AZ

Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...


Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb. Bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə deyib.

E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, Minsk qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb. Belə bir vaxtda Ermənistanda konstitusiya ilə bağlı maarqlı proseslər cərəyan edir. Belə ki, hakimiyyət və onun qonaqları Ermənistan Konstitusiyasının 30-cu ildönümünü opera teatrında, jurnalistlər olmadan qeyd ediblər. Burada baş nazir Nikol Paşinyan növbəti dəfə təbrik mətnində Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib: “Ermənistan Respublikasının yeni konstitusiyaya ehtiyacı var, onun konkret məqsədi olmalıdır, o, bu gün Ermənistan Respublikasında artıq mövcud olan reallığı ifadə etməlidir. Bu reallıq ondan ibarətdir ki, Ermənistan Respublikası öz vətəndaşlarına deyir ki, vətən və dövlət artıq eyni deyil. Lakin bizim bütün əvvəlki dövrümüzdən, minillik tariximizdən fərqli olaraq, mesajımız çox aydın olmalıdır və xalqın azad iradəsi ilə qəbul edilmiş yeni konstitusiyanın məzmunlu ifadəsi olmalıdır”. Paşinyan yeni konstitusiyaya ehtiyacı onunla əsaslandırıb ki, onun elan etdiyi “Real Ermənistan” ideologiyası hazırkı konstitusiyaya görə tam ola bilməz. O, bayram müraciətində bir daha əvvəllər qəbul edilmiş konstitusiyaların legitimliyinə şübhə ilə yanaşdığını bildirib: “1995-ci ildən indiki konstitusiyaımız və ona düzəlişlər ən azı ciddi sual qoyub: onlar xalqın azad iradəsi ilə qəbul edilibmi?”. Paşinyan konstitusiyanın preambulasında qeyd olunan, onun fikrincə, münaqişə yaradan Müstəqillik Bəyannaməsindən danışmayıb. Amma bundan əvvəl dəfələrlə Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyanın mətnindən çıxarılmasının vacibliyini bildirib: “Müstəqillik Bəyannaməsinin mətnini yenidən oxuduqdan, araşdırdıqdan sonra əmin oldum ki, bu mətn Ermənistanın müstəqil dövlətinin və dövlətçiliyinin ola bilməyəcəyindən bəhs edir. Bunu deyirəmsə, o zaman deyə bilmərəm ki, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Əksinə, mənim fikrimcə, yeni konstitusiyanın mətnində ona istinad olmamalıdır. Amma onu da demək istəyirəm ki, qərarı Ermənistan xalqı verir, onun lehinə və əleyhinə arqumentlər gətirən isə təbii ki, siyasi qüvvələrdir”. Azərbaycan Ermənistan konstitusiyasından Qarabağın Ermənistana birləşdirilməsindən bəhs edən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Rəsmi Bakı bunu ərazi iddiası hesab edir. Paşinyan iddia edib ki, Azərbaycan konstitusiyaya dəyişiklikdən danışır, o isə tamamilə yeni konstitusiyadan danışır: “Söhbət tamamilə yeni konstitusiyanin qəbulundan gedir ki, bu da xalqın azad iradəsinin ifadəsi ilə etirazsız baş verməlidir ki, xalq konstitusiyanı və ondan irəli gələn hüquq sistemini özününkü hesab etsin, öz vətənində yaşamaq qaydası, Fars, Osmanlı İmperiyasından, yaxud Sovet İttifaqından kənarda, başqa xalqlardan deyil, özlərinin yaratdığı dövləti burada əks etdirsin”.

Opera teatrındakı tədbirdə prezident Vaaqn Xaçaturyanın təbrik nitqində diqqət mərkəzində olan məqam həm də hazırkı konstitusiyaya yenisi ilə əvəz olunması olub: “Konstitusiya ölü normalar toplusu deyil. O, canlı, dövrün impulslarına cavab verən, ictimai və dövlət həyatının təşkilindəki dəyişikliklərə reaksiya verə bilən canlı sənəd olmalıdır. Məhz bu konstitusiyanin əsas qabiliyyətini dəyərləri itirmədən qoruyub saxlamağa imkan verir”. Bayram tədbirini boykot edən “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan təəccüblənir ki, Paşinyan və digərləri konstitusiyanın prinsipləri qüvvədə olmadığı halda niyə onun qəbuluun ildönümünü qeyd edirlər. Marukyanın fikrincə, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin balansı pozulub: “Bu şəraitdə qonşu ölkə suverenliyimizə müdaxilə edəndə, konstitusiyamizi dəyişdirməyimizi, yeni gerb qəbul etməyimizi təkid edəndə, bu, 30 illik konstitusiyani süni şəkildə qeyd etməyin bir yoludur”. Konstitusiya Dəyişiklikləri Şurasının üzvü olan Marukyan təkid edir ki, baş nazir və komandası təbrik etmək əvəzinə, sadəcə olaraq konstitusiyanı pozmasalar, daha yaxşı olardı: “Parlament məhkəmə rolunu öz üzərinə götürüb və öz bəyanatı ilə hökmlər elan edir. Baş nazir öz konstitusion səlahiyyətlərinin həddini tamamilə aşaraq, konstitusiyaya zidd proseslərlə məşğuldur”. Minsk qrupuna gəlincə daha öncə Nikol Paşinyan Azərbaycana sülh sazişini və bu qrupun ləğvi ilə bağlı ATƏT-ə birgə ərizəni eyni vaxtda imzalamağı təklif edib: “Azərbaycan sazişin imzalanmasını rəsmi olaraq iki məsələ ilə əlaqələndirir. Bunlardan biri ATƏT-in Minsk qrupunun strukturlarının buraxılmasıdır. Mən dəfələrlə bəyan etmişəm ki, bu, Ermənistan üçün anlaşılan gündəmdir. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, münaqişə ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var? Lakin ATƏT-in Minsk qrupunun, ən azı, de-fakto daha geniş konteksti var və biz əmin olmaq istəyirik ki, Azərbaycan Minsk qrupunun buraxılmasını Azərbaycan ərazisində Azərbaycan-Ermənistan münaqişəsinin bitməsi və onun Ermənistanın suveren ərazisinə keçməsinə yönəlmiş addım kimi görmür”. Azərbaycan dəfələrlə belə bir niyyətinin olmadığını bildirib.

Tahir TAĞIYEV

Seçilən
19
50
baki-xeber.com

10Mənbələr