AZ

Burada gələcəyin çempionları yetişir

Neftçala Olimpiya İdman Kompleksi yeniyetmə və gənclərin

sevimli ünvanıdır

 

İdmanın inkişafı bu gün dövlətimizin prioritet istiqamətlərindəndir.

Bütün məsələlər kimi, bu mühüm sahə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu

uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun sayəsində

ölkənin hər yerində Olimpiya İdman kompleksləri, idmanın ayrı-ayrı növləri üzrə

mərkəzlər tikilir, idman qurğuları lazımi avadanlıqlarla təchiz edilir, kadr

potensialı möhkəmləndirilir.

İdman sahəsində görülən tədbirlər gənclərimizin fiziki və mənəvi

cəhətdən möhkəmlənməsinə, onların asudə vaxtlarının səmərəli keçməsinə, gənclərin

pis vərdişlərdən uzaqlaşmasına, onlarda vətənpərvərlik hisslərinin güclənməsinə,

fəal vətəndaşlıq mövqeyinin inkişafına vəsilə olur. Azərbaycan gənclərinin müntəzəm

olaraq idmanla məşğul olması nəticədə onların hərbi sahədəki uğurları ilə

birbaşa bağlıdır. 44 günlük Vətən müharibəsində bu cəhət özünü bariz şəkildə

göstərdi. Şuşa kimi alınmaz qalanın mənfur düşməndən heç bir hərbi texnika tətbiq

etmədən təmizlənməsində gənc əsgərlərimizin idmançı çevikliyinin, igidliyinin,

cəsurluğunun necə böyük rol oynadığı hamının yadındadır.

Azərbaycan idmançıları müxtəlif növlər üzrə keçirilən beynəlxalq

yarışlarda uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxır,

bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər. Bunlar hər bir azərbaycanlının

qəlbini qürur hissi ilə doldurur. İdmançılarımız qazandıqları qələbələrə görə

dövlət tərəfindən yüksək mükafatlarla təltif olunurlar. Məhz bunların nəticəsidir

ki, ölkəmizdə bu gün idman və bədən tərbiyəsi kütləvi hal almışdır.

Neftçalada idmanın zəngin ənənələri var. Keçən əsrin

60-80-ci illərində rayonda idmanın boks, ağırlıqqaldırma, futbol növləri üzrə

uğurlu nəticələr əldə olunub. Respublika, eləcə də keçmiş SSRİ miqyasında

keçirilən müxtəlif yarışlar və turnirlərdə uğurlu çıxış edən rayonun

idmançıları Azərbaycanın, o cümlədən doğulub boya-başa çatdıqları Neftçalanın

idman şərəfini layiqincə qorumuşlar. İdman ustası titulunu daşıyan həmin

idmançılar yaşlı nəslin nümayəndələri tərəfindən bu gün də xoş və unudulmaz

xatirələrlə anılırlar.

Adından da göründüyü kimi, Neftçala neft ərazisidir. Burada

neft və qazçıxarma, yod-brom, kimya və balıqçılıq müəssisələri uzun illərdən bəri

mövcuddur. Yaxın keçmişə qədər həmin idarələr tam gücləri ilə fəaliyyət göstərirdi.

Bu müəssisələrdə çalışan cavanlar rayonda idmanın inkişafına da öz töhfələrini

vermişlər. İndi SOCAR-ın

balansında olan futbol stadionu o illərin yadigarıdır. Stadion bu gün

neft şirkətinin diqqət mərkəzindədir. Vaxtaşırı olaraq təmir edildiyi üçün

stadionda tez-tez yarışlar və digər kütləvi idman tədbirləri keçirilir.

Neftçala Olimpiya İdman Kompleksi isə 2022-ci ildən fəaliyyət

göstərir. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi kompleks 4 hektar ərazidə

salınmışdır. Möhtəşəmliyi ilə özündən əvvəlkilərdən fərqlənən Olimpiya

kompleksi memarlıq cəhətdən Neftçala şəhərinə xüsusi yaraşıq verir. Burada 770

yerlik universal zal, süni örtüklü açıq və qapalı mini-futbol meydançası, 224

tamaşaçı yerlik üzgüçülük hovuzu, aerobika, boks, ağır atletika, trenajor,

şahmat, gimnastika, güləş, taekvando-karate zalları, 28 nəfərlik kafe-restoran,

28 qonaq otağı olan mehmanxana, açıq havada idman meydançaları, qaçış zolağı,

digər köməkçi və texniki binalar var. Təcrübəli məşqçilərin təşəbbüsü ilə

kompleksə cəlb edilən yeniyetmələr və gənclər futbol, üzgüçülük, bədii

gimnastika, trenajor, boks, güləş, cüdo, ağır atletika, stolüstü tennis idman

növləri üzrə tərtib edilmiş qrafik əsasında müntəzəm məşq edir, seçdikləri

idman növünün sirlərini dərindən mənimsəyirlər. Və bütün bunlar, təbii ki, nəticəsiz

qalmır. Mirzəqurbanlı kənd tam orta məktəbin 8-ci sinif şagirdi Aynişan Rzazadə

bu yaxınlarda qızlar arasında keçirilən boks birinciliyində 48 kiloqram çəki dərəcəsi

üzrə gümüş medalın sahibi olmuşdur. Gimnastika üzrə məşqçi Flora Babaşova isə hər

həftə 3 dəfə Bakıdan Neftçala şəhərinə gələrək yeniyetmə qızlara bu zərif

idmanın sirlərini öyrədir. Çəkdiyi zəhmət də hədər getmir. Artıq neftçalalı

qızlardan ibarət 11 nəfərlik komanda formalaşıb. "Gimnastika hamı

üçün" layihəsi çərçivəsində bu günlər Bakıda keçirilən beynəlxalq tədbirdə

həmin komanda uğurla çıxış edərək 3-cü olmuşdur.

Kompleksdə vaxtaşırı dövlət qulluqçuları, müəllimlər, həkimlər,

tələbələr, şagirdlər arasında intellektual yarışlar, "Şahin" hərbi

idman oyunları, rayon və respublika birincilikləri keçirilir. Ölkənin ali məktəblərinin

müəllim-tələbə heyəti hər il bir neçə dəfə kompleksin qonağı olaraq fiziki

hazırlıqlarını möhkəmləndirir, Xəzərin sahilində yerləşən Neftçala şəhərinin

sosial həyatı ilə tanış olurlar. Elə bu yaxınlarda ayrı-ayrı günlərdə Sumqayıt,

Lənkəran, Zaqatala dövlət universitetlərinin tələbələri 3 gün kompleksdə həm

qonaq olmuş, həm də fiziki hazırlıqlarını möhkəmləndirmişlər.

Söz düşmüşkən onu da qeyd edək ki, Neftçala Olimpiya İdman

Kompleksində hər cür şərait olduğundan Neftçala Uşaq-Gənclər İdman Məktəbi bura

köçürülmüşdür.

Olimpiya idman kompleksində həyat, necə deyərlər, hər gün

bulaq kimi qaynayır. Yeniyetmələr, gənclər çiyinlərində idman çantası ya

kompleksə daxil olur, ya da məşqi başa çatdıraraq evlərinə yollanırlar. Onların

hər birinin çöhrəsində sevinclə bərabər, qələbə hissi də görmək olur. Bu,

Neftçalanın keçmiş idman şöhrətini yaxın vaxtlarda geri qaytarmaq inamından

doğan bir hissdir.

               

Seyran CAVADOV,

 "Azərbaycan"

Seçilən
23
4
azerbaijan-news.az

10Mənbələr