Əsgəran postunda istehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Əsgəran postunda Şəmsi Rafayıl oğlu Xaspoladzadəyə məxsus 90-HV-895 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobildə təxmini çəkisi 120 kiloqram olan iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb.
Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyən edilib.
Həmin şəxs izahatında ətin Laçın rayonunun Narışlar kəndində Rizvan Əvəz oğlu Abbasov tərəfindən kəsildiyini və onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib.
Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.