AZ

Elxan Şahinoğlu: Suriya ilə Azərbaycan arasında yeni əməkdaşlıq mərhələsi başlayır

BAKI. 12 iyul. TELEQRAF

"Suriya Prezidentinin Azərbaycana səfəri mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir"

Bunu Teleqraf-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Keçmiş diktator Bəşər Əsəd Ermənistanla sıx əməkdaşlıq edir, erməni separatizminə dəstək verirdi. Ermənistan və separatçılarla Əsəd rejiminin yaxın əlaqələri var idi. Bu səbəbdən Azərbaycanla Suriya arasında münasibətlər uzun müddət gərgin olub. Lakin Suriyada hakimiyyət dəyişikliyindən sonra yeni rəhbərlik Türkiyə və Azərbaycanla əməkdaşlığa önəm verir. Azərbaycan bu dəyişiklikdən sonra Suriyada səfirliyini bərpa edib, humanitar yardımlar göndərib, səfirliyin fəaliyyətini genişləndirib. Bu, siyasi əlaqələrin inkişafına təkan verir”.

Politoloq qeyd edib ki, Əhməd Əl Şaraanın Azərbaycana səfəri gözlənilən idi: “Azərbaycan artıq təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə də maraqlarını təmin etməyə başlayıb. Səfərin digər bir səbəbi də enerji əməkdaşlığıdır. Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət öncə Xankəndidə keçirilən toplantıdan qayıdarkən jurnalistlərə bildirmişdi ki, bu məsələni Prezident İlham Əliyevlə müzakirə edib. Azərbaycan Türkiyə vasitəsilə Suriyaya qaz nəql edəcək. Suriya hazırda bərpa mərhələsindədir, enerji resurslarına böyük ehtiyac var. Həmçinin Suriyanın öz yeraltı sərvətləri mövcuddur. Azərbaycanın bu sahədə dəstək verməsi, hətta SOCAR-ın Suriyada neft-qaz layihələrində iştirakı mümkündür”.

E. Şahinoğlu Azərbaycan-Suriya münasibətlərinin inkişafının regiona təsirlərindən də danışıb:

“Əbu- Dabidə keçirilən danışıqlar, Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında sülh sazişinin imzalanma ehtimalını artırır. Əlbəttə, bu, Ermənistan Konstitusiyasında dəyişikliklərdən sonra mümkündür. Azərbaycan regionun açar dövlətinə çevrilib. Bunu yalnız biz yox, Qərb ölkələri və hətta Rusiya daxilindəki dairələr də etiraf edir. Azərbaycan Yaxın Şərqə də açılır. Görüşün BƏƏ-də keçirilməsi Azərbaycanın ərəb dünyasındakı nüfuzunu göstərir. Suriya yenidən qurulur və burada ABŞ, Avropa, Rusiya, Türkiyə, İran və Azərbaycan kimi dövlətlərin maraqları var. Azərbaycanın da bu prosesdə iştirak etməsi onun artan regional rolunun göstəricisidir”.

Seçilən
45
33
teleqraf.com

10Mənbələr