AZ

Azərbaycan Suriyanın qaz təminatında iştirak edəcək - necə?

İlham Şaban: “Yalnız öz qazımızı deyil, digər ölkələrin qazını da Suriyaya çatdırmaq imkanındayıq”

Xəbər verdiyimiz kimi, Azərbaycan Suriyaya təbii qaz tədarükü məsələlərində dəstək verməyə hazır olduğunu bəyan edib. Bununla bağlı məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə ECO toplantısında iştirak edib vətənə dönərkən açıqlayıb: “İyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə o, təbii qaz məsələsində Suriyaya istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. İlham Əliyevin belə yanaşması böyük əhəmiyyət kəsb edir. Axı bu gün Suriyanın ən ciddi problemi qazın olmamasıdır və ölkəni enerji ilə təmin etmək lazımdır”.

Ərdoğan vurğulayıb ki, Türkiyə də öz növbəsində bu məsələdə öz imkanları daxilində Suriyaya kömək etməyə çalışır: “Lakin bu xoş xəbəri bu gün (4 iyul - red. ) İlham Əliyevdən eşidəndə, həqiqətən də mən böyük rahatlıq hiss etdim. Qayıdandan sonra mən bu məlumatı dərhal Türkiyənin energetika nazirinə çatdıracağam və o, hörmətli əl-Şaaraya (Suriya Prezidenti - red. ) çatdıracaq. Biz addımlarımızı Azərbaycanın dəstəyi ilə birləşdirib, birlikdə irəliləmək istəyirik”.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaranan yeni hökumət ölkəyə qarşı sanksiyaların aradan qaldırılması, qonşu və digər dövlətlərlə əlaqələrin bərpası istiqamətində ciddi fəaliyyət göstərir. ABŞ və Avropa İttifaqının sanksiyalarının əksəriyyəti aradan qaldırıldıqdan sonra Suriyada iqtisadiyyatda tənəzzülün aradan qaldırılması üçün sürətli addımlar atılmaqdadır. Türkiyənin böyük dəstəyi ilə Dəməşq ölkənin enerji sektorunun bərpası, enerji ilə təminat üçün fəaliyyətlər icra edir. Belə fəaliyyətlərin bir istiqamətini Suriya ərazisində gündəlik 2-3 saatdan artıq olmayan enerji təminatının gücləndirilməsi, neft yataqlarında sabit hasilat rejiminin bərpası təşkil edir. Bu sahədə Dəməşq Azərbaycandan dəstək almaq niyyətindədir. Bu ilin yanvar-fevralında artıq bu istiqamətdə müəyyən addımlar atılıb, Azərbaycana SOCAR-ın Suriyadakı neft yataqlarında işləməsi üçün müraciət olunub. Bu müraciətin Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa arasında mühüm görüş zamanı edildiyi bildirilir. Qeyd olunur ki, görüşdə ikitərəfli münasibətlərin inkişafı və xüsusilə Suriyanın neft-qaz sektoruna Azərbaycan investisiyalarının cəlbi müzakirə olunub.

Hazırda Suriya üçün əsas problem elektrik enerjisi təminatı sahəsindədir. Mayın 29-da Suriyada ən böyük enerji müqaviləsi - Kalyon Holding ilə Türkiyədən Cengiz Holdinq, Qətərin UCC və ABŞ-dan Power International arasında 7 milyard dollar dəyərində strateji əməkdaşlıq müqaviləsi imzalanıb. Suriya lideri Əhməd Şara və energetika naziri Məhəmməd Bəşirin də qatıldığı imzalanma mərasimində Suriyanın Treif, Zeizun, Deyr əz-Zor və Mıharde bölgələrində ümumi quraşdırılmış gücü 4000 meqavat olan təbii qaz kombinə edilmiş elektrik stansiyalarının tikintisinə dair razılıq əldə edilib. Bundan əlavə, Vidyan ər-Rəbii bölgəsində 1000 meqavat quraşdırılmış gücü olan günəş elektrik stansiyası tikiləcək.

Türkiyə artıq fevral ayından Suriya ərazisində 50 faizindən çoxu sıradan çıxmış elektrik təchizatı sisteminin bərpasına dəstək verməyə başlayıb. İki ölkə arasında Türkiyədən Suriyaya ildə 2 milyard kubmetr qazın çatdırılmasını nəzərdə tutan anlaşma imzalanıb. May ayında türkiyənin enerji naziri Alparslan Bayraktar qaz ixracının Suriyada əlavə 1300 meqavat elektrik enerjisi istehsalını dəstəkləyəcəyini və ölkənin xroniki enerji çatışmazlıqlarını qarşılamağa kömək edəcəyini bildirib. Türkiyə Suriyanın qısamüddətli ehtiyaclarına yardım üçün birbaşa 1000 meqavat elektrik enerjisi də təmin edəcək.

Razılaşmaya əsasən iki ölkəni birləşdirən Kilis-Hələb qaz kəmərinin fəaliyyətinin bərpası üçün zəruri olan işlər həyata keçirilib. Kəmərlə qaz nəqlinə iyunun sonlarından başlandığı bildirilir. Kəmərlə nəql olunan qaz Hələbdəki elektrik stansiyalarının təminatına yönəldiləcək. Daha sonra əlavə işlərlə qazın Homs əyalətindəki stansiyalara da çatdırılması nəzərdə tutulur.

Bundan əlavə, Suriya və Türkiyə iki ölkəni birləşdirən 400 kilovoltluq elektrik xəttinin çəkilməsi işlərinin 2025-ci ilin sonuna qədər tamamlanmasını nəzərdə tuturlar. Bu xətt Suriyanın Türkiyədən 500 meqavata qədər elektrik idxalına imkan yaradacaq.

Suriya həmçinin İordaniyadan elektrik enerjisi idxalını bərpa edir. İki ölkə arasında elektrik verilişi xətlərində aparılacaq təmirdən sonra İordaniyadan elektrik enerjisi idxalının 400 Mvt-a qədər artırılması planlaşdırılır. Bu günlərdə əldə edilən razılaşmaya əsasən Bəşər Əsəd dövründə icrası dayandırılmış Ərəb Qaz Kəməri layihəsinin bərpası və kəmərlə Misirin əl-Arişdəki yatağından İordaniya vasitəsilə Homs əyalətindəki Rayyan qazpaylayıcı stansiyasına qaz nəqlinin artırılması qərara alınıb.

Aparılan işlərdən görünür ki, Suriya ortamüddətli dövrdə bir neçə mənbədən enerji təchizatının səviyyəsini kəskin artırmağa nail olacaq. Türkiyə prezidentinin açıqlamasından aydın olur ki, belə mənbələrdən biri də Azərbaycandır. Bəs Azərbaycanın Suriyanın qaz təminatına dəstək vermək imkanı varmı?

İlham

 İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda qaz hasilatı səviyyəsində ciddi bir artım yoxdur: “Bu il belə artım olmayıb, gözlənilmir də. Ola bilsin ki, yaxın gələcəkdə olsun, amma indi yoxdur. Buna görə də Azərbaycan Suriyanın qaz təminatına dəstək vermək üçün bir neçə variantdan istifadə edə bilər. Birincisi, bu il ölkəmizdə elektrik enerjisi sahəsində qazdan istifadəni azaldan bir neçə mühüm hadisə olub, olacaq. Belə ki, iyunun 25-də "8 noyabr" istilik elektrik stansiyası istifadəyə verilib. Stansiya ildə 1 milyard kubmetr qazın istehlakını azaltmağa qadirdir. Bu isə ilin sonunadək 500 milyon kubmetr ətrafında qaza qənaət ediləcəyi deməkdir.

Digər tərəfdən, tezliklə bir neçə alternativ enerji istehsalı müəssisəsi ölkənin enerji təchizatı sisteminə inteqrasiya ediləcək. Artıq avqustda Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti 240 MVt gücündə olan “Abşeron-Xızı” külək elektrik stansiyasını mərhələli şəkildə istismara verəcək, cari ilin IV rübü ərzində stansiya tam şəkildə tikilib başa çatacaq. Bu isə cari il üçün daha 100 milyon kubmetr təbii qaza qənaət deməkdir.

İxrac üçün əlavə qaz həcmləri ölkənin qazpaylayıcı şəbəkəsindəki itkiləri azaltmaqla da əldə oluna bilər. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi bu il qaz itkisini azaltmaq məqsədilə istər Abşeron yarımadasında, istərsə də regionlarda qaz infrastrukturunun təmiri və bərpa edilməsi işlərini həyata keçirir. Düzdür, rəsmən elan etməyiblər ki, bu görülən işlər nəticəsində texniki itkiləri nə qədər azaldacaqlar, amma azalacağl labüddür, əks təqdirdə, əlavə vəsait xərcləməyin mənası nədir?

Digər bir məsələ klimatik faktorlardır. Dövlət Statistika Komitəsinin cari ilin 5 ayının məlumatları əsasında deyə bilərik ki, ölkədə istehsal edilən elektrikin təqribən 85 faizi qazın yandırılması hesabına əldə edilib. Amna havaların bir tərəfdən sərin keçməsi, - mən özüm bu il hələ bircə dəfə də olsun kondisioner və ya sərinkeşdən evdə istifadə etməmişəm, - ölkə daxilində elektrik enerjisi istehlakını azaldan amildir. “Azərişıq” bu haqda məlymat verməsə də, amma gözlə görünən budur. İkinci klimatik amil isə bu yaz-yay mövsümündə yağışın miqdarının artması, çaylarda su bolluğunun yaranması və nəticədə su elektrik stansiyalarında istehsalın kifayət qədər artımı ilə bağlıdır.

Göründüyü kimi, Azərbaycan yeni qaz yataqlarının işlənməsinə başlamadan belə cari il üçün xarici bazarlara əlavə mavi yanacaq həcmləri çıxartmaq imkanına malikdir".

Mütəxəssis deyir ki, Azərbaycandan Türkiyəyə qaz iki kəmərlə çatdırılır: “Azərbaycan Türkiyə bazarında ildə 10 milyard kubmetr ətrafında qaz satır. Qaz Türkiyəyə iki kəmərlə daxil olur: Bakı-Tiflis-Ərzurum (bu kəmər Gürcüstan-Türkiyə sərhədində BOTAŞ-ın qaz infrastrukturuna qoşulur) və Genişləndirilmiş Cənub Qafqaz Boru Kəməri ilə (bu kəmər Gürcüstan-Türkiyə sərhədində TANAP-a birləşir). Artıq Türkiyə və Suriya arasında qaz kəməri işə salınıb. 2025-ci ilin mayında Türkiyə və Suriya hökumətləri Türkiyə ilə sərhəd Kilis şəhəri ilə Suriyanın Hələb şəhərini birləşdirən qaz kəməri vasitəsilə təbii qazın tədarükünə dair razılığa gəliblər. Bu kəmərlə Suriyadakı Hələb və Homs  elektrik stansiyalarının ehtiyacları üçün gündə 6 milyon kubmetrə qədər - ildə təxminən 2 milyard kubmetr qaz tədarük etmək imkanı var”.

İ.Şabanın sözlərinə görə, Azərbaycanın yalnız öz qazını deyil, digər ölkələrin qazını da Suriyaya çatdırmaq imkanındadır: “Bu yaxınlarda əldə olunan razılaşmaya əsasən Türkiyə özünə məxsus üzən elektrik stansiyalarından ikisini Suriyada enerji istehsalına cəlb edəcək. Belə stansiyalar lazım olan ölkənin sahillərində dayanır, qaz xətti ilə birləşdirilir və istehsala başlayıb. Əgər qurudan qazla təmin etmək mümkün deyilsə, maye qaz dolu tankerdən qazın götürülməsi üçün zəruri sistemi var. SOCAR-ın SOCAR Tradeng Gaz adlı altqurumu var. Bu qurum hasilatçı ölkələrdən əsasən maye qazı alaraq digərlərinə satmaqla məşğuldur. Məsələn, Afrika ölkələrindən qazı alıb Pakistana satır. Zərurət yaranarsa, bu qurum da Suriyanın elektrik stansiyalarına qaz təminatında iştirak edə bilər”.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanda 16,2 milyard kubmetr əmtəəlik qaz hasil olunub ki, bu da illik ifadədə 1,7 faiz artım deməkdir. Bu dövrdə qaz ixracı 3 milyard 833 milyon  012.99 min dollar dəyərlə 10 milyard 270 milyon 805.90 min kubmetrə bərabər olub. Bu, ötən ilin eyni dövründəki ixracdan 358 milyon 198,81 min kubmetr və 381 milyon 876,31 min dollar çoxdur.

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
14
50
musavat.com

10Mənbələr