AZ

Suriya və İsrail Azərbaycanda gizli danışıqlar apardı - TƏFƏRRÜAT

Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa Azərbaycana səfəri çərçivəsində İsrailin rəsmi nümayəndələri ilə gizli görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin i24NEWS nəşri yazıb.

Mənbəyə əsasən, bu cür ən azı bir görüş 12 iyul tarixində baş tutub. Həmçinin istisna edilmir ki, əlavə görüşlər də keçiriləcək.

Suriyalı mənbənin, prezident Əhməd əş-Şaraaya yaxın şəxsin bildirdiyinə görə, ümumilikdə iki və ya üç belə görüş planlaşdırılıb. Gözlənilir ki, bu görüşlərdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şaybani və İsraillə təhlükəsizlik məsələləri üzrə hökumət nümayəndəsi Əhməd əd-Dələti də iştirak edib və ya edəcək.

Danışıqların əsas mövzuları bunlardır:

Suriya və İsrail arasında təhlükəsizlik sazişi, İran təhdidi və onun regiondakı hərbi iştirakı, "Hizbullah"ın silahlanması və logistik imkanları, Fələstin silahlı qruplarının fəaliyyəti və onların malik olduğu silahlar, Livandakı fələstinli qaçqın düşərgələrinin durumu.

Eyni zamanda, Dəməşqdə İsrailin diplomatik status daşımayan koordinator ofisinin açılması məsələsinin də müzakirə oluna biləcəyi qeyd olunur.
 

Məqalədə bildirilir ki, İsrail tərəfdən yüksək səviyyəli nümayəndə heyətinin tərkibinə baş nazir Benyamin Netanyahunun xüsusi elçisi, həmçinin təhlükəsizlik xidmətlərinin və hərbi strukturların nümayəndələri daxildir.


Qeyd edək ki, daha əvvəl AFP agentliyi də Dəməşqdəki diplomatik mənbəyə istinadla Suriya prezidentinin görüşlərdə şəxsən iştirak etməyəcəyini yazmışdı. Həmin mənbənin bildirdiyinə görə, əsas müzakirə mövzusu İsrailin Suriyada hərbi iştirakı olacaq.

Bu danışıqların Azərbaycan ərazisində baş tutması isə ölkənin beynəlxalq dialoq və vasitəçilik missiyalarında artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.

Bizim.Media

Seçilən
13
2
bizim.media

10Mənbələr