AZ

Bakını “ayıltmaq” istəyənlər üçün “pozdno Rita” məntiqi

Rusiyanın “Svobodnaya pressa” nəşri politoloq, Dünya İqtisadiyyatı və Siyasəti Fakültəsinin dekanı Andrey Suzdaltsevdən Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü haqqında geniş müsahibə götürüb. Dekanın görüşə imperiya adamının təfəkkürü prizmasından yanaşmasında qeyri-adi heç nə yoxdur, amma müsahibənin sonunda dekanın iki məsələyə münasibəti diqqətimi çəkdi. Jurnalist sual verir:

“Azərbaycanın dominantlıq etmək istəyini nəzərə alaraq, Rusiya Qafqazdakı geosiyasi vəziyyətdən hansı nəticələr çıxara bilər?”

Cavab: “Xüsusi hərbi əməliyyat başa çatdıqda, biz postsovet məkanının digər dövlətləri ilə məşğul olacağıq. Çox güman ki, artıq dostluğa bel bağlamağa dəyməz, əlaqələri milli maraqlarımız əsasında qurmalıyıq. Azərbaycana gəlincə, orada Əliyevdən başqa müxalifət də var. Rusiyanın onların nümayəndələri ilə əməkdaşlığı Bakını ayıltmalıdır”.

suzdaltsev-2.png

İlk olaraq postsovet məkanına aid deyilənlər haqqında. Bu, bir dekanın mövqeyi deyil, Rusiyanın rəsmilərinin, deputatlarının, siyasi şərhçilərinin, jurnalistlərinin, teleqram kanallarında bloqerlərinin, nəhayət, bütöv Rusiya cəmiyyətinin təfəkkürünə hakim kəsilmiş imperiya ambisiyalarından qaynaqlanan bir baxışdır. Mənbə isə prezident Putinin illərdir apardığı siyasətidir. Tez-tez eşitdiyimiz “Ukrayna bitsin, növbə…” — bəli, Rusiya üçün, daha doğrusu Kremlin xəyalları üçün növbədə postsovet, postsosialist ölkələri, hətta bütövlükdə bəşəriyyət var. Amma hiss olunur ki, ilk hədəf Azərbaycan və nə qədər qəribə səslənsə də, Ermənistandır. Artıq Ermənistanda da normal düşüncə sahibləri dərk edirlər ki, Azərbaycan və Ermənistan bir-biri üçün təhlükə deyil. Onlar üçün vahid təhlükə mənbəyi şimaldır.

Dekan deyir ki, “artıq dostluğa bel bağlamağa dəyməz”. Guya Rusiya bizi dost bilirdi? Rusiyanın dostu olmayıb (hətta İran belə 12 günlük savaşdan sonra Rusiyaya etimad göstərmir), yalnız zor gücünə özünə tabe etdirdiyi, təsir və təhdid altında saxladığı dövlətlər, xalqlar olub. Bu gün bəzi postsovet ölkələri Rusiya ilə hansısa təşkilatdadırsa, bu Moskvanı istədiyindən, sevdiyindən, özünə arxa bildiyindən deyil, məhz Rusiyadan qorxduğundan, ondan gələn təhlükəni bildiyindən Rusiya ilə məcburən bir yerdədir. KTMT, AİB, MDB və sairə bu qəbildəndir. Rusiya istər SSRİ dövründə, istərsə də indi ənənəvi yanlış siyasətini davam etdirdiyindən itirə-itirə gedir və indiki mərhələdə təsir mexanizmləri sürətlə zəifləyir. Rusiyanın indiki “növbə kimin olacaq” hədəsi Napoleonun Vaterloo cəhdini və nəticə olaraq məğlubiyyətini xatırladır.

1751655060_7fdb064e41252aeb36d7f.jpg

İkinci məsələ — “Azərbaycanda başqa müxalifət də var” haqqında. Rusiya Azərbaycana təzyiq etmək üçün müstəqilliyin ilk illərində və sonralar da onlara nisbətən yaxın olan siyasi qüvvələrdən istifadə etməyə cəhdlər edib. Amma Qarabağ qələbəsindən sonra Azərbaycanda Rusiyaya hansısa şəkildə bağlı olub hakimiyyət uğrunda mübarizə aparan elə bir siyasi qüvvə varmı? Azərbaycanda müxalifət var. Amma hakimiyyətə gəlmək naminə Rusiyaya arxalanan heç bir müxalif qüvvə yoxdur. Ayrı-ayrı “5-ci kolon” kimi tanıdıqlarımız və sovet nostalgiyası ilə yaşayanlar, sinələrinə Georgi lenti taxanlar, şəxsi mənafeləri naminə Rusiyaya simpatiya bəsləyənlər və sair bu tip insanlar ola bilər, amma onlar siyasi qüvvə səviyyəsində deyillər və ola bilməzlər də. Hətta belələri bilir ki, bir addım atsalar, Azərbaycan xalqı onları vətən xaini kimi qəbul edəcək. İmişlidəki hadisəyə reaksiyanı unutmasınlar.

Əlbəttə, Rusiya xüsusi xidmət orqanları bu illərdə boş dayanmayıb və bütün sahələrdə casus əldə etmək istiqamətində cəlbetmələrlə məşğul olub. Onların içərisində müxtəlif kateqoriyalı səlahiyyətli şəxslərin, yəni təsir agentlərinin olması barədə zaman-zaman məlumatlar yayılıb. Amma hesab edirəm ki, o qəbildən olanların bəziləri artıq tarixin arxivinə, bəziləri də zibilliyinə atılıb. Onların baş qaldırması mümkün deyil.

1751655047_b9a5f32556afd95b61086.jpg

Ona görə də “Rusiyanın onların nümayəndələri ilə əməkdaşlığı Bakını ayıltmalıdır” deyən dekan və onun kimi düşüncəyə sahib olan Rusiya siyasiləri bilsinlər ki, Bakı çoxdan ayıqdır və təhlükənin haradan, necə gəldiyini, nəyə əsaslandığını yaxşı bilir. Anladığınız dildə: Tak çto, “pozdno Rita”.

P.S. Qeyd edək ki, müsahibəni götürən jurnalist İrina Maşina müsahibindən fərqli olaraq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücü haqqında real olan məsələləri düzgün olaraq vurğulayıb və Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, Mərkəzi Asiya və Körfəz ölkələri arasında da böyük nüfuza sahib olduğunu faktlarla göstərib.

Xüsusi olaraq Musavat.com üçün

Seçilən
22
46
musavat.com

10Mənbələr