Yaşıl təbiət və sakitlik deyildikdə, Azərbaycanın ən gözəl guşələrindən biri olan Quba ilk ağla gələn məkanlardandır. Böyük Qafqazın Şahdağ silsiləsinin şimal-şərq ətəklərində, dəniz səviyyəsindən təxminən 600 metr yüksəklikdə, Qudyal çayının sahilində yerləşən bu qədim şəhər həm təbiəti, həm də tarixi ilə seçilir.
Quba həm yerli, həm də xarici turistlər üçün gəzməli və görməli yerlərlə zəngin bir bölgədir.
Azərbaycanda tanınan bir çox kəndlər var. Onlardan biri də Qubada yerləşən Xınalıq kəndidir.Bu kənd təkcə ölkənin deyil, bütün Qafqazın ən yüksəkdə yerləşən və daimi yaşayış olan yaşayış məntəqələrindən biridir. Dəniz səviyyəsindən təxminən 2300 metr yüksəklikdə yerləşən Xınalıq, həm təbii gözəlliyi, həm də unikal dili, mədəniyyəti və memarlıq üslubu ilə seçilir.
Xınalıq kəndi
Burada əsrlər boyu izolyasiya şəraitində yaşayan Xınalıq sakinləri özlərinə məxsus xınalıq dilini qoruyub saxlayır və qədim həyat tərzlərini davam etdirirlər. Kənddəki daş evlər, dar küçələr və dağların qoynundakı mənzərələr gələn hər kəsi valeh edir.
Hazırda Xınalıq kəndi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edən ekoturizm mərkəzi kimi tanınır.
Çənlibel gölü
Quba rayonunun 2-ci Nügədi kəndi ətrafında rayon mərkəzindən təxminən 14 km məsafədə yerləşən bu göl Göygölə bənzərliyi ilə tanınır. Çənlibel gölü ətrafı yürüyüş edənlər üçün ideal yer hesab olunur. Belə ki, bu gölə təhlükəsiz səfər etmək üçün çoxsaylı tur reysləri təşkil olunur.
Afurca şəlaləsi
Qubanın gəzməli-görməli yerləri arasında Afurca şəlaləsi xüsusi yer tutur. Şəhər mərkəzindən təxminən 25 km məsafədə, Afurca kəndi yaxınlığında yerləşən bu təbii möcüzə Azərbaycanın ən hündür və təsirli şəlalələrindən biridir. Təxminən 60 metr hündürlükdən axan su kütləsi dağların qoynunda əsl sərinlik və dinclik yaradır.
Yay aylarında buraya gələn ziyarətçilər təkcə şəlalənin sərin havası və möhtəşəm mənzərəsi ilə deyil, həm də ətraf təbiətin fotoqrafiya və piknik üçün ideal şəraiti ilə valeh olurlar. Dağ ətəyində yer alan bu məkan xüsusilə ekoturizm və təbiət yürüşləri sevənlər üçün unudulmaz bir təcrübə vəd edir.
Təngəaltı
Rayon mərkəzindən 33 km aralıda yerləşən Təngəaltı kəndi adını coğrafi mövqeyindən alıb. "Təngəaltı" sözünün mənası “dağ arası yer” deməkdir və bu ad kəndin təbiəti ilə uyğunluq təşkil edir. Böyük Qafqaz dağlarının şimal yamacında, iki dağın arasından keçən Vəlvələçay və onun ətrafındakı sıldırım qayalar, sıx meşəliklər və yaşıllıqlar bu məkana unikal mənzərə bəxş edir.
Buradan keçən yol boyunca uzanan dağlar, çayın gur səsi və təmiz hava Təngəaltını həm fotoqrafiya, həm də ekoturizm həvəskarları üçün ideal bir məkana çevirir. Yay aylarında sərin iqlimi ilə tanınan kənd, sakit istirahət, piknik və dağ yürüşləri üçün mükəmməl seçimdir.
Qəçrəş
Qubanın ən çox ziyarət olunan kəndlərindən biri olan Qəçrəş sıx meşələri, təmiz havası və sərin iqlimi ilə yay istirahəti üçün ideal məkandır. Şəhər mərkəzindən cəmi 7–8 km məsafədə yerləşən bu kənd meşəlik ərazilərdə yerləşən istirahət məkanları, restoran və istirahət mərkəzləri ilə tanınır.
Qəçrəşin ən cəlbedici cəhəti onun dağlarla əhatələnmiş yaşıl təbiəti və çayın kənarında yerləşən meşəlikləridir. Burada həm ailəvi istirahət, həm də gəzinti və təbiət yürüşləri üçün şərait var. Yay aylarında temperatur digər bölgələrlə müqayisədə daha mülayim olur, bu da onu istidən qaçanlar üçün əsl sığınacaq halına gətirir.
Sərvanə Rəmixanova