"Bəzən bir gülümsəmə, səmimi söz və ya maraqlı dialoq sizin haqqınızda daha dərin və müsbət təəssürat yaradır..."
İnsanları özünə çəkən yalnız xarici gözəllik deyil. Tədqiqatlar göstərir ki, romantik münasibət üçün ideal partnyor axtaran insanlar çox vaxt gözəllikdən daha dərin meyarlara əsaslanır.
Moderator.az xəvər verir ki, bu barədə "Gentlemen's Quarterly" jurnalı yazıb.
Nəşr qeyd edir ki, xoş təsir bağışlamaq üçün mükəmməl bədən quruluşuna və ya Hollivud ulduzu görkəminə sahib olmaq mütləq deyil - bəzən cazibə tamam başqa şeylərlə yaranır. Aşağıdakı beş xüsusiyyət, ilk baxışdan gözə çarpmasa da, sizi çox daha cəlbedici edə bilər:
Yaxşılıq etmək bacarığı və insan kimi davranmaq
Səmimiyyət, mehribanlıq və etibarlılıq - bunlar ilk təmasda insanın yadda qalmasını təmin edən əsas davranışlardır. Psixoloqlar deyir ki, insanlar qarşılarındakı şəxsdə güvən axtarır. Aqressivlik və təkəbbür isə nə qədər xarici cəlbediciliyin olsa belə, sizi dərhal itirə bilər. Empatiya və münasibətlərdəki mehribanlıq, tərəfdaşla uzunmüddətli və sağlam bağlar qurmaq üçün əsas şərtlərdən biridir. Əgər qarşı tərəf sizinlə rahat və təhlükəsiz hiss edirsə, bu artıq vizual təsirlərdən qat-qat güclü cazibə yaradır.
Zəka və yumor hissi
Zəka həm də özünüifadə bacarığıdır. Maraqlı danışmaq, aktual mövzulardan xəbərdar olmaq, kitablar, sənət, kino ilə maraqlanmaq insanı daha cazibədar edir. Yumor isə bu təsiri ikiqat artırır, çünki gülüş yaxınlıq və rahatlıq yaradır. Kanadalı psixoloq Alek Bellin sözlərinə görə, qadınlar və kişilər romantik partnyor seçərkən yumor hissini çox arzulanan keyfiyyət kimi dəyərləndirirlər. Kiminsə sizi güldürməsi, eyni zamanda onunla emosional bağ qurmaq üçün körpü rolunu oynayır.
Başqalarına maraq göstərmək
İnsanlara qarşı səmimi maraq göstərmək, diqqətlə dinləmək, söhbəti təkəlləşdirmədən fikir mübadiləsi aparmaq - bütün bunlar sizi başqalarının gözündə daha cəlbedici edir. Unutmayın, insanlar dinlənildiklərini və qiymətləndirildiklərini hiss etdikdə həmin şəxslə emosional bağ qurmağa daha meylli olurlar. Bu isə təkcə cazibəni artırmır, eyni zamanda daha dərin və davamlı münasibətlər yaradır.
Qoxu yadda qalır
İnsanı ən güclü emosiyalara bağlayan duyğulardan biri iybilmədir. Gözəl ətir sadəcə gigiyena əlaməti deyil, bu, sizin haqqınızda qarşı tərəfdə formalaşan emosional təəssüratdır. Təbii ki, universal ideal ətir yoxdur. Burada əsas məqsəd sizin ruh halınıza, xarakterinizə və ya mesajınıza uyğun olanı tapmaqdır. Amma diqqət edin - ətir bolluğu bəzən əks effekt yarada bilər.
Stresdən uzaq durmaq və daxili tarazlıq
Stres təkcə daxili vəziyyətinizə deyil, eyni zamanda zahiri görünüşünüzə də təsir edir. Gözaltı kölgələr, solğun dəri, yorğun baxışlar sizi daha az cazibədar edə bilər. Mütəxəssislər vurğulayır: necə ki, gülümsəmək və xoş rəftar sizi daha cazibədar göstərir, eləcə də stresin vizual izləri sizi daha zəif və yorğun göstərə bilər. Meditasiya və özünə qayğıya zaman ayırmaq, daxili rahatlığı təmin etməklə yanaşı, xarici görünüşünüzdə də müsbət dəyişikliyə səbəb olur.
Cazibə anlayışı təkcə gözlə görünənlə ölçülmür. İnsanları sizə bağlayan şey çox vaxt sizin xarakteriniz, davranışınız və qarşılıqlı münasibət qurmaq bacarığınızdır. Bəzən bir gülümsəmə, səmimi söz və ya maraqlı dialoq sizin haqqınızda daha dərin və müsbət təəssürat yaradır. Əsl cazibə saç düzümündə və ya dəbdə deyil, sizin kim olduğunuzda gizlənir.