AZ

DİQQƏT! Qəzaya səbəb olan piyadalar da HƏBS OLUNACAQ?

Bir çox yol qəzaları piyadaların da ehtiyatsızlığı səbəbindən baş verir. Onların yolu düzgün formada keçməmələri və s. səbəbindən ölüm halları olur.


Bu baxımdan sürücülər bildirirlər ki, qanunda olan boşluqlar səbəbindən piyadalar istədikləri kimi davranırlar və nəticədə, bədbəxt hadisələr baş verir.


Piyadaların hərəkəti ilə bağlı qanunda hansı boşluqlar var? Piyadaların bədbəxt hadisələrə səbəb olmaması üçün hansı dəyişikliklər edilməlidir?

 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans-a açıqlamasında bu sualları cavablandırıb.


 

“Yol-nəqliyyat hadisələrinin baş verməsində müxtəlif səbəblər var. Onlardan biri də piyadaların məsuliyyətsiz davranışları, yol-hərəkəti qaydalarını kobud şəkildə pozmaları və keçiddən istifadə etməmələridir. Hazırda piyadalarla bağlı nəzarət, demək olar ki, zəifdir. Ciddi nəzartə mexanizmi yoxdur. Buna görə də düşünürük ki, ilkin mərhələdə nəzarət mexanizmi gücləndirilməli, piyadalara qarşı çox ciddi və sərt tədbirlər görülməlidir. Onlar da öz məsuliyyətlərini dərk etməlidirlər. Qanunda boşluq yoxdur, sadəcə nəzarət gücləndirilməlidir. Yaxud da piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində istintaq orqanlarının yanaşması dəyişilməlidir. İstintaqçı sürücünü günahlandırmaq çün məqam axtardığı müddətcə bu belə də davam edəcək. Burada tək məsələ istintaqçıların qanunun bütün xırdalıqlarına nəzər yetirərək obyektiv qərar verməli olmalarıdır. Məsələn, piyada günahkardırsa və ölübsə, o artıq öz cəzasını öz canı ilə ödəyib. Burada artıq günahı olmayan sürücüyə cəza verməyə ehtiyac yoxdur Amma bizim yanaşmamız fərqlidir. Nədənsə sadəcə birmənalı şəkildə sürücülər günahlandırılır, sürücülərin məhkum olunmasına çalışılır”.

 

Ekspert qeyd edib ki, piyadalar da sürücülər kimi bütün yol hərəkəti qaydalarına əməl etməyə məcburdurlar. Onlara heç bir güzəşt olunmamalıdır.

 

“Bu qəzaların hər biri ilə bağlı Daxili İşlər Nazirliyinin də yaydığı görüntülər var və ola bilməz ki, bu görüntülərə baxarkən biz qənaətə gələk ki, 90 faiz günah sadəcə sürücülərdədir. Real görüntülərdən də görünür ki, günah piyadalardadır. Buna görə də, mən birmənalı olaraq bu məsələyə obyektiv yanaşılmalı olduğunu düşünürəm və arzu edirəm ki, bütün tədqiqatçılar və istintaqçılar bu məsələlərə obyektiv yanaşsınlar. Eyni zamanda unutmasınlar ki, bir gün belə hadisələr onların da başına gələ bilər”.

 

Fidan Vəlisoy

 

 

Seçilən
378
50
referans.az

10Mənbələr