
Qırğızıstan artıq Rusiya vətəndaşlarına vətəndaşlıq vermir.
Yeniavaz.com xəbər verir ki, bu barədə xarici pasportların alınmasında vasitəçi kimi tanınan Mixail Juxovitski məlumat verib.
Juxovitski xəbərdarlıq edib ki, rusiyalılar artıq Qırğızıstan vətəndaşlığı ala bilməzlər. Onun sözlərinə görə, 2025-ci il yanvarın 24-dən sonra vətəndaşlıq almağa çalışan şəxslər dələduzluq qurbanına çevrilə bilərlər.
“Heç bir məbləğə, heç bir şərtlə. Əgər siz sənədləri 24 yanvar 2025-ci ildən sonra təqdim etmisinizsə, sizi sadəcə aldadıblar. Ölkədə vəhşi şəkildə avans toplanır. Bütün bu icraçılar, vasitəçilər, məmurlar bilir ki, bu pullar aldadılmaq üçün toplanır”, - deyə o, “Telegram” kanalında yazıb.
Juxovitskinin sözlərinə görə, dördtərəfli saziş üzrə sənəd qəbulu da artıq işləmir. Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi (GKNB) və Daxili İşlər Nazirliyi, bu ilin 24 yanvarından sonra rusiyalıların heç bir müraciətini qəbul etməyib və qəbul etməyəcək.
O, rusiyalılara “Qırğızıstanı unudun” məsləhətini verib və qeyd edib ki, indi vətəndaşlıq vəd edən vasitəçilər yalnız avans alıb insanları aldadırlar.
Posta şərh yazanlar bildirirlər ki, son illərdə Qırğızıstan rusiyalılara kütləvi şəkildə vətəndaşlıq verib, bu isə ölkəyə “sanksiya sxemlərinin dəyişdiricisi” kimi reputasiya qazandırıb. Nəticədə, Qırğızıstan vətəndaşlığı riskli hesab edilməyə başlanıb.
Bu səbəbdən Qərb bankları Qırğızıstan pasportu olan şəxslər üçün hesab açmaq və bank xidmətləri göstərmək şərtlərini sərtləşdiriblər. Bunlara SWIFT köçürmələrinin bloklanması, sərt “compliance” yoxlamaları və hətta xidmətlərdən tam imtina daxildir.