Almaniyanın “Borussiya” (Dortmund) klubunun sol cinah hücumçusu Ceymi Gittens bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Çelsi”nin rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 7 illik – müddəti 2032-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “zadəganlar”a 64,3 milyon avro məbləğ müqabilində başa gəlib.
Ceymi Bayno-Gittens futbola “Ridinq”də qədəm qoyub və yeniyetməlik dövrünü “Çelsi”, “Mançester Siti” və Dortmund “Borussiya”sında keçirərək, “eşşəkarıları” ilə böyük futbolda debüt edib.
2024/2025-ci illər mövsümündə Bayno-Gittens “Borussiya” üçün 49 oyun keçirib, 12 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
İngiltərəli futbolçunun “eşşəkarıları” üçün çıxışının ümumi mənzərsi isə 107 oyun, 17 qol və 14 məhsuldar ötürmədən ibarətdir.
Ceymi Gittens İngiltərənin U-15, U-16, U-18, U-19, U-20 və U-21 yığmalarına cəlb edilib, “üç şir”in əsas yığmasına isə hələ dəvət almayıb.
Ceymi Bayno-Gittensin qənimətlər muzeyində qazandığı qənimətlər aşağı yaş dəstələri üzrə komandaların adı ilə bağlıdır: “Mançester Siti”nin U-18 komandası ilə İngiltərə çempionluğu (2019/2020), Dortmund “Borussiya”sının U-19 komandası ilə Almaniya çempionluğu və İngiltərənin U-19 yığması ilə Avropa çempionluğu (2022).
“Transfermarkt” internet-portalı 20 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.