”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta