İyul ayında Türkiyənin Rize bölgəsinə qar yağması ölkəmizdə də narahatlıqla qarşılanıb. Yay mövsümündə qeydə alınan bu nadir təbiət hadisəsi sakinlərin təəccübünə səbəb olub. Bildirilir ki, hazırda Azərbaycanda da hava şəraiti fəslə uyğun deyil.
Regionda müşahidə olunan hava durumu Azərbaycana da təsir edə bilərmi? Belə halların fonunda ölkəmizdə iyul ayında qar və intensiv yağıntıların qeydə alınması mümkündürmü?
Referans bildirir ki, Globalinfo.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, Türkiyədə iyul ayında müşahidə olunan qar yağıntısı qeyri-adi hal deyil:
“Çünki Rizə bölgəsi dağlıq ərazidə yerləşir və 2000-3000 metr yüksəklikdədir. Belə yerlərdə, xüsusilə də yay aylarında şimaldan daxil olan soyuq hava kütlələrinin təsiri ilə zaman-zaman qar yağıntısı baş verir. Bu, bölgə üçün təbii və dövri baş verən bir hadisədir. Yəni, nə bir ilkdir, nə də anomaliyadır. Sadəcə olaraq, şimaldan gələn soyuq hava kütlələri havanın temperaturunu kəskin şəkildə aşağı salır və bu da yağıntının qara çevrilməsinə səbəb olur. Ümumiyyətlə, Rizə və Qara dəniz bölgəsi Türkiyənin ən çox yağıntı düşən ərazilərindəndir. Hündür dağlıq zonalarda isə temperatur tez düşdüyünə görə qarın olması normaldır. Bu hadisə hər neçə ildən bir təkrarlanır”.
Ekspert bildirib ki, bu il Azərbaycanda da yay sərin keçir:
“Artıq yayın ilkin mərhələsi başa çatıb və havalar qeyri-adi dərəcədə sərin olub. Bu, subtropik iqlimə xas olmasa da, şimaldan gələn soyuq hava axınlarının nəticəsidir. Atmosferdə hava kütlələri tez-tez dəyişdiyindən, Arktikadan gələn soyuq hava bölgəmizə qədər gəlib çıxır. Hərçənd bu hava kütlələri isti zonalara daxil olduqda soyuqluğunu nisbətən itirir, buna baxmayaraq, külək vasitəsilə təsirini göstərməyə davam edir. Hazırda ölkənin bir çox yerində güclü küləklər əsir. Bu da havanın sərin keçməsinə və müxtəlif problemlərə gətirib çıxarır. Çimərliklərə, dənizkənarı kafe və restoranlara müştəri axını azalıb”.
Mütəxəssis qeyd edib ki, iyul ayında, adətən cənub və cənub-şərqdən gələn isti küləklər müşahidə olunur:
“Lakin bu il şimaldan daxil olan soyuq hava kütlələri nəticəsində küləklər sərinlik gətirir. Ümid edirik ki, iyulun ikinci yarısında havalar daha isti keçəcək və insanlar yay fəslini hiss edə biləcəklər. Amma bununla, dərhal “iqlim dəyişdi” deməyə ehtiyac yoxdur. Azərbaycan ərazisində temperaturun 40 dərəcəyə qədər yüksəlməsi tamamilə normaldır və narahatlıq doğurmamalıdır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta