Portuqaliyanın “Unian Santarem” klubunun yarımmüdafiəçisi Dioqo Balau bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Şamaxı” növbəti mövsümə heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Əyalət klubu portuqaliyalı yarımmüdafiəçi Dioqo Balaunu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 2 illik (1+1) müqavilə imzalanıb.
Balau son olaraq Portuqaliyanın “Unian Santarem” klubunda çıxış edib. O, 2024-cü ilin yayında qoşulduğu bu komandanın heyətində 29 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Portuqaliyalı futbolçu “Jammerburq”, “Serpa”, “Vitoriya” (Setubal) və “Barreyrense” kimi klublarda da çıxış edib.
“Şamaxı” daha öncə Emil Süleymanov, Oruc Məmmədov və Həbib İsmayılovu da heyətinə qatmışdı. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli ilə də yeni müqavilə imzalanıb. Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov və Vüsal Məsimov isə əyalət klubundan ayrılıblar.