AZ

“Tezliklə Putin özü  İlham Əliyevə zəng edəcək və olanlarla bağlı üzr istəyəcək...”

“Xankəndi sammitinin təsirini tezliklə Rusiya öz üzərində  hiss edəcək, çünki Azərbaycana qarşı getsə və yaxud gərginlik yaratsa, Şimal-Cənub dəhlizi işləməz, bu isə Rusiyanın geriyə çəkiləcəyinə ümid verir...”
 
“İyunun 27-dən bəri, yəni Yekaterinburqda həmvətənlərimizə qarşı rəsmi qurumların törətdiyi işgəncə, ölüm və kütləvi həbslərlə nəticələnmiş məlum olaylardan sonra Rusiya və Azərbaycan arasında baş verənlər haqda gəldiyiniz son nəticə nədən ibarətdir? Bəs bundan sonra şimal qonşularımızla münasibətlərimizin və orada yaşayan milyonlarla soydaşımızın taleyini necə görürsüz?”
 
Bu sualla müraciət etdiyimiz siyasi analitik Tahir Cəfərli Moderator.az-a açıqlamasında aşağıdakıları söyləyib: 
 
“Hər şeydən əvvəl, üzvləri həlak olmuş, işgəncəyə məruz qalmış azərbaycanlı ailələrinə  səbir diləyirik. Qoy ulu Tanrımız ölənlərə rəhmət eləsin, yaralıları da qorusun. Əlbəttə ki, bu hadisələri azərbaycanlılara qarşı Rusiya hökumətinin törətdiyi vəhşilik kimi qiymətləndiririk. Hər halda, dərinə getsək, heç bir günahı olmayan insanlara qarşı bu vəhşilik Rusiyaya  şərəf gətirmir. Əksinə, bu haqdisə Rusiyanı əhatə edən postsovet respublikalarına ayıq olmaq mesajını göndərir. Bununla belə, baş vermiş hadisələrin arxasında nə durduğunu da təhlil etməliyik. Bu hadisələr arxasında Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş  təzyiqlərin olduğu su kimi aydındır. Rusiya rəhbərliyi bunu etməklə, Azərbaycana ciddi təzyiqlər edir ki, Azərbaycan həmişə olduğu kimi, onun strateji partnyoru olaraq qalsın. İndiki geo-siyasi şəraitdə Azərbaycan Rusiyaya görə bütün ölkələrlə düşmən ola bilməz, çünki qüdrətli regional dövlətə çevrilmişdir və ona qarşı gedən dövlətlərə qarşı sinə gərməyə qadirdir...
 
Azərbaycan təyyarəsinin Rusiya  səmasında vurulması, baş verən faciənin günahkarlarının  tapılmaması və yaxud  cəzalandırılmaması, Azərbaycan tərəfinin tələblərinə etinasız yanaşılması, əlbəttə ki, xalqımız tərəfindən çox pis qarşılanmışdır. Odur ki, 9 mayda Azərbaycan Prezidenti Moskvaya uçmadı. Bununla belə, 12 iyunda  Prezident İlham Əliyev Vladimir Putinə zəng vurub, onu Rusiya günü münasibəti ilə təbrik etdi...
 
Azərbaycan bu günə qədər  Rusiyaya qarşı heç bir düşmənçilik hərəkətləri etməyib, Rusiya isə əksinə, anti-Azərbaycan təbliğatından əl çəkmir. Bundan əlavə, Azərbaycanı Rusiyaya  düşmən etmək istəyən qüvvələr də dinc durmurlar. Fikir verin, bəzi TV-lər və “Yutub” kanalları rusdilli məktəblərin bağlanması məsələsini ortaya atıblar. Məşədi İbad demişkən, heç hənanın yeridi?  Rusiya mediası bunlardan istifadə edib, olmayan hadisələri  yəni rus  məktəblərinin bağlanması məsələsini elə şişirdirlər ki, elə bil, bu hadisələr doğrudan da  Azərbaycanda  yer alıb. Əslində bütün bunlar yalandır. Belə  TV-lər dəliyə yel verib, əlinə bel verənlərdir. Bunu ortaya atanlar  əslində Azərbaycanda qarşıdurma salmaq istəyənlərdir, dərinə getsək, hörmətli Prezidentimizin siyasi rəqibləridirlər.
 
V.Putinin Ukrayna müharibəsinə getməklə, geo-siyasi bataqlıqda düşdüyü göz qabağındadır. Onun  Ukrayna xalqına qarşı etdikləri ilə ağlı başında olan bir siyasətçi razılaşmaz. Bundan əlavə, Rusiyanı baş alıb gedən şovinizmə rəhbərlik edən Rusiya Dumasının rəhbərləri V. Volodin, P.Tolstoy və s. qeyri-ruslara qarşı qaragüruhçu mövqeyi tutublar, bunlar da SSRİ-ni dağıdanlar kimi Rusiyanı parçalayacaqlar. 
Azərbaycanlılara qarşı Yekaterinburqdakı hadisələr SSRİ dağılma ərəfəsindəki hadisələri xatırladır. Milli zəmində qarşıdurma indi də Rusiyanı dağıdacaq...
 
Biz bir şeyi bilməliyik. Ayının min oyunu var, bir armudun üstündə. Bu geo-siyasi “armud” Zəngəzur dəhlizinin açılması və Şimal-Cənub dəhlizinin tamlığı ilə işlənməsidir. Bunda üç ölkənin Rusiya, Türkiyə və İranın maraqları vardır. Rusiyanın Azərbaycana  təzyiqinin əsasını elə bu, təşkil edir...
 
Xankəndi sammiti və ora İranın Prezidentinin gəlməsi bu  dəhlizlərin tamlığı ilə işləməsinə mane olan  faktorları aradan qaldırdı. Bu sammitin təsirini tezliklə Rusiya öz üzərində  hiss edəcək, çünki Azərbaycana qarşı getsə və yaxud gərginlik yaratsa, Şimal-Cənub dəhlizi işləməz, bu isə Rusiyanın geriyə çəkiləcəyinə ümid verir. Əlbəttə ki, Rusiya buna  getməz, tezliklə azərbaycanlılara qarşı bütün təzyiqləri dayandıracaq. Bizə elə gəlir ki, tezliklə V.Putin özü  Prezident İlham Əliyevə zəng edəcək və olanlarla bağlı üzr istəyəcək. Və bütün məsələlər öz məcrasına qayıdacaq...”
 
Təqdim etdi: Sultan Laçın
 
Seçilən
25
50
moderator.az

10Mənbələr