AZ

ABŞ kibertəhlükəsizlik büdcəsini müəyyənləşdirdi: 1 milyard dollar

ABŞ prezidenti Donald Trampın müdafiə büdcəsinə daxil edilən və "Böyük və gözəl qanun" ("One Big Beautiful Bill") adlandırılan sənəd, qarşıdakı dörd il ərzində hücum kiber əməliyyatları üçün 1 milyard dollarlıq xərc nəzərdə tutur. Lakin qanun çərçivəsində həyata keçiriləcək bu hücum yönümlü kiber əməliyyatların konkret olaraq nələri əhatə etdiyi və hansı proqram və vasitələrdən istifadə ediləcəyi barədə ətraflı məlumat verilməyib.

Valyuta.az xəbər verir ki, büdcənin xüsusilə Asiya-Sakit okean bölgəsində fəaliyyət göstərən ABŞ Hind-Sakit okean Komandanlığının imkanlarını artırmaq üçün istifadə olunacağı qeyd edilir. Bu regionda isə Çin kimi ABŞ-ın əsas geosiyasi rəqibləri yerləşir.

Kiber hücumlar gücləndirilir, müdafiə zəiflədilir

Diqqətçəkən məqam odur ki, eyni qanun çərçivəsində ABŞ-ın kiber müdafiə büdcəsindən də 1 milyard dollar kəsilib. Bu addım ABŞ-ın Çin kimi ölkələrdən gələn kiber təhdidlərlə qarşı-qarşıya qaldığı bir vaxtda atılıb.

"Techcrunch" nəşrinin məlumatına görə, Senatın Kəşfiyyat Komitəsinin tanınmış üzvü, Demokrat senator Ron Uayden Tramp administrasiyasının federal hökumətə bağlı kibertəhlükəsizlik qurumlarının büdcəsini azaltmasını kəskin şəkildə tənqid edib. O, “Tramp administrasiyası kibertəhlükəsizlik və ictimai texnologiyalar sahəsindəki büdcələri budayıb və ölkəmizi xarici haker hücumlarına qarşı müdafiəsiz buraxıb”, deyə bildirib.

Uayden əlavə edib ki, CISA (ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi) da daxil olmaqla, müdafiə yönümlü kibertəhlükəsizlik proqramları ciddi şəkildə zəiflədilib və 130 əməkdaş qanunsuz şəkildə işdən çıxarılıb. Məhkəmə qərarları ilə bəzi ixtisarlar geri qaytarılsa da, mövcud büdcənin hələ də kifayət etmədiyi vurğulanır.

Hədəf ölkələrə qarşı hücum əməliyyatları

Hücum kiber əməliyyatları hədəf ölkələrə və ya fərdlərə qarşı həyata keçirilən hücum xarakterli kiber fəaliyyətləri əhatə edir. Bu əməliyyatlara aşkarlanmamış zəifliklərin istismarı, casus proqramların tətbiqi, internet trafikinə nəzarət və hücum infrastrukturunun qurulması kimi fəaliyyətlər daxildir.

Mütəxəssislər bildirirlər ki, ABŞ-ın bu istiqamətdə atdığı addımlar yalnız rəqib ölkələrə qarşı deyil, həm də yerli idarələr, özəl şirkətlər və xəstəxanalar kimi müdafiəsiz hədəflərə qarşı mümkün cavab hücumlarının riskini artıra bilər.

Paşa Məmmədli

Seçilən
89
26
valyuta.az

10Mənbələr