AZ

Bakının İrəvana son“ev tapşırığı” - axırıncı konstitusiya günü

Paşinyan qanunvericilik aktlarına dəyişikliyi mərhələli aparır, çünki birbaşa cəhd siyasi sonunu gətirə bilər

İyulun 5-i Ermənistanda konstitusiya günü qeyd edilib. Faktiki mövcud olmayan bir dövlətin konstitusiya günü. Çünki Ermənistan adında dövlətin bərqərar olmasına ən böyük əngəl elə onun indiki konstitusiyasıdır.

Ötən həftəsonu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan isə jurnalistlərə açıqlamasında bildirib ki, yaxın iki həftə ərzində konstitusiya islahatları üzrə şuranın iclası çağırılacaq və ondan sonra geniş ictimai müzakirələr təşkil olunacaq. Onun sözlərinə görə, yeni “Əsas Qanun”un mətni hazır deyil, bu səbəbə nazir indidən detalları açıqlamaqdan imtina edib. Qalyan bildirib ki, şura ilkin mərhələdə əsas prinsipləri müzakirə edəcək.

“Bəzi məsələlər üzrə aydınlıq olsa da, digərləri hələ açıq qalır. İctimai müzakirələrin nəticəsində çox şey dəyişə bilər,” - deyə o diqqətə çatdırıb. Qalyan həmçinin deyib ki, konstitusiya layihəsinin hazırlanması üçün əvvəlcədən müəyyən edilmiş vaxt dəyişməyib - sənəd gələn ilin yazında hazır olacaq. Referendumun vaxtı da hələlik qeyri-müəyyəndir. Buna müzakirələr nəticəsində qərar veriləcək.

Bu ilin yanvarında isə Qalyan bəyan etmişdi ki, Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı il parlament seçkilərinə qədər (iyun) hazır olmalıdır. Jurnalistlərin “Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın saxlanılıb-saxlanılmayacağı” ilə bağlı sualına cavab olaraq isə nazir bildirib ki, bu məsələyə Konstitusiya İslahatları Şurası qərar verəcək. Yəni bu da istisna deyil.

Məlum olduğu kimi, sözügedən istinadın konstitusiyadan çıxarılmasını rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün əsas şərt-tələbidir. İnsafən Paşinyan hökuməti bu yöndə səylər göstərir. O sırada “real Ermənistan” narrativi ilə xəstə erməni şüurunu “müalicə etməyə” çalışır. Radikal-revanşist düşərgədəki son həbsləri bu strategiyanın tərkib hissəsi sayanlar da var. 2025-ci ilin aprelində Nikol Paşinyan demişdi ki, konstitusiyanın yeni mətnində “Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, lakin buna Ermənistan xalqı qərar verəcək”.

İndiki konstitusiyanın son dəfə ildönümünün qeyd edildiyini deyə bilərikmi? Ədliyyə nazirinin yuxarıdakı açıqlaması nədən xəbər verir? Bakının verdiyi əsas “ev tapşırığı”nı Paşinyanın yerinə yetirməyə gücü, zamanı və iradəsi çatacaqmı?

Deputat

Günay Ağamalı

Deputat Günay Ağamalı Yeni Müsavat"a bildirdi ki, Ermənistanın mövcud konstitusiyası regionda sülhə və sabitliyə yönəlmiş çağırışlarla birbaşa ziddiyyət təşkil edir: “İyulun 5-də Ermənistanda qeyd olunan "konstitusiya günü" real müstəqil və sülhə hazır olan bir dövlətin hüquqi əsası olmaq deyil. Revanşist və separatçı ideologiyanın hüquqi daşıyıcısına çevrilib. Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərindən biri olan Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması tələbi tam hüquqi və siyasi əsaslara söykənir. Çünki həmin istinad Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yanaşmaları təşviq edir və gələcəkdə təxribatlara zəmin yaradır. Ermənistan ədliyyə nazirinin konstitusiya islahatları ilə bağlı verdiyi son açıqlama göstərir ki, Paşinyan hökuməti daxili müqavimətə baxmayaraq, bu istiqamətdə müəyyən addımlar atmağa çalışır".

Onun fikrincə, hələlik aydın olmayan məqamlar və bu istiqamətdə təşəbbüslər mövcuddur: “Bir məqamı da qeyd etmək istəyirəm ki, tərəflər arasında 6 oktyabr 2022-ci ildə Praqada Almatı bəyannaməsinə əsaslanan qarşılıqlı ərazi bütövlüyünün tanınmasına dair sənəd imzalanıb və bu hüquqi aktla rəsmi İrəvan de-yure olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Amma yaxşı anlayırıq ki, əgər hər hansı bir razılaşma ölkənin əsas qanununa uyğun deyilsə, onun yalnız kağız üzərində qalacağı qaçılmazdır. Məhz bu səbəbdən Ermənistan rəhbərliyinin konstitusiya islahatları keçirməsi zəruridir.

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri Azər Hüseynov isə Ermənistanın indiki konstitusiyasının sadəcə problemlər törətməkdən başqa heç bir işə yaramadığını qeyd etdi: “Ermənistanın indiki konstitusiyası nəinki dövlət quruculuğuna xidmət etmir, əksinə, onun beynəlxalq hüquqda legitim statusunu, qonşularla münasibətlərini və regional sülh səylərini çökdürən bir mətndir. Qısaca desək, Ermənistanın "konstitusiyası" mövcud olan deyil, problem doğuran bir sənəddir. Ermənistanın konstitusiyası təkcə hüquqi sənəd deyil - o, ideoloji bir bəyanatdır. Həm militarist, həm ekspansionist, həm də panerməni bir vəsiyyətnamə funksiyası daşıyır. Təsadüfi deyil ki, sənədin preambulasında Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağla bağlı iddialar açıq şəkildə yer alır. Bundan əlavə, Ermənistanın dövlət rəmzləri - bayraq, gerb və himn başqa bir dövlətin - Türkiyənin ərazisi sayılan Ağrı dağını özündə daşıyır. Bu cür simvollar təkcə şüar deyil, beynəlxalq hüquqa açıq hörmətsizlik və siyasi iddia formasıdır. Ən ciddi məsələ isə odur ki, Ermənistanın aparıcı siyasi partiyalarının proqram sənədlərində, rəsmi bəyanatlarında Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş iddialar bu gün də qüvvədədir. Bu, Ermənistanın daxili hüquqi məkanında sülhə və normallaşmaya zidd olan elementlərin strukturlaşdığını göstərir. Yəni məsələ təkcə konstitusiyaya istinad deyil".

Onun fikrincə, dəyişikliklər mərhələli aparılır, çünki birbaşa cəhd Paşinyanın siyasi sonunu gətirə bilər: “Unudulmamalıdır ki, Paşinyan artıq bir dəfə - 2020-ci ildə 44 günlük müharibədə məğlubiyyətə baxmayaraq yenidən xalqdan mandat alıb. Bu, erməni cəmiyyətində də dönüş yaşandığını göstərir. İndi Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi anlayır ki, "böyük Ermənistan" uydusu ilə yaşamaq mümkün deyil. Ermənistan reallığa qayıtmalı, qonşularla münasibətlərini normallaşdırmalı, regionda mövcud olmaq üçün hüquqi və siyasi doktrinasını dəyişməlidir. Əgər bu baş verməsə, Ermənistan növbəti onillikləri də iqtisadi blokada, geosiyasi təcrid və sosial çöküş içində keçirəcək. Sülh müqaviləsinin imzalanması yalnız sərhədlərin tanınması deyil. Bu, Ermənistanın gələcəyini seçməsi anlamına gəlir. Yəni konstitusiya dəyişməzsə, Ermənistan da dəyişməyəcək. Əgər dəyişmək istəyirsə, ilk addımını konstitusiyadan atmalıdır. Bəli, bu, Bakının verdiyi “ev tapşırığıdır”. Amma bu tapşırığın yerinə yetirilməsi təkcə Azərbaycanın yox, Ermənistanın da gələcəyi üçün vacibdir. Əks halda, “konstitusiya günü” bayram yox, faciə gününə çevriləcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Seçilən
13
28
musavat.com

10Mənbələr