Ağa Hacıbəyli: “Məhərrəm ayında sosial yardımlaşma, ehtiyacı olanlara baş çəkmək, yardım etmək kimi xeyirxah əməllər kütləvi hal almaqdadır”
Son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin vətəndaşlara müraciətində bildirilib. Qeyd olunub ki, bu il də dindarlar Aşurada – iyul ayının 5-də humanist ənənəni davam etdirərək ehsan niyyəti ilə qan verərək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edə bilərlər. Qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulan məkanların siyahısı Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib. Bakı şəhəri üzrə 9 məntəqədə qanvermə aksiyası üçün şərait yaradılıb. Bunlar, Yasamal rayonu “Təzə Pir” məscidi, Nəsimi rayonu “Əjdərbəy” məscidi, Səbail rayonu “Bibiheybət” məscid ziyarətgahı, Xəzər rayonu “Mir Mövsüm Ağa” ziyarətgah kompleksi, Nizami rayonu “Sahib-Əz-Zaman” məscidi, Nizami rayonu Keşlə qəsəbəsi “Şah Abbas” məscidi, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Binəqədi rayonu “İmam Əli” məscidi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “İmam Rza” məscididir. Ölkəmizin regionlarında da xüsusi məntəqələr yaradılıb. Şuşa şəhər “Yuxarı Gövhər ağa” məscidi, Ağdam şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscid ziyarətgah kompleksi, Lənkəran şəhəri, Mərkəzi Qan Bankının bölməsi, Mingəçevir şəhər “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhər “İmam Əli” məscidi, Şirvan şəhər məscidi, Bərdə şəhər “İmamzadə” məscid ziyarətgahı, Quba şəhəri, Mərkəzi Qan Bankının bölməsi, Masallı şəhər “Cümə” məscidi, Masallı r-n, Boradigah qəsəbə xəstəxanası, Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası, Salyan şəhər Mərkəzi “Hacı Tağı” məscidi, Naxçıvan Muxtar Respublikasında isə “Heydər” məscidi, “Sarvanlar” məscidi, “Pirqəmiş” məscidində də muxtar respublikanın Babək, Ordubad, Culfa, Şahbuz, Sədərək, Şərur və Kəngərli rayonlarında xəstəxana və ayrı-ayrı tibb məntəqələrində qanvermə aksiyaları üçün şərait yaradılıb.

İlahiyyatçı Ağa Hacıbəylinin fikrincə, Aşura haqq və ədalətə aparan yoldur. Azərbaycan xalqı əziz islam peyğəmbəri Muhəmməd əleyhissalam və əhli-beytə sevgi və bağlılığını əsrlərdir qəlbində daşıyır, əməllərdə bu sevgiyə layiq olmağa səy göstərir:
- Bu gün xalqımız Kərbəla şəhidlərini Qarabağ şəhidləri, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, dövlətimizin bərqərar olması, bayrağımızın daim ucalıqda dalğalanması naminə canlarını qurban verən şəhidlərimizlə birgə anır. Aşura tədbirləri getdikcə əsl mahiyyətini özündə ehtiva etməyə başlayıb. Qanvermə aksiyaları xalqımız arasında geniş yayılıb. Vətəndaşlarımız heç bir çağırış olmadan bu savab işi yerinə yetirməyi özlərinə borc bilirlər. Əksər insanlarımız belə günlərdə digər xeyirxah işlər də görməyə can atırlar. Məhərrəm ayında sosial yardımlaşma, ehtiyacı olanlara baş çəkmək, yardım etmək kimi xeyirxah əməllər kütləvi hal almaqdadır. Kərbəla hadisəsinin məqsədi çox ağlatmaq yox, çox anlatmaqdır. Kərbəla hadisəsinin əsl mahiyyəti anlaşıldıqca, insanlarımız dinimizin daşıdığı xeyirxah missiyanı da daha yaxşı anlayacaqlar. Bu, bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına aparan yoldur.