Xəyal Bəşirov: “Şıxlınskilərə qarşı atılan addımlar bir daha ondan xəbər verir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşı olmasında maraqlı olmayan...”
Yayılan məlumatlara görə, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb. Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.
Ş.Şıxlınskinin oğlu Mutvalı Şıxlinski də saxlanılaraq İstintaq Komitəsimə aparılıb və haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq vilayətində soydaşlarımıza qarşı baş verən hadisələr zamanı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski etiraz səsini qaldırdığı üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı, sonra isə azadlığa buraxıdı.
İndi də Ş.Şıxlınski barədə cinayət işi açılıb, oğlu isə iki aylıq həbsə məhkum edilib.
“Rusiya hüquq-mühafizə orqanları tərəfindən ortaya atılan ittiham...”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki,son vaxtlar Rusiyada soydaşlarımıza qarşı başladılan bu proses həqiqətən də narahatedicidir: “Bu hər bir azərbaycanlını, eləcə də Azərbaycan dövlətini narahat edir. Təyyarəmizin vurulması hadisəsindən başlayaraq Azərbaycanın informasiya məkanına kiberhücumların təşkil edilməsi də daxil olmaqla bir sıra xoşagəlməz hallar baş verib. Rusiya mediasında ayrı-ayrı ruporların Azərbaycana qarşı dezinformasiya siyasətini davam etdirmələri də ortadadır. Yekaterinburqda, eləcə də Rusiyanın başqa ərazilərində azərbaycanlılara qarşı atılan addımlar bu ölkədə ölkəmizə qarşı düşmənçilik siyasətini yürütmək istəyən tərəflərin bu prosesdə qərarlı olduğundan xəbər verir. Rusiyada bir sıra qüvvələr var ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşı olmasında qətiyyən maraqlı deyil.
Şahin Şıxlınski və onun oğluna qarşı bir müddətəvvəl insanların gözü qarşısında törədilən xoşagəlməz hərəkətlər haqlı olaraq qınanıldı. Şahin Şıxlınski tutulduqdan sonra sərbəst buraxıldı və bu bizdə onlara qarşı edilən səhvlərin anlaşıldığı təəssüratı yaratdı. Amma sonradan təkrarlanan proseslər, Şıxlınskilərə qarşı atılan addımlar bir daha ondan xəbər verir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yaxşı olmasında maraqlı olmayan qüvvələr öz əməllərində qərarlıdırlar. Həqiqətən də hüquqa və qanunazidd addımların atılmasına nail ola bilirlərsə, o halda görsənir ki, onlar dövlətlərarası münasibətlərə təsir etmək imkanında olan qüvvələrdir. Çünki o şəxslərə qarşı hazırlanmış məlum əməliyyat hansısa bir özəl qurum tərəfindən deyil, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən törədilir və bütün dünya da bunun şahidi olur. Bilirsiz ki, olayla bağlı görüntülər yayıldı və hər kəs bunu gördü. Bunu edən şəxslərə qarşı nəinki hər hansı bir cəza tədbiri görüldü, əksinə, hüquq-mühafizə orqanlarının həmin əməkdaşları cəzasız qaldı. Bu əməliyyatı həyata keçirən, ona rəhbərlik edən şəxslərin vəzifələrindən uzaqlaşdırılması ilə bağlı addımların da şahidi olmadıq. Halbuki, gözləntilər ən azından bu istiqamətdə idi”.
X.Bəşirov qeyd etdi ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşilik, iki azərbaycanlının döyülərək öldürülməsi, digərlərinə xəsarət yetirilməsi, daha sonra həbs edilməsi ilə bağlı hadisəyə Rusiya tərəf hansısa formada don geydirməyə çalışırdı. Rusiya tərəfin həmin şəxslərin 25 il əvvəl hansısa bir cinayətin törədilməsində iştirak etdiklərini iddia etdiyini deyən X.Bəşirov vurğuladı ki, bu həm hüquqi, həm də digər baxımdan absurd, əsassız bir ittiham olsa da, yenə orda həbslərə bir don geydirmə cəhdinin şahidi olduq: “Amma Azərbaycan diasporasına rəhbərlik edən və Rusiya cəmiyyətində xüsusi mövqeyi, nüfuzu olan bir şəxsə qarşı cinayət işinin açılmasında, onun oğlunun həbs edilməsində hər hansı bir cinayətdə ittiham edilməsi məsələsi yoxdur. Rusiya hüquq-mühafizə orqanları tərəfindən ortaya atılan ittiham belədir ki, Yekaterinburqda həbs edilən azərbaycanlılar “cinayətkardırlar”, Şıxlınskilər də “cinayətkarları qanunsuz müdafiə edirlər”. Məsələyə hüquqi baxımdan yanaşsaq, cinayət törədən şəxsi müdafiə etmək qanuni bir prosesdir, qanuna, hüquqa zidd deyil. Demək istədiyim odur ki, bir məntiqi əlaqə tapa, hüquqi don geydirə və bir əsaslandırma da apara bilmirlər. Xüsusən də cəmiyyətdə tanınan, nüfuzu olan azərbaycanlılara qarşı bu əməlləri törədirlər ki, sadə azərbaycanlılarda qorxu, xof yaratsınlar və bu da ordakı azərbaycanlıların mövqeyinə zərbə vurmaqdır, ümumilikdə Azərbaycanın mövqeyinə ziyan vurmaq cəhdidir. Hesab edirəm ki, bu heç də Rusiya dövlətinin nüfuzuna müsbət təsir göstərməyəcək, onlara müsbət dividendlər gətirməyəcək, əksinə, nüfuzuna xələl gətirəcək. Eyni zamanda bu özünü hüquqi dövlət adlandıran Rusiyada hüququn və qanunun işləmədiyini ortaya qoyacaq. Bu baxımdan düşünürəm ki, bu addımlar Rusiya-Azərbaycan münasibətlərinə də xələl gətirir, bu münasibətlərin düzəldilməsi istiqamətində biz Rusiyadan hələ ki, bir addım atıldığını görmürük”.
X.Bəşirov qeyd etdi ki, bizim təyyarəmizin vurulması, Azərbaycanın informasiya məkanına qanunsuz kiberhücumların təşkil edilməsi ilə bağlı məsələlərə Rusiyanın aydınlıq gətirməsi haqda gözləntilərimiz olduğu vaxtda belə addımların atılması münasibətlərin pozulmasını daha də dərinləşdirəcək. “Burda yanlış, hüquqaziddlik, hüquqsuzluq var və bu da Rusiya tərəfindən qaynaqlanır. Bunların aradan qaldırılması vacibdir”.
X.Bəşirov qeyd etdi ki, Rusiya lazımı addımları atarsa, bu, münasibətlərimizin düzəlməsinə səbəb ola bilər, amma biz hələ ki, bunun əksini görürük.
İradə SARIYEVA