AZ

Bakının Rusiya ilə barışıq planı – yalnız bu halda mümkündür

  Rusiya-Azərbaycan münasibətlərində gərginlik davam edir. Müzakirələrdə belə sual keçir ki, Azərbaycanla Rusiyanı hansı dövlət barışdıra bilər? Hətta bəzi ekspeetlər bir neçə ölkənin – Türkiyə, Çin, Səudiyyə Ərəbistanı və s. adlarını çəkir.

Azərbaycan tərəfinin şərtləri məlumdur: təyyarə qəzasına görə üzrxahlıq və kompensasiya. Bunlar olmayınca barışığın da mümkünsüzlüyü aydın görünür. Bəs ortaq razılıq nə ola bilər? Rusiya hansı halda Bakının şərtlərini qəbul edəcək?

Referans bildirir ki, Globalinfo.az-a danışan millət vəkili Hikmət Babaoğlu hesab edir ki, Rusiya ilə Azərbaycan arasında hələ də ikitərəfli qaydada, yəni vasitəçi olmadan yeni bir razılaşmanın əldə olunması və gərginliyin aradan qaldırılması potensialı var:

“Çünki bu gün heç bir ölkənin Rusiya ilə Azərbaycan arasında vasitəçilik etməsi mümkün görünmür. Nə Çin, nə Türkiyə, nə də Səudiyyə Ərəbistanın heç biri Azərbaycan qədər Rusiyanın daxili siyasi mətbəxi ilə tanış deyil. Həmçinin Rusiya ilə Azərbaycan arasında olan əlaqələr qədər onların dərin tarixi əlaqələri yoxdur. Ona görə sadəcə Rusiyanın istəyi olsa bu potensialın reallaşması və ikitərəfli qaydada bu gərginliyin aradan qaldırılması cəhdləri ola bilər. Amma çox təəssüf ki, Rusiya bundan imtina edir”.

H. Babaoğlu qeyd edib ki, əgər biz bu gərginliyin aradan qaldırılması üçün hipotetik olaraq vasitəçi axtarırıqsa o zaman Çin çox təsirli aktordur:

“Rusiya apardığı siyasət sayəsində bu gün imperiyadan vassallaşmağa doğru gedir və hazırki şərtlərdə həm iqtisadi, həm siyasi, həm də müasir texnologiyalar baxımdan nəzəri cəhətdən Çinin vasitəçi rol oynaması mümkündür. Amma Rusiyanın güzəştsiz mövqeyini də bilirik. Dəfələrlə müxtəlif məsələlərdə vasitəçilik etmək istəyən ölkələrin bu və ya digər formada vasitəçiliyi baş tutmayıb”.

Deputat vurğulayıb ki, Çinlə Azərbaycan münasibətlərinin dərin kökləri var:

“Aprel ayında Azərbaycan prezidenti Çin Xalq Respublikasına səfər edib, ikitərəfli münasibətlər daha da dərinləşib. 2024-cü ildə Çinlə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb və hər gün daha çox Çin şirkətinin Azərbaycana investisiya qoyduğunu görürük. Bu yaxınlarda Mingəçevir İstilik Elektrik Stansiyasının açılışında Çin şirkətinin fəaliyyətini gördük. Ən nəhayət, Azərbaycanın açmağa çalışdığı, Rusiyanın isə nəzarət etməyə çalışdığı Zəngəzur dəhlizi birbaşa Çinin marağında olan dəhlizdir.
Ona görə nəzəri baxımdan mütləq vasitəçinin kim olmasını müəyyənləşdirmək lazımdırsa, o zaman ən böyük potensiala malik və ən təsirli vasitəçi Çin Xalq Respublikası ola bilər”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan və Rusiya arasında vasitəçiyə ehtiyac yoxdur:

“Azərbaycan Rusiya ilə münasibətlərdə gərginlikdə maraqlı deyil, amma maraqları tapdananda əlbəttə ki, öz sözünü deyəcək. Təyyarəmiz vurulduğunda üzrxahlıq olmadı, cinayətkarlar cəzalandırılmadı, sonra Yekaterinburq hadisələrində azərbaycanlılar qətlə yetirildi, işgəncə verildi, buna görə ciddi araşdırılma aparılmadı və bu zaman biz haqq səsimizi ucaltdıq. Əgər Rusiya azərbaycanlılar əleyhinə bu cür siyasəti davam etdirirsə hansı vasitəçiyə ehtiyac var ki?”

E.Şahinoğlu bildirib ki, bu məsələni birbaşa danışıqlar yolu ilə də həll etmək olar:

“Azərbaycan öz istək və tələblərini, Rusiya da öz mövqeyini ortaya qoyacaq və məsələ həll olunacaq. Əgər Azərbaycanla Rusiyanın vasitəçiyə ehtiyacı varsa bu o deməkdir ki, onlar faktiki müharibə vəziyyətindədir. Əslində isə bu belə deyil. Azərbaycan bütün qonşularla, o cümlədən Rusiya ilə normal münasibətlərin tərəfdarıdır. Rusiyada da gərək anlayalar ki, Azərbaycanın maraqlarının əleyhinə hərəkət etdikdə, əlbəttə, münasibətlərdə gərginlik yaşanacaq”.  

Seçilən
62
50
referans.az

10Mənbələr