Erkən nikah - bu ifadə bəzilərinə sıradan gələ bilər, lakin onun arxasında saysız-hesabsız qırılmış uşaq arzuları, yox olmuş gələcəklər və susdurulmuş səslər dayanır. Təəssüf ki, XXI əsrdə belə, bir çox regionlarda qız uşaqları ailə və ya cəmiyyət təzyiqi ilə erkən yaşda - hələ uşaqlıqla gənclik arasında sıxışıb qalmış yaş dövründə - nikaha məcbur edilir. Bu, təkcə bir insanın həyatının yox, bütöv cəmiyyətin gələcəyinin təhlükə altına atılması deməkdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərifinə görə, 18 yaşdan əvvəl baş tutan evliliklər erkən nikah sayılır. Bu yaş dövrü insanın hələ tam inkişaf etmədiyi, psixoloji, fiziki və emosional baxımdan sabitliyə çatmadığı bir vaxtdır. Erkən nikahın nəticələri çoxşaxəlidir:
- Təhsil yarımçıq qalır – Evləndirilən qızların əksəriyyəti məktəbi tərk edir və təhsil almaq hüququndan məhrum olur. Dördpendirli pizza
- Səhiyyə problemləri – Erkən hamiləliklər həm ana, həm də körpə üçün həyati risklər yaradır.
- Psixoloji zərbə – Uşaqlıq dövründə böyük məsuliyyət daşımaq, ailə içi zorakılığa məruz qalmaq travmalar yaradır.
- İqtisadi asılılıq – Təhsilsiz və peşəsiz qalan qızlar həyat boyu başqalarından asılı olur.
Təəssüf ki, görülən tədbirlərə baxmayaraq hələ ki, Azərbaycanda erkən nikah probleimin kökünü kəsmək olmayıb.
Nədənsə cəmiyyətin bəzi kəsimi – xüsusilə də bir sıra valideynlər başa düşə bilmirlər ki, erkən nikahlar yalnız fərdi yox, sosial problemlərə də yol açır. Təhsilini yarımçıq qoyan qızlar cəmiyyətin inkişafında iştirak edə bilmir. Bu da cəmiyyətin bir qisminin potensialının itirilməsi deməkdir.
Bundan əlavə, erkən nikah zorakılığın təzahür formalarından biridir. Əslində, bu, uşaq istismarının hüquqi don geydirilmiş formasıdır. Qızların "namus", "ailənin şərəfi", "ənənə" kimi səbəblərlə ailə qurmağa məcbur edilməsi onların iradəsinin tapdanmasıdır.
Bir daha səbəblərə baxaq:
Cəhalət və savadsızlıq – Təhsildən uzaq olan ailələrdə bu praktika daha çox yayılır;
Ənənə və patriarxal düşüncə – Qız uşağına sahib çıxmaq, onu "əldə saxlamaq" istəyi ilə erkən evləndirmə;
İqtisadi səbəblər – Ailə yükünü azaltmaq və ya maddi fayda əldə etmək üçün erkən nikah yolu seçilir;
Hüquqi boşluqlar – Qanunla qadağan olunsa da, bəzi bölgələrdə bu qaydalar ya tətbiq edilmir, ya da pozulur.
Gəlin təsəvvür edək: Aysel 14 yaşındadır. Ən çox sevdiyi fənn riyaziyyatdır. Gələcəkdə müəllim olmaq istəyir. Amma bir gün atası onu uzaq qohumuna nişanladığını bildirir. Onun gözündəki parıltı sönür, arzuları başqasının planlarına qurban gedir. Ayselin hekayəsi tək deyil – təəssüf ki, Azərbaycanda belə hekayələr yüzlərlədir. Və bəzən bu səssiz haraylara qulaq verən çox az adam olur.
Erkən nikah problemu dünyanı narahat edən ciddi məsələ kimi günümüzdə aktuallığını qoruyur. Təsadüfi deyil ki, bu günlərdə “Save the Children” (“Uşaqları xilas edin”) təşkilatı dünyada hər 5 uşaqdan birinin məruz qaldığı erkən nikahların fəsadları barədə məlumatlılığı artırmaq məqsədilə “Evlilik oyun deyil” adlı kampaniyaya start verib. BMT-nin məlumatına görə, hər il dünyada 12 milyon qız uşağı 18 yaşına çatmamış evliliyə məcbur edilir, onlardan 2 milyonu isə hətta 15 yaşından əvvəl ərə verilir. Bu problem dünya üzrə hər 5 qızdan birinə təsir göstərir.
“Save the Children” uşaq nikahlarını “gender zorakılığının ən dağıdıcı formalarından biri” adlandırıb.
“Bu təcrübə uşaqları uşaqlıqlarından məhrum edir, onların təhsilinə mane olur, zorakılığa məruz qoyur və erkən hamiləliyə sürükləyir ki, onların sağlamlıqları və rifahları üçün ciddi risklər yaradır”, – deyə təşkilatın kommunikasiya üzrə direktoru Alisiya Moreno bildirib.
Təşkilatın hesablamalarına görə, indiyə qədər uşaq nikahlarının azaldılması sahəsində əldə olunan irəliləyişə baxmayaraq, problemin tam aradan qaldırılması üçün hələ 300 il lazım olacaq.
Uşaq nikahlarının sayının azalmasında ən böyük irəliləyiş Cənubi Asiyada müşahidə olunub, lakin ən çox hal da məhz burada baş verir. 18 yaşına çatmamış ərə verilən qızların təxminən 45%-i burada yaşayır, onların üçdə biri isə Hindistanın payına düşür.
Qərbi və Mərkəzi Afrikada, eləcə də Latın Amerikası və Karib hövzəsində uşaq nikahlarının yayılması dünya üzrə orta göstəricidən yüksək olaraq qalır və müvafiq olaraq 33% və 23% təşkil edir.
Təşkilatın hesabatına görə, son illər gender zorakılığının aradan qaldırılması istiqamətində əldə edilən irəliləyiş ciddi təhlükə altına düşüb. Yoxsulluğun artması, silahlı münaqişələr və iqlim böhranı milyonlarla qız uşağını daha həssas vəziyyətə salır. Üstəlik, böhran dövrlərində gender zorakılığı artır, ailələr qızlarını məktəbə göndərməkdən imtina edir və ya onları evləndirməyə üstünlük verirlər.
“Save the Children” təşkilatının 2023-cü il üçün hazırladığı “Qızlar” hesabatında qeyd olunur ki, qız uşaqlarının evliliyə məcbur edilmə hallarının təxminən üçdə ikisi yüksək iqlim riski olan regionlarda – Cənubi Sudan, Burkina-Faso, Efiopiya, Banqladeş, Mali, Malavi və digər ölkələrdə baş verir. Sel, quraqlıq kimi ekstremal hava hadisələri məhsuldarlığın azalmasına və ailələrin gəlirinin azalmasına səbəb olur. Nəticədə, ailələr iqtisadi çətinliklərdən çıxış yolu kimi qızlarını ərə verməyə qərar verirlər.
BMT-nin hesabatına əsasən, uşaq nikahlarının ən çox yayıldığı ölkə 76% göstərici ilə Nigeriyadır.
Sonrakı yerlərdə isə Mərkəzi Afrika Respublikası və Çad gəlir. Hər iki ölkədə bu göstərici 61 faizdir. Araşdırmalar görə, məktəblərin bağlanması da qız uşaqları arasında məcburi nikah riskini artırır.
“Uşaqlıq sadəcə bir səhnə deyil. Bu, gülə bildiyin, qaça bildiyin və hər şeydən əvvəl oynaya bildiyin bir məkandır. Qız uşağı burada özünü azad, təhlükəsiz və canlı hiss edir. Amma bəzən oyun bitir. Oyunla bərabər başqa şeylər də dayanır: onun gülüşü, səsi və uşaqlığı”, – deyə Moreno bildirib.
Bəs aktual problem kimi Azərbaycan cəmiyyətini də narahat edən erkən nikahla necə mübarizə aparmalı? Jurnalist Araşdırmaları Mərkəzinin həll yolları ilə bağlı tövsiyələri:
Maarifləndirmə kampaniyaları - Ailələrə və icmalara erkən nikahın fəsadları barədə məlumat vermək;
Təhsilə davamlı dəstək - Qızların təhsildən yayınmaması üçün sosial proqramlar həyata keçirmək;
Qanunların tətbiqi - 18 yaşdan əvvəl evlilik qadağasını pozanlar ciddi şəkildə cəzalandırılmalıdır;
Psixoloji və hüquqi yardım mərkəzləri – Erkən nikaha məcbur edilən qızlara çıxış yolu göstərilməlidir.
Yaddan çıxarmayaq ki, evlilik bir oyun deyil, o, iki yetkin insanın məsuliyyətli qərarıdır. Qız uşaqları həyatlarını yaşamalı, oxumalı, inkişaf etməli və öz yollarını özü seçməlidir. Onların uşaqlığını oğurlamaq, cəmiyyətin gələcəyini qaraltmaq deməkdir.
Gələcəyimizi qorumalıyıq. Çünki bir qız uşağı – təkcə ailənin yox, bütöv bir millətin sabahıdır.
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi”” layihəsi çərçivəsində hazırlanıb.
Telegram kanalımız