AZ

“Azərbaycan Rusiyanın cəzalandırılmasına nail olmalıdır, bu da münasibətlərimizin daha da pisləşməsinə səbəb olacaq” - RƏY

“Azərbaycan son illərdə Rusiyanın yanlış davranışlarına, bəyanatlarına daim səbirlə yanaşıb. Rusiya Prezidentinin Qarabağ münaqişəsinin başlanması ilə bağlı söylədiyi yanlış fikirlər, sonradan ATƏT-in Minsk Qrupunun təkliflərini yanlış şərh etməsi, Azərbaycanı müəyyən mənada töhmət altında buraxması, nəhayət, “İsgəndər-M” raketinin Ermənistanın əlinə necə düşməsi barədə müraciətlərimizə heç bir cavab verməməsi Rusiyanın qəbuledilməz davranışlarının yalnız bir neçəsidir. Biz həmişə Rusiyanın çəkisini nəzərə alıb, onun davranışlarına, yanlış addımlarına müəyyən qədər səbir göstərdik. Ötən ilin dekabrında təyyarəmizin vurulmasından sonrakı davranışına qarşı isə səbir göstərmək mümkünsüz oldu, çünki günahsız insanlar qətlə yetirilmişdilər. Rusiya beynəlxalq hüququn tələb etdiyi ən bəsit addımları atmaqdan imtina edirdi. Yalnız deyirdi ki, mənim ərazimdə bu hadisə baş verib, hadisənin necə baş verdiyi, kim tərəfindən törədildiyi məlum olmadığından hələ araşdırma gedir. Təqribən, yeddi aydır ki, bu aradırma hələ davam edir və heç bir nəticə yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

 

“Hər şey ortadadır. Rusiya vaxtı uzatmağa çalışır. Təbii ki, Azərbaycan bu cür davranışla barışa bilməz. Dəfələrlə xəbərdarlıq etdik. Azərbaycan Prezidenti kəskin bəyanatlar verdi, 9 May paradında iştirak etmədi. Düşündük ki, Rusiya bu bəyanatlardan nəticə çıxarar, amma çıxarmadı və münasibətlərimiz kəskinləşməkdə davam edir. Rusiyanın Yekaterinburqda soydaşlarımızı qətlə yetirməsindən sonra münasibətlər bir az da pisləşib. Şuşada keçirilən III Qlobal Media Forumunda Azərbaycan Prezidenti açıq şəkildə dedi ki, AZAL təyyarəsinin vurulması ilə bağlı beynəlxalq institutlara, məhkəməyə müraciət olunacaq və Rusiyanın cəzalandırılması tələb ediləcək. Aydındır ki, bunlar uzun sürən proseslərdir. Azərbaycan Prezidenti buna da hazır olduğumuzu dedi. Bu da məlumdur ki, Rusiya heç vaxt beynəlxalq məhkəmələrin qərarlarını icra etmir. Bütün hallarda Azərbaycan sonadək zəruri addımlar atmalı, Rusiyanın cəzalandırılmasına nail olmalıdır. Çox təəssüf ki, bu, münasibətlərimizin daha da pisləşməsinə səbəb olacaq. Rusiya son illər əsl mahiyyətini ortaya qoyub. Onun qonşulara hörmət etməyən, qonşu dövlətlərin müstəqilliyini həzm edə bilməyən nə qədər zorba, işğalçı bir dövlət olduğu ortadadır. Bunu bütün dünya bilir. Azərbaycanın bu addımları Rusiya tərəfindən bizə qarşı düşmənçilik hərəkətlərinin edilməsinə gətirib çıxara bilər. Biz bunu da nəzərə almışıq. Hesab edirik ki, Rusiya bu vəziyyətdən də düzgün nəticə çıxarmazsa, münasibətlərimiz daha da pisləşəcək. Son nəticədə ən kəskin addımların atılması da istisna olunmur. Söhbət diplomatik münasibətlərin pozulmasına belə gedib çıxa bilər. Burada günahkar, təbii ki, Rusiya olacaq. Azərbaycan heç vaxt bunu istəməyib. Normal qonşuluq münasibətlərinin qurulmasını istəyib. Ancaq qonşumuz budursa, normal bəyanatlardan, normal hüquqa uyğun addımlardan düzgün nəticə çıxarmırsa, daha kəskin addımlar atmaqdan başqa çarə qalmır”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 21 İyul 2025, 13:40   
Seçilən
20
50
pravda.az

10Mənbələr