AZ

İstanbul Sənaye Palatası: 2024-cü ildə sənaye satışlarında azalma qeydə alınıb

BAKI, 7 iyul. TELEQRAF

İstanbul Sənaye Palatası (İSO) 2024-cü il üzrə “İkinci 500 Ən Böyük Sənaye Müəssisəsi”nin (İSO İkinci 500) nəticələrini açıqlayıb.

Teleqraf xəbər verir ki, siyahı əsasən Türkiyənin kiçik və orta ölçülü sənaye müəssisələrini əhatə edir.

Palatanın hesabatına əsasən, bu müəssisələrin istehsala əsaslanan satışları 2023-cü ildə 988 milyard lirə ikən, 2024-cü ildə 1 trilyon 393 milyard lirəyə yüksəlib. Nominal ifadədə bu göstərici 41 faizlik artım deməkdir. Lakin illik 41,1 faiz olan Yerli İstehsalçı Qiymət İndeksi (D-ÜFE) ilə düzəliş aparıldıqda, real satışların əslində cüzi – mində 1 nisbətində azaldığı görünür.

Qeyd edək ki, bu nəticə əvvəlki illərlə müqayisədə daha zəif göstərici hesab olunur. Belə ki, istehsaldan satışların real artımı 2022-ci ildə 10,4 faiz, 2023-cü ildə isə 5,2 faiz təşkil etmişdi. 2024-cü ildə real satışların aşağı düşməsi ardıcıl üçüncü il sənaye sektorunda real daralmanı göstərir.

İstanbu Sənaye Palatasından verilən açıqlamaya görə, bu zəifləmənin səbəbləri həm daxili, həm də xarici amillərlə bağlıdır. Belə ki, ötən ilin aprel ayından etibarən Türkiyədə tətbiq edilən sərt pul siyasəti daxili tələbatı zəiflədib. Xarici bazarlarda isə ixrac tələbinin aşağı düşməsi, artan maliyyətlərin qiymətlərə tam əks etdirilə bilməməsi, türk lirəsinin real dəyər qazanması və dolların möhkəmlənməsi şirkətlərin rəqabət imkanlarını zəiflədib.

2024-cü il reytinqində istehsaldan satış həcminə görə ilk yeri 4 milyard 186 milyon lirə ilə “İstanbul Asfalt Fabrikləri” tutub. İkinci yerdə 4 milyard 185 milyon lirə ilə “Yılmaz Redüktor”, üçüncü sırada isə 4 milyard 169 milyon lirə ilə “Boyteks Tekstil” qərarlaşıb.

Bu il siyahıya daxil olan şirkətlərin satış həcmi 1 milyard 820 milyon lirə ilə 4 milyard 186 milyon lirə arasında dəyişib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu aralıq 1 milyard 294 milyon – 2 milyard 958 milyon lirə arasında olmuşdu.

Qeyd edək ki, 2024-cü ildə "İSO İkinci 500" siyahısına 66 yeni şirkət daxil olub. Bununla yanaşı, ötən il "İSO 500" siyahısında yer alan 41 şirkət bu il "İkinci 500"-lüyə keçib. Son iki ildə isə ümumilikdə 393 şirkət reytinqdə yer alıb.

Hesabatda qeyd edilir ki, 2024-cü ildə şirkətlərin gəlirliliyinə ən ciddi təsir edən amillərdən biri maliyyə xərcləri olub. "İSO İkinci 500"də maliyyə xərcləri 45,4 faiz artaraq 95 milyard lirəyə çatıb. Eyni zamanda, əməliyyat mənfəəti 18,9 faiz azalaraq 118 milyard lirə təşkil edib. Nəticədə maliyyə xərclərinin əməliyyat mənfəətinə nisbəti 35,8 bənd artaraq 80,9 faizə yüksəlib.

Qeyd edək ki, İstanbul Sənaye Palatası bundan əvvəl 2024-cü ilə dair “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi” (İSO 500) reytinqini may ayında açıqlamışdı.

Seçilən
7
50
teleqraf.com

10Mənbələr