BAKI, TurkicWorld
Suriya ordusu Süveydadan geri çəkilərək sabitliyə çağırış edib.
TurkicWorld xəbər verir ki, Suriya hökuməti təhlükəsizlik qüvvələrinin Süveyda əyalətindən geri çəkildiyini təsdiqləyib və ölkədə sabitliyin təmin olunması üçün beynəlxalq ictimaiyyətə çağırış edib.
Rəyasət Heyətinin açıqlamasında bu qərarın vasitəçi ölkələrin təşəbbüsünə cavab olaraq verildiyi bildirilir.
Hökumət bəyan edib ki, toqquşmalara səbəb olan yerli druz silahlı qrupları razılaşmaları pozaraq daxili sülhü təhdid ediblər. Rəsmi Dəməşq məzhəbindən və mənsubiyyətindən asılı olmayaraq bütün suriyalıların təhlükəsizliyini təmin etməkdə qərarlı olduqlarını vurğulayıb. Açıqlamada həmçinin İsrailin Suriyanın daxili işlərinə müdaxiləsinə son qoyulması tələb olunub və bu müdaxilələrin bölgədə xaosu daha da dərinləşdirdiyi qeyd edilib.
Qeyd edək ki, Süveyda əyalətində iyulun 13-dən başlayaraq druz silahlı qrupları ilə Suriya təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Atəşkəs cəhdlərinə baxmayaraq, bölgədə gərginlik davam edib və İsrail iyulun 16-da Suriya Prezidentinin iqamətgahı da daxil olmaqla bir neçə hərbi obyektə hava hücumu təşkil edib. Yüzlərlə insanın həyatını itirdiyi bildirilir.