Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında yerləşən mağarada baş vermiş qaz zəhərlənməsi nəticəsində 5 hərbçinin şəhid olduğunu açıqlayıb. Hadisə “Pençe Kilit” əməliyyatı çərçivəsində baş verib.
KONKRET.az xəbər verir ki, nazirliyin məlumatına görə, 852 metr yüksəklikdə yerləşən təpədəki mağarada axtarış aparan 19 nəfərlik hərbi qrup piyada baş leytenantı Nuri Melih Bozkurta aid cəsədin tapılması tapşırığını yerinə yetirirmiş. Bozkurta 2022-ci ildə terrorçuların açdığı atəş nəticəsində şəhid olmuşdu, lakin meyiti indiyə qədər tapılmamışdı.
“Mağarada çalışan 19 hərbçimiz metan qazına məruz qalıb. Onların hamısı dərhal xəstəxanaya çatdırılıb. Görülən bütün tibbi müdaxilələrə baxmayaraq, 5 əsgərimiz xilas olunmayıb. Digər 14 nəfərin müalicəsi davam edir,” – deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərə şəfa diləyirik. Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk.
Natiq Səlim,
KONKRET.az