AZ

Uğur un indiki yolu: fərdi utanmazlıqdan sosial arsızlığa

ain.az, 525.az portalına istinadən məlumat verir.

Günel MUSA

İnsan övladı icma halında yaşadığı ilk zamanlardan bəri utanmaq hissi ilə var olub. Bu hiss təkcə insanın özü ilə deyil, yaşadığı cəmiyyətlərdəki qurduğu münasibətlərin təməl daşlarından biridir həm də. Əvvəllər insanlar günahlarını gizləmək üçün deyil, utandıqları üçün əlləri ilə üzlərini örtərmiş. Çünki utanmaq insanın özünə olan hörmətin ən dərin ifadəsi sayılırmış. "Utanmaq" hissindən keçmiş zamanda danışıram. Çünki günümüzdə artıq əksəriyyətin utanmadığını söyləyə bilərik. Xətalar gözümüzün önündə "cəsarətlə" sərgilənir, ayıblar ekrandan boy göstərir, məhrəm olan nə varsa, meydandadır. Bir zamanlar pıçıltı ilə dilə gətirilənlər artıq yüksək səslə elan olunur. Küçələr, ekranlar, platformalar... Hər yer utanma hissinin alqışlarla boğulduğu bir səhnəyə çevrilib. Bəyənmə sayı qədər dəyərlisən, paylaşmadığın şey yaşanmamış sayılır artıq. Utanmaq köhnəlmiş bir hissdir dövrümüzdə. Halbuki utanmaq insanın sərhədlərini bildiyi yerdir. Məhrəmiyyətin başladığı qırmızı xətdir, vicdanın dindiyi an, gözyaşının məna qazandığı dayanacaqdır. Bir sözlə, utanmaq hələ də insan olduğumzun sübutudur.

Paskal Brunker, Byunq Çol Xan kimi müasir filosoflar da utanmağın yerini "özünü nümayiş"ə verdiyini, məhrəmiyyətin yox olmasının insanı daxili dərinlikdən uzaqlaşdırdığını vurğulayırlar.

Antropoloqlara görə, utanmaq hissi, ilk insan cəmiyyətlərində qrupdan kənarlaşdırılmaq qorxusu ilə meydana çıxıb. Çünki bir insanın qəbilədən kənarda yaşamağı ölümə bərabər idi. Ona görə də qaydalara əməl etməmək, uyğunsuz davranışlar ağır nəticələrə səbəb olurdu. "Utanc" hissi məhz sosial həyatda qalmaq instinktindən doğub. Günahlandırılan, qəbilədən uzaqlaşdırılan insan utanc hiss edərdi. Bu səbəbdən də utanmaq həm insanın özünü, həm də icmanı qoruyan bir mexanizm sayılırdı.

Qədim Yunanıstanda "aidos" kəlməsi həm utanmağı, həm də hörməti ifadə edirdi. Çünki onlar üçün utanmaq şərəfli bir ömür sürməyin göstəricisi idi. Qəhrəmanlıq qədər əxlaqda da tarazlıq əhəmiyyətli hesab olunurdu. Homerin dastanlarında da qəhrəmanların döyüşlərdə göstərdikləri cəsarətlərindən çox, cəmiyyətə qarşı hiss etdikləri utanma hissi ilə hərəkət etmələrindən bəhs olunur. Həmin dövrdə utanmaq bir növ əxlaq kompası idi.

Romada isə bir az fərqli əxlaq anlayışı hakim idi. Roma vətəndaşı cəmiyyətin qanun və adətləri ilə ayaqlaşmaq məcburiyyətində qalırdı. Utanmaq bir növ hüquqi və ictimai uyğunlaşmaq vasitəsi hesab olunurdu. Hətta işlənilən bəzi günahlar üçün ən ağır cəza ictimaiyyət qarşısında alçaldılmaq - yəni utandırılmaq sayılırdı. Orta əsrlərdə isə utanma hissi daha çox dini çərçivədə şəkillənmişdi. Xristianlıqda günah anlayışı ilə utanma hissi iç-içə keçdi. Seksual istək, acgözlük kimi hisslər boğulmalı idi. Utanmaq artıq sosial məsələ yox, mənəvi məsuliyyətə çevrilmişdi. Allaha qarşı işlənən hər günah, insanın içində utanc hissi doğurmalı idi.

Bir qədər sonrakı dövrdə İslam coğrafiyasında da həya əhəmiyyətli fəzilət olaraq qəbul edilirdi. Məhəmməd Peyğəmbərin "Həya imandandır" sözü bu hissin təkcə əxlaqi deyil, eyni zamanda dini təmələ söykəndiyini göstərirdi. Həya bir insanın həm Allaha, həm də insanlara qarşı məsuliyyət və diqqət hissi ilə yaşamağını məsləhət görürdü.

İntibah və Maarifçilik dövründə isə utanma hissi artıq fərdiləşməyə başladı. İnsanlar Allahdan, yaxud da cəmiyyətdən deyil, özlərindən utanmağa başladılar. Vicdan daxili hakimiyyətə çevirildi. Freydə görə, utanma basdırılmış istəklərin ifadəsi nəticəsində meydana gələn daxili münaqişənin nəticəsidir. O dövrdə utanmaq artıq təkcə ictimai quruluşun bir hissəsi deyil, həm də insanın psixoloji quruluşunun bir parçası idi.

Bu gün isə utanma hissi itkilərimiz siyahısındadır. Texnologiyanın inkişafı ilə birlikdə arsızlaşan insanlıq, məhrəmiyyətini, özünə hörmətini və vicdanını itirmək təhlükəsiylə qarşı-qarşıya qalıb. Utanmalı olduğumuz davranışlar sürətlə yayılır, alqışlanır, hətta bəzən "mükafatlandırılır". İnsanlıq tarixində bəlkə də ilk dəfə utanmamaq öyünmə nöqtəsinə gəlib çatıb. Artıq bir çox anlayışın yerindən oynadığı dövrdəyik. Utanmaq hissinin zəiflik hesab olunduğu, lağ obyektinə çevirildiyi, hətta lazımsız bilindiyi bir zamanda yaşayırıq, təəssüf ki. Əvvəllər əri, ya arvadı tərəfindən xəyanətə məruz qalan insanlar utandıqlarından bu məsələnin üstünü örtməyə çalışırdılarsa, indi ailədə xəyanətə uğramış adamlar çəkdikləri videolar ilə sosial şəbəkələrdə "fenomen" olurlar. Sosial mediada sərhədsizlik rəqəmsal arsızlığı ortaya çıxartdı. Bir vaxtlar insanlar utandıqları şeyləri gizləməyə çalışırdılar, indi isə utanılmalı nə varsa, ortaya tökülür.

lll

Sosial media həyatımıza girdiyi ilk zamanlarda informasiya almaq, əlaqə yaratmaq məqsədi daşıyırdı. Ancaq zamanla məhrəmiyyət, hörmət, sərhəd anlayışlarını içində əritdi. Hər hissi, hər düşüncəni paylaşmağa başladıq. Bu vəziyyət sadəcə şəxsi həyatın nümayişi ilə məhdudlaşmadı, eyni zamanda insanların hərəkətlərini, danışıqlarını senzurasız, redaktəsiz ictimaiyyətə təqdim etdiyi yeni bir dövrə - rəqəmsal arsızlığa qədəm qoymuş olduq. Əxlaqsız söhbətlər, nifrət dilinin adiləşməsi, qalmaqallı videolarla şöhrət axtarışı artıq milyonlarla insanın ekranında barmaq ucu qədər yaxındır.

Sosial media insanların özünüifadə meydanından çox, başqlarını ittiham etmə, alçaltma arenasına da çevrilib. "Linç mədəniyyəti" rəqəmsal dünyanın yeni "ədaləti" olub. Birinini dili dolaşanda, fikri xoşumuza gəlməyəndə onu utandırmaq refleks halını alıb. İşin ironiyası ondadır ki, utandıranlar da utanmırlar. Sosial mediada başqalarına "utanmalı" olduğunu söyləyənlərin çoxu öz keçmişlərindəki bənzər davranışlara göz yumurlar. Bu ikitərəfli üzsüzlük halı rəqəmsal platformaları bir növ vicdansızlıq tamaşasına çevirir.

Sosial media alqoritmləri həqiqətin deyil, diqqət çəkməyin izindədir. Ona görə də nə qədər təxribatçı olursansa, o qədər də çox görünürsən. Həqiqətin yerinə "sensasiya" mükafatlandırılır. İnsanlar ən xüsusi anlarını, təxribatçı fikirlərini heç bir utanma hissi olmadan paylaşırlar. Çünki bilirlər ki, bu, onları "gündəmə daşıyır". Nə qədər çox insan tərəfindən izlənilsən, o qədər əhəmiyyətli olduğunu zənn etmək, arsızlığı adiləşdirən psixoloji tələdir.

Sosial mediada utanmazlığın başqa bir səbəbi anonimlik zirehidir. İnsanlar real şəxsiyyətlərinin arxasında gizləndikləri zaman, söylədiklərinin əxlaqi, ya da insani məsuliyyətini hiss etmirlər. Çünki üz-üzə söyləyə bilməyəcəkləri fikirləri bir istifadəçi adı altında asanlıqla yaya bilirlər. Bu vəziyyət sosial münasibətlərdəki təməl tarazlığımızı da pozub və qarşımızdakını artıq insan olaraq görməyimizə mane olur. Artıq insanlar bizim üçün sadəcə bir "profil"dən ibarətdir. Bu da empatiyanı öldürür, utanma hissini ortadan qaldırır.

Əvvəllər insan utanacaq bir iş görəndə üzü qızarırdı. İndi nə qədər çox "like" gəlirsə, o qədər xoşbəxt olur insanlar. Çünki cəmiyyətin əksəriyyəti artıq nəyin utanılacaq bir hərəkət olduğunu müəyyənləşdirə bilmir. "İzləyici", ya da "trend" uğrunda hər şey məqbuldur və insan öz reallığını yox, virtual təsdiqini əhəmiyyətli sayır.

lll

Əfsuslar olsun ki, ənənəvi media da indi, böyük faizlə, özünün "utanmazlıq dövrü"nü yaşayır. Bir zamanlar xalqın vicdan səsi olan, doğru sözün, əsl sənətin, sənətkarın arxasında dayanan bir güc idi media. Amma bu gün artıq bir çox media qurumları vicdanın deyil, süni reytinqin arxasınca düşməkdən həlak olub. Nəticədə isə heç bir xəbərin, yazının, müsahibənin başlığına "şok", "inanılmaz", "dəhşətli" sözləri yazılmasa, baxılmır, oxunmur. Dəyərli olan yox, "qışqıran", meydanı qarışdıran diqqət çəkir.

Bir vaxtlar diktorlar baş verənləri olduğu kimi təqdim edərdi. Bu gün isə xəbər proqramları dramatizasiya sənətinə çevrilib. Başlıqlar şişirdilir, cümlələr kontekstdən çıxarılır. "Son dəqiqə" başlığı ilə başlayan hər xəbər ya qorxu yaymaq vasitəsidir, ya da emosional istismardır. Məsələn, bir uşağın itkin düşməsi, ya da bir ailənin dramı artıq sadəcə məlumat xarakterli təqdim olunmur. Kamera qarşısında ağlayan analar, başqası ilə qaçan qadınların efirə çıxıb vay-şivən salan ərləri, şou materialına çevrilən çirkin ailə dramları... Bəs bu səhnələrin arxasındakı utanma hissi hardadır?

Artıq uzun illərdir ki, media daha çox faciə və qalmaqallar hesabına "parlayır". Cinayət xəbərləri, cinsi zorakılıq halları, ailə daxili münaqişələr "ictimaiyyəti məlumatlandırma" iddiası ilə təqdim olunsa da, əslində reytinq tələsidir. Qurbanın deyil, cinayətkarın adı ön plana çıxarılır, detallar təkrar-təkrar işlənərək hadisə şoulaşdırılır. Ortada məhrəmlik, gizlilik qalmır. Hətta bəzi hallarda zərərçəkənlərin şəxsiyyətləri gizlənilmədən yayımlanır. Efirə çıxarılan uşaqların üzləri açıq şəkildə nümayiş olunur. Bu, artıq təkcə etika pozuntusu deyil, birbaşa vicdanın süqutudur.

Bir qəzada həyatını itirən insanın qanlar içindəki görüntüsünün yayımlanması, ya da mərhumun cənazəsinin məzara qoyulmasının yaxın plandan çəkilməsi adiləşdirilib artıq. Əksinə, "daha çox baxılır" deyə manşetə çıxarılır. Ölənin ailəsi nə hiss edər, uşaqları bunu necə qarşılayar - heç kimin vecinə deyil. Çünki ümumi düşüncə belədir: ekranın digər tərəfində yalnız oxucu, izləyici, yəni müştəri var, insan yox. Belə davrananlar çox yaxşı bilirlər ki, insanlar ən ağrılı mənzərələrdən kədərlənsələr də, yenə də marağa düşüb izləyirlər. Bax elə buna görə də media öz əxlaqi məsuliyyətini itirmiş vəziyyətdədir. Çünki utanılacaq bir şeyi yayımladıqları zaman qarşılığında qınaq, mənfi reaksiya yox, diqqət və maraq görür.

Müasir medianın başqa etikadan kənar tərəfi isə qərəzli məlumatlar istehsalıdır. Artıq bir çox media orqanı "kimin tərəfindəsən?" sualına tərəddüdsüz cavab verərək hərəkət edir. Obyektivlik öz yerini təbliğat dilinə verib. Həqiqəti araşdırmaq yox, oxucunun eşitmək istədiyini vermək məqsədi güdülür. Xəbərlər təhrif olunur, lazım gəldiyi zaman manipulyasiya edilir.

Ən ağır məqamlardan biri də artıq ənənəvi medianın sosial media trendlərini izləməsidir. Sosial şəbəkələrdə bir paylaşım diqqət çəkdisə, dərhal xəbər saytlarında şişirdilmiş başlıqlarla yerini alır. Baxırsan, hadisə yox, xəbər yox, ancaq şərhlər var. İnsanların fikirləri həqiqət kimi təqdim olunur. Beləcə, xəbərin özü deyil, yaratdığı müzakirə dəyərli olmağa başlayır. Bu da jurnalistikamızda "müzakirə yaratmağın" yeni bir yolunu açmış olur: "Əxlaqdan uzaq, sensasiyaya yaxın bir yol".

Məşhur italiyan rejissor İngmar Berqmandan soruşublar ki, gedişat pisdir, dünya necə xilas olacaq? Cavabı təxminən belə olub: "Dünyanı yalnız utanan insanlar xilas edə bilər. Çünki utanmaq təkəbbür adlanan ən böyük günahın, yalanın, böhtanın, oğurluğun, arsızlığın qarşısında duracaq ən böyük maneədir". Bilmirəm, bu sözləri həqiqətən Berqman deyib, ya yox, amma mən də artıq dünyanı utanan insanların xilas edəcəyinə inanmaq istəyirəm. Utanc hissi bir ümiddir və biz o ümidə sarıla bilsək, peşəmizi də, özümüzü də, dünyamızı da xilas edə bilərik.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
25
525.az

10Mənbələr