Xəbər verdiyimiz kimi, Azərbaycanda son aylarda bütün mənzillər, xüsusilə də, fərdi evlər bahalaşıb. Bu proses dayanmadan davam edir. Hətta deyə bilərik ki fərdi evlərin qiymətləri artıq bina evləri ilə eyniləşib.
Xüsusilə, fərdi evlərin bu dərəcədə bahalaşmasının səbəbi nədir? Nəyə görə son dövrlər belə bir artım var?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“İlk növbədə, daşınmaz əmlak qiymətləri təkcə Azərbaycanda və Azərbaycanın paytaxtı olan Bakı şəhərində bütün dünyada artır. Qlobal artımdır və bu onunla bağlıdır ki, daşınmaz əmlak az riskli və dinamik gəlir gətirən investisiya obyektidir. Bu gün hər hansısa biznesə ayrılan investisiya böyük nəticələr gətirə bilər, lakin biznes alınmaya bilər. Amma daşınmaz əmlak belə deyil. Daşınmaz əmlak daim qiyməti artan və investisiya üçün daim məqsədəuyğun nümunədir. Bu təkcə qiymət artımı ilə yekunlaşmır. Həm də evlərin kirayə verilməsi nəticəsində də daimi gəlir əldə oluna bilər”.
Ekspert bildirib ki, torpaq sahələrinin qiymətlərinin artması da ölkədə daşınmaz əmlak qiymətlərinə ciddi təsir edir. Bu baxımdan torpaq və daşınmaz əmlak qiymətlərinin artımı davamlı olacaq.
“Ölkə əhalisinin sayı artdıqca torpaq sahələrinin də sayı get-gedə azalır. Bütün tikililər torpaq üzərində olduğuna görə, onun qiyməti artdıqca üzərindəki tikili obyektlərin də qiyməti bahalaşır. Urbanizasiyanın da qiymət dəyişikliyində danılmaz rolu var. Tikinti materialları da hazırda Rusiya-Ukrayna müharibəsi fonunda bahalaşır. Son illərdə əvvəlki dövrə nisbətən tikintinin başa gəlmə məsrəfləri yüksəkdir. Bunlardan əlavə fərdi evlər vətəndaşların daha çox pandemiya dövründə meyl etdiyi, eləcə də yay aylarında xüsusilə istifadə etdiyi məkanlardır. Hazırki mövsüm yay olduğuna görə bağ evlərinin qiyməti daha yüksəkdir. Əvvəllər kvadrat metri 1000-1500 manata təklif olunan bağ evləri hazırda 2000-3000 manata təklif olunur”.
Vüqar Oruc qeyd edib ki, qiymət artımı hər ay baş verir. Hər il ötən ilə nisbətən 15-18 faiz artım müşahidə olunur. Bu artım təbii ki, daşınmaz əmlakın ümumi qiymətinə təsir göstərir. Daşınmaz əmlak mövsumi olaraq artsa belə, sonra qiymətin əvvəlki vəziyyətinə qayıtması baş vermədiyinə görə ümumi bahalaşmaya səbəb olur.
Fidan Vəlisoy