Rəqabətin kəskin olduğu müasir bazar şəraitində şirkətlərin uğur qazanması üçün sistemlərini daim təkmilləşdirməsi və müştəri gözləntilərinə cavab verməsi vacibdir. Bu məqsədə çatmaqda "Kaizen" adlı yapon mənşəli fəlsəfə mühüm rol oynayır. Bu yanaşma müəssisələrdə israfın azaldılması və dəyərin artırılması üçün davamlı inkişafı təşviq edir.
Valyuta.az xəbər verir ki, “Kaizen” termini ilk dəfə 1986-cı ildə geniş yayılıb və o vaxtdan etibarən çevik istehsalatın (lean manufacturing) əsas tərkib hissəsinə çevrilib. “Kai” – dəyişiklik, “Zen” isə – yaxşılıq deməkdir. Birgə şəkildə “Kaizen” "yaxşı dəyişiklik" mənasını verir. Bu fəlsəfə təkcə istehsal sahəsində deyil, hökumət qurumlarında, maliyyə və səhiyyə təşkilatlarında, həmçinin fərdi inkişafla məşğul olan mütəxəssislər tərəfindən də geniş tətbiq olunur.
"Kaizen"in 5 əsas prinsipi
1. Müştərini tanı
Hər bir şirkət üçün müştəri sadiqliyi ən mühüm məqsədlərdən biridir. Ən yaxşı məhsul belə təqlid oluna bilər, lakin fərdi ehtiyaclara uyğun xidmət müştərini cəlb edir. Bu səbəbdən birinci prinsip müştərinin ehtiyaclarını, maraqlarını və gözləntilərini dərindən anlamağa yönəlib. Rəylər və təkliflər toplamaqla başlanğıc nöqtəsini müəyyənləşdirmək mümkündür.
2. Axını təmin et
“Kaizen” israfın minimuma endirilməsi ilə dəyərin artırılmasına yönəlir. İsraf təkcə materialla bağlı deyil, vaxt, resurs və ya lazımsız addımları da əhatə edir. Məqsəd – fasiləsiz, axıcı proses yaratmaqdır. Dəyişikliklər sistematik və kiçik addımlarla həyata keçirilməlidir. Məsələn, xammalı az miqdarda sifariş etməklə anbar ehtiyaclarını azaltmaq və ya təkrarlanan işləri avtomatlaşdırmaq mümkündür.
3. “Gemba”da olun
“Gemba” yapon dilində “əsl yer” deməkdir. Bu prinsip rəhbərlərin və qərarvericilərin istehsalat proseslərinin müxtəlif mərhələlərində fiziki olaraq iştirakını təşviq edir. "Gemba" gəzintiləri real vaxtda müşahidə aparmağa, işçilərlə birbaşa ünsiyyətə və prosesdə təkmilləşdirmə imkanlarını dərhal müəyyən etməyə imkan verir. Eyni zamanda bu, kollektiv ruhunu da gücləndirir.
4. İnsanları səlahiyyətləndir
"Kaizen"də dəyişikliklər təkcə rəhbərlik tərəfindən deyil, bütün işçilərin iştirakı ilə həyata keçirilir. Bu prinsip işçilərə öz vəzifə və sahələrinə nəzarət etmək imkanı verir. Məqsəd ortaq hədəflərə çatmaq üçün hər kəsin töhfəsini təmin etməkdir. İşçilər təkcə problemləri bildirməli deyil, eyni zamanda onların həlli yollarında da iştirak etməlidir.
5. Şəffaf olun
Dəyişiklik etmək kifayət deyil, bu dəyişikliklərin nəticələrini ölçmək vacibdir. Prosesin
monitorinqi və nəticələrin daha geniş auditoriya ilə bölüşülməsi sistemə inam yaradır, komandanı daimi təkmilləşdirməyə təşviq edir. Şəffaflıq həm də uğurların daha sürətlə yayılmasına səbəb olur.
"Kaizen" prinsiplərinin tətbiqinin üstünlükləri
Güclü əməkdaşlıq – "Kaizen" yanaşması komandadaxili və şöbələrarası əməkdaşlığı gücləndirir. Problemlərin birgə həlli işçilər arasında əlaqələri möhkəmləndirir və yeni perspektivlər formalaşdırır.
Artan səmərəlilik – Proseslər sadələşdirilir, lazımsız addımlar aradan qaldırılır, səhvlərin və resurs israfının qarşısı alınır.
Yüksək işçi məmnuniyyəti – "Gemba" gəzintiləri və işçilərin qərarvermə prosesinə cəlb olunması nəticəsində işçi motivasiyası və sadiqliyi artır.
Daha təhlükəsiz iş mühiti – Məsələn, iş yerlərinin yenidən təşkili ilə həm vaxt itkisinin, həm də qəzaların qarşısı alınır. Bu, həm məhsuldarlığı, həm də işçi təhlükəsizliyini təmin edir.
"Kaizen" prinsiplərini necə tətbiq etmək olar?
"Kaizen" hər təşkilatda fərqli şəkildə tətbiq oluna bilər. Aşağıdakı addımlar başlanğıc üçün faydalı ola bilər:
Təklif qutusu quraşdırın – Hər işçi fikir bildirməkdə özünü rahat hiss etmir. Təklif qutusu onların ideyalarını anonim və sərbəst şəkildə paylaşmasına imkan yaradır.
Kiçik dəyişikliklərə fokuslanın – Böyük islahatlar əvəzinə, kiçik və davamlı dəyişikliklər daha effektiv olur və az müqavimətlə qarşılanır.
Eksperimentlərə təşviq edin – Pilot layihələrlə dəyişikliklərin nəticələrini yoxlayın. Əgər uğurlu olarsa, bu yanaşmanı genişləndirmək mümkündür.
Uğurlu dəyişiklikləri standartlaşdırın – Müsbət təsir göstərən dəyişikliklər təşkilat üzrə vahid şəkildə tətbiq olunmalıdır.
Sərvanə Rəmixanova