Avropa Həmkarlar İttifaqları Konfederasiyasının fikrincə, isti hava dalğaları zamanı işçilərin sağlamlığını qorumaq üçün vahid qaydalar hazırlamaq lazımdır. Konfederasiyanın bu qərara gəlməsinə səbəb Avropanı bürüyən istilərin artıq iş yerində ölümlərə səbəb olmasıdır.
İspaniya və Fransa bu il isti hava səbəbindən ilk olaraq iş yerində ölüm halları barədə məlumat veriblər. Oxşar faciələr artıq əvvəlki illərdə yay aylarında hər iki ölkədə, eləcə də İtaliya və Yunanıstanda baş vermişdir. Yaranmış vəziyyətlə bağlı Avropa Həmkarlar İttifaqları Konfederasiyası həyəcan təbili çalır. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, əsrin əvvəlindən bəri Avropa İttifaqında (Aİ) istilər səbəbindən iş yerlərində ölənlərin sayı 42 faiz artıb. Konfederasiya qeyd edir ki, temperatur 30°C-dən çox olduqda istehsalatda bədbəxt hadisələrin başvermə riski 5-7 faiz artır. Temperatur 38°C-dən yuxarı qalxdıqda isə risk 10-15 faiz yüksəlir.
Buna görə də konfederasiya işçilərin Avropa səviyyəsində müdafiəsi üçün tədbirlər görməyə çağırır. Konfederasiyanın katibi Giulio Romani deyib: "Biz riskləri təkcə havanın temperaturunu deyil, digər şərtləri də nəzərə alaraq qiymətləndirməliyik. Hesab edirik ki, tibbi müayinələr, monitorinqlər və dövri yoxlamalar hüququ olmalıdır. Və nəhayət, işçinin həddindən artıq istilərin onun həyatını təhlükə altına atdığına inandığı hallarda intizam tənbehi tədbirləri və sanksiyalar olmadan işdən kənarda qalmaq hüququ tanınmalıdır".
Aİ-də işçilərin 23 faizi iş vaxtının ən azı dörddə birində yüksək temperatura məruz qalır. Onların 36 faizi kənd təsərrüfatı və sənayedə, 38 faizi isə tikintidə çalışır.
Konfederasiya müxtəlif sənaye sahələri üçün maksimum iş temperaturunun təyin edilməsini tələb edir. Bloka üzv olan bəzi dövlətlərdə artıq bunlar var: Məsələn, Belçikada yüngül fiziki iş üçün 29, orta ağır fiziki iş üçün 26, ağır fiziki iş üçün 22 və çox ağır fiziki iş üçün 18°, Macarıstanda oturaq iş və yüngül fiziki iş üçün 31, orta ağır fiziki iş üçün 29 və ağır fiziki iş üçün 27°C-dir. Latviyada otaqda maksimum iş temperaturu 28°C-dən çox olmamalıdır. İspaniyada oturaq iş, məsələn, ofis işləri üçün maksimum iş temperaturu 27, yüngül fiziki iş üçün - 25°C-dir. Lakin bu məhdudiyyətlər bütün iş növlərinə, işçilərə və binalara şamil edilmir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"