BAKI, 14 iyul. TELEQRAF
Avropa İttifaqının (Aİ) Ermənistana yönəldilən investisiya həcminin 2,5 milyard avroya çatacağı proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilmiş üçtərəfli görüşün yekunlarına dair yayılan birgə bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir ki, Aİ-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi, inklüziv inkişafın təşviqi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair razılıq əldə olunub.
"2024-cü ilin aprel ayında təqdim olunan 270 milyon avro məbləğində Dayanıqlıq və İnkişaf Proqramı Aİ-nin Ermənistana maliyyə dəstəyini 50 faiz artırıb".
Qeyd olunur ki, Aİ əlavə 200 milyon avro qrant yardımı və 70 milyon avro qrant maliyyəsi ilə Ermənistanın sosial-iqtisadi islahat gündəmini, sektorlar üzrə əməkdaşlığın genişləndirilməsini, eləcə də enerji, nəqliyyat və özəl sektora yönəlmiş investisiyaları dəstəkləməyə davam edir.