AZ

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı artır  

ABŞ-ın Texas ştatında bazar günü baş vermiş fəlakətli daşqın nəticəsində ölənlərin sayı azı 78 nəfərə çatıb. Həlak olanların arasında 28 azyaşlı var. Yay düşərgəsində itkin düşən qızların axtarışları davam edir və daha çox daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

AZƏRTAC xəbər verir ki, Texas ştatındakı Hill qraflığının Kerr dairəsinin polis rəisi Lerri Leyta selin episentri olan bu ərazidə daşqınlar nəticəsində 28-i uşaq olmaqla 68 nəfərin öldüyünü bildirib. Bazar günü günortadan sonra mətbuat konfransında məlumat verən Texas qubernatoru Qreg Ebbott ştatın başqa yerlərində daha 10 nəfərin öldüyünü və 41 nəfərin itkin düşdüyünü təsdiqləyib. Bu barədə “Reuters” agentliyi xəbər verib.

Prezident Donald Tramp həlak olanların ailələrinə başsağlığı verib və bölgəyə səfər edəcəyini bildirib.

Leyta bildirib ki, daşqınların ən fəlakətlisi xristian qızların təxminən bir əsrlik yay düşərgəsi olan “Camp Mystic”də baş verib. Burada 10 düşərgə iştirakçısı və bir məsləhətçi hələ də itkindir.

Təbii fəlakət iyulun 4-də, cümə günü Texasın mərkəzini vuran güclü yağışlar nəticəsində yaxınlıqdakı Qvadalupe çayının sahilində daşqından sonra baş verib.

Rəsmilər şənbə günü bildiriblər ki, San-Antoniodan təxminən 90 mil (140 km) şimal-qərbdə yerləşən bölgədə qəfil fırtına və 38 santimetrə qədər yağışdan sonra bəziləri ağaclara çıxmış 850-dən çox adam xilas edilib.

Bəzi ekspertlər federal işçilərin işdən çıxarılmasının məmurların daşqınların şiddətini dəqiq proqnozlaşdıra və fırtınalar öncəsi xəbərdarlıq edə bilməməsinə səbəb olduğunu bildirirlər. .

NOAA-nın Okean və Atmosfer Tədqiqatları Ofisinin keçmiş direktoru Rik Spinradın dediyinə görə, ABŞ hökuməti bu qurumda minlərlə işçini ixtisar edərək bir çox hava xidmətlərinin kadr bazasını zəiflədib.

Daşqın cümə günü səhər saatlarında başlayıb, gözləniləndən daha güclü yağış çayların səviyyəsini 9 metrə çatdırıb.

Seçilən
1
38
azerbaijan-news.az

10Mənbələr