AZ

The Times: Zelenskinin Ağ Evdə gözlənilməz "müttəfiqi" var

Ukraynanın Ağ Evdə gözlənilməz "müttəfiqi" var – Melaniya Tramp. Birinci xanım kimi rəsmi statusuna baxmayaraq, Melaniya ABŞ prezidenti Donald Trampın yaxın çevrəsində Ukraynadakı müharibə ilə bağlı ən təsirli səslərdən biridir...

Poliqon The Times-a istinadən xəbər verir ki, məhz o, Donald Trampa Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi zərbələr nəticəsində mülki əhali arasında dağıntıların və tələfatların miqyasını xatırladıb.

"Evə gedirəm, birinci xanıma deyirəm: "Mən bu gün Vladimir (Putin-red.) ilə danışdım, gözəl söhbətimiz oldu". Və o deyir: "Oh, doğrudanmı? Başqa bir şəhər vuruldu", deyə Trampın özü bazar ertəsi Oval Ofisdə çıxış edərkən bildirib.

Jurnalistlər qeyd edirlər ki, əslən Sloveniyadan (keçmiş Yuqoslaviya) olan Melaniya Moskvanın aqressiv siyasətinin yaratdığı təhlükələri şəxsən dərindən dərk edir. Yəqin ki, bu, onun Ukraynanın xeyrinə aydın mövqeyini formalaşdırır.

Melaniyanın tərcümeyi-halının müəllifi Meri Cordan qeyd edir: "Onun Rusiyanı sevməyən ölkədə böyüdüyünü nəzərə alsaq, bu, heç də təəccüblü deyil... O, öz fikrini çatdırmaq üçün kabinetdəki bir çox adamdan daha çox təcrübəyə malikdir".

2022-ci ilin fevralında genişmiqyaslı işğalın başlanmasından sonra Melaniya açıq şəkildə mülki şəxslərin öldürülməsini pislədi və sosial mediada izləyicilərini Qırmızı Xaça kömək etməyə çağırmışdı. "Mənim düşüncələrim və dualarım Ukrayna xalqı ilədir", deyə o zaman xanım Tramp yazmışdı.

Mar-a-Laqoda uzun müddət qaldıqdan sonra Vaşinqtona qayıdan Melaniya bir neçə həftə diplomatik qəbullara hazırlaşdı və xarici siyasəti fəal şəkildə öyrəndi. O, adətən ictimai siyasi müzakirələrdən kənarda qalsa da, onun fikri prezidentin qərarlarına real təsir göstərir.

"O, xüsusilə ona çox yaxın olan insanları dinləyir. Xüsusilə də onların soyadı Trampdırsa", deyə Meri Cordan yekunlaşdırır.

Nəşr qeyd edir ki, Melaniyanın xarici siyasət qərarlarının qəbulunda rəsmi rolu yoxdur, lakin onun mövqeyi analitiklərin proqnozlaşdırdığından daha əhəmiyyətli ola bilər. Və əgər bu gün Ukrayna Ağ Evdə dəstək alırsa, bu, qismən onun səsinə görədir.

Poliqon.info

Seçilən
31
10
poliqon.info

10Mənbələr