Heç həyatınızda “bu işə girişsəm yəqin ki, uğursuz olaram, ən yaxşısı heç başlamayım” deyə düşündüyünüz olubmu? Yaxud qorxularınız üzündən sizə gələcəkdə böyük faydası dəyə biləcək fürsətlərdən imtina etdiyiniz vaxtlar olubmu?
Əmin olun, əksər insanlar həyatlarının müəyyən dövrlərində belə düşüncələrə qapılıb, bu cür qorxularla yaşayıblar. Uğursuzluq qorxusu insanı passivləşdirir, elə bir həddə çatdırır ki, artıq heç nə edə bilməz hala gəlirik. Ən böyük problem də məhz budur. Qorxu həyatımıza hökm etməyə başlayarsa, heç bir sahədə irəliləyə bilmərik və nəticədə qarşılaşdığımız saysız-hesabsız fürsətləri əldən verərik.
Valyuta.az bu yazıda uğursuzluq qorxusundan, onu necə yenə biləcəyimizdən danışacaq.
Uğursuzluq qorxusu nədir, səbəbləri hansılardır və bu qorxunu necə dəf edə bilərik?
Uğursuzluq qorxusunun səbəbləri
Bu qorxunun səbəblərini anlamaq üçün əvvəlcə "uğursuzluq" nədir, bunu düzgün dərk etməliyik.
Əslində, hər birimiz uğursuzluğu fərqli şəkildə dəyərləndiririk. Çünki hamımızın gözləntiləri, dəyərləri və inamları bir-birindən fərqlidir. Məsələn, sizin “uğursuzluq” adlandırdığınız bir vəziyyəti başqası dəyərli bir təcrübə kimi görə bilər.
“Atixifobiya” adı ilə də tanınan bu qorxu, bir insanın müəyyən məqsədləri olsa da, onları həyata keçirməkdən qorxması, nəticədə isə heç bir addım atmamasıdır. Bu qorxunun kökündə adətən uşaqlıqda yaşanan neqativ təcrübələr dayanır - daim tənqid olunan, dəstəksiz böyüyən uşaqlar böyüyəndə də eyni qorxunu daşıyırlar. Keçmişdə yaşanmış uğursuz hadisələr də (məsələn, pis keçən təqdimat və ya imtahan) illərlə insanı bu qorxuya məhkum edə bilər.
Uğursuzluq qorxusunun əlamətləri:
- Yeni şeylər sınamaq istəməmək, çətin layihələrdən uzaq durmaq
- Özünü sabotaj – tapşırıqları təxirə salmaq, həddindən artıq narahat olmaq
- Özünə inamın azlığı – “Heç vaxt yüksəlməyəcəm”, “Bu komandada yer almağa layiq deyiləm” kimi düşüncələr
- Mükəmməlçilik – yalnız yüz faiz əmin olduğun işləri qəbul etmək istəyi
Uğursuzluq bir baxış bucağıdır
Bəs sizcə uğursuzluğun yaxşı tərəfi nədir? Deyək: Ona necə yanaşdığınız.
Uğursuzluğu “hər şeyin sonu” kimi qəbul edə bilərsiniz və ya “mən necə də bacarıqsızam” deyə özünüzü günahlandıra bilərsiniz. Amma bu cür neqativ yanaşma əvəzinə, uğursuzluğu bir fürsət, bir dərs kimi dəyərləndirsəniz, bu sizə çox şey qazandıra bilər.
Bir iş uğurlu olmadıqda, hansı səhvləri etdiyimizi düşünməli və onlardan nəticə çıxarmalıyıq. Yalnız bu yolla inkişaf edə bilərik və eyni səhvləri təkrarlamamaq şansı əldə edərik.
Unutmayın, uğursuzluqla mübarizədən vaz keçmək, yalnız sizin qərarınızdır.
Uğursuzluqlar bizə nə öyrədir?
Uğursuzluq bəzən bizə həyatda heç vaxt öyrənə bilməyəcəyimiz dərsləri verir. Bu yolla, daxili gücümüzü kəşf edirik, kimlərin həqiqətən dost olduğunu anlayırıq, məğlubiyyətlə inad arasında fərqi dərk edirik, daha əzmkar olur, daha çox hədəfə fokuslanırıq.
Uğursuzluq həyatdan öyrənmək üçün bir fürsətdir.
Qorxuya təslim olmayın. Unutmayın ki, “cəhd etməmək” ən böyük uğursuzluqdur. Cəhd edin, öyrənin, inkişaf edin. Qorxularınızı öz xeyrinizə çevirin. Çünki uğur qorxunun deyil, cəsarətin yanındadır.
Günay