Əsrin ən mürəkkəb geosiyasi düyünlərindən biri olan Yaxın Şərq yenidən alovlanmaq üzrədir. Suriyada son günlərdə məzhəblərarası qarşıdurmalar şiddətlənib, müxtəlif silahlı qruplar arasında toqquşmaların artması isə bölgədəki sabitliyin bir daha pozulduğuna işarə edir. Paralel olaraq, İsrailin Dəməşq və digər ərazilərdə həyata keçirdiyi hava zərbələri regionda gərginliyi daha da dərinləşdirib. İsrailin bu hücumlarının arxasında hansı strateji məqsədlər dayanır? Məzhəb zəmnində dərinləşən qarşıdurmalar və İsrailin artan hərbi aktivliyi fonunda Yaxın Şərqdə genişmiqyaslı müharibə ehtimalı nə dərəcədə realdır? Digər tərəfdən, Türkiyə prezidentinin İsrailə qarşı sərt mövqeyi və açıq tənqidləri Ankaranın da bu qarşıdurmada dolayısıyla iştirak ehtimalını gündəmə gətirir. Bəs Suriyada İsrail-Türkiyə qarşıdurması baş verə bilərmi?
Moderator.az-a danışan politoloq Azər Qasımov deyib ki, Suriyanın yeni rejiminin reputasiyası, yəni keçmişinin İŞİD-lə əlaqələndirilməsi, əslində regionda marağı olan güclər üçün öz planlarını həyata keçirmək üçün şərait yaradır. Onun sözlərinə görə, İsrail də Durzilərin təhlükəsizliyini bəhanə edib Qolan təpələrini tamamını, Durzilər yaşayan əraziləri işğal etməyə çalışır:
“Məzhəb davaları hər zaman kənar güclər tərəfindən alovlandırılır. Bunu İrakda, Suriyada əvvələr də görmüşük. Bu, konflikt yaratmağın ən təhlükəli və qanlı yoludur. Göründüyü kimi də son gündə Suveydada qətl edilənlərin sayı 150-dən çoxdur.
İsrailin məqsədi Durzilər yaşayan ərazilərlə Suriyanən Cənub-Qərbində PYD-PKK-nın əlində olan ərazilər arasında "Davud koridoru" deyilən dəhliz yaratmaqdır”.
Politoloq qeyd edib ki, Türkiyə bu prosesdə səbrli davranışını davam etdirir:
“Hələlik xəbərdarlıq etməklə kifayətlənir. İsraillə açıq qarşıdurmadan geri dayanır. Amma bu, bir yerə qədərdir. Məsələnin geosiyasi mahiyyəti böyükdür. Suriyada Türkiyənin İsrailə məğlub olması və ya əksinə durum hər iki ölkə üçün həyatı əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, hadisələr bilavasitə bu ölkələrin sərhəddində cərəyan edir və hər tərəfin öz planları var. Ona görə də Türkiyə və İsrailin Suriyada geosiyasi mövqe uğrunda qarşı-qarşıya gəlmək ehtimalları getdikcə artır. Son ana kimi diplomatik kanalların açıq olduğu görünür. Amma mövqelər bir-birinə çox ziddir. Bu ölkələrin açıq müharibəyə başlaması tək Yaxın Şərq regionunun yox, bütün dünya geosiyasətinin yenidən qurulması ilə bitəcək”.
A.Qasımov hesab edir ki, iki ölkə rəsmilərinin dövlət ağlı bu qarşıdurmadan sakitliklə çıxmaq üçün iradə göstərəcəklər:
“Azərbaycana yaxın və əziz olan Türkiyə və İsrailin buna qadir olduğuna şübhə yoxdur. Azərbaycan da öz köməyini göstərməyə həmişəki kimi hazırdır. Fikrimcə, hər iki ölkə ilk növbədə öz maraqlarından çıxış etməlidirlər. Suriya ərazisi əgər geosiyasi oyunlar meydanına çevrilişə və bunda Suriya xalqı aciz olubsa, ərazilərindəki xalqların da hansı ölkənin təhlükəsizlik çətiri altında yaşamaq istəyi də onların öz işləridir”.
Mehin Mehmanqızı