AZ

Heydər Əliyevin hakimiyyətə gəlişi: Böyük inkişaf yolu həmin tarixdən başladı

“İyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü tamam olur. 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) birinci katibi seçilməsi respublikamızın həyatında dönüş nöqtəsi kimi dəyərləndirilir. Çünki məhz həmin vaxtdan başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək inkişafının, intibahının, tərəqqisinin və parlaq perspektivlərinin əsası oldu”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, həmin dövrün reallıqlarına nəzər saldıqda Ulu Öndər Heydər Əliyevin gördüyü işlərin miqyası, mahiyyəti və əhəmiyyəti barədə dəqiq təsəvvür formalaşır, Azərbaycanın tənəzzüldən necə xilas edilərək tərəqqi yoluna çıxarılması, Liderin xalqın rifahı, dövlətin mənafeyi üçün hansı xidmətlər göstərdiyi aydın olur:

"Məlumdur ki, SSRİ-nin tərkibindəki 15 müttəfiq respublikadan biri olan Azərbaycan 1969-cu ilə qədər sosial-iqtisadi gəstəricilərinə görə geridə qalmışdı. Ölkənin ciddi potensialı olsa da, ayrı-ayrı sahələrin inkişafına nail olunmamış, tənəzzüldən xilas olmaq mümkün olmamışdı. Ona görə də Azərbaycan Sovet İttifaqının tərkibində xammal mənbəyi, aqrar respublika kimi tanınırdı. Lakin Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra atdılan addımlar, görülən işlər nəticəsində dönüş yarandı, müsbət meyillər və nəticələr qeydə alınmağa başladı. Güclü sosial-iqtisadi təməlin yaradılması ilə yanaşı, siyasi və ideoloji xarakterli işlərin davam etdirilməsi Azərbaycan üçün yeni perspektivlərin yaranmasını mümkün və təmin edirdi. İlk növbədə, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərilməsi həm kadr potensialının gücləndirilməsi, həm də cəmiyyətin intellektual səviyyəsinin artırılması üçün mühüm əhəmiyyət daşıyırdı. İkincisi, milli hərbi kadrları yetişdirmək və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması hərbi-strateji əhəmiyyətə malik idi. Ulu Öndərimiz gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də müvəffəq olmuşdu. Üçüncüsü, 1978-ci ildə Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Bu addımlar ana dilimizin qorunması və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik oldu. Dördüncüsü, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə ciddi yeniliklərə imza atıldı

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi zamanı görülən işlər həm güclü sosial-iqtisadi bazanın, həm də siyasi-ideoloji dayaqların formalaşmasını təmin etdi. Yaradılan potensial sonrakı dönəmdə Azərbaycanın inkişafına təkan və töhfə verən fundamental amilə çevrildi. Biz haqlı olaraq və qürurla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”-deyən millət vəkilinin sözlərinə görə, Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində, o cümlədən SSRİ dönəmində xalqımızın rifahı və firavanlığı, dövlətimizin inkişafı və yüksəlişi üçün müstəsna tarixi əhəmiyyətli işlər görüb".

Seçilən
111
5
publika.az

10Mənbələr