“Çelsi”nin hücumçusu Joau Feliks sabiq klubu “Benfika”ya mümkün dönüşü barədə danışıb.
90deqiqe.Az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu hazırda Lissabon təmsilçisini çalışdıran Brunu Laj barədə də müsbət fikirlər səsləndirib.
“Brunu Laj mənim tanıdığım və karyeramda mühüm rol oynamış bir məşqçidir. O, qərarımı dəstəkləyir. “Benfika”ya qayıtmaq fikrim məni sevindirir. Çox güman ki, ən çox istədiyim də budur. Evdə olma ehtiyacını hiss edirəm. Buna görə də “Benfika” hazırda ağlımdan keçən variantlardan biridir.
Hamı bilir ki, “Benfika” mənim qəlbimdə olan klubdur. Bir gün mütləq geri dönəcəyəm. Bu, indi baş verəcək, ya da gələcəkdə – bunu dəqiq bilmirəm. Bir neçə seçimim var: ya İngiltərədə qalıram, ya da “Benfika”ya dönürəm”
Qeyd edək ki, 24 yaşlı hücumçu “Benfika”nın sistemində 2015–2019-cu illərdə çıxış edib. O, ötən mövsümün ikinci yarısını “Milan”da icarə əsasında keçirib və A Seriyasında 15 oyunda 2 qol vurub.