Bir neçə gün bundan əvvəl Böyük Britaniya və Fransanın nüvə silahından istifadə ilə bağlı birgə strateji bəyannamə imzalaması Qərbin nüvə siyasətində dönüş nöqtəsi kimi qiymətləndirildi. Artan hərbi ritorika, bir-birinə yönəlmiş ittihamlar və nüvə arsenalı ilə bağlı açıq bəyanatların qlobal sabitliyə ciddi təhlükə yaratması fonunda Birləşmiş Krallıq bu dəfə Almaniya ilə genişmiqyaslı müdafiə sazişi imzalayıb. Sənədin geosiyasi vəziyyətdə köklü dəyişikliklər və Rusiya təhlükəsi ilə əlaqədar iki ölkə arasında strateji tərəfdaşlığı nəzər tutduğu qeyd olunur. Bu isə Avropa daxilində yeni təhlükəsizlik arxitekturasının qurulmasından, təhlükəsizlik ittifaqlarının yaranmasından xəbər verir. Bu, həm də sadəcə hərbi deyil, siyasi müstəqillik anlamına da gəlir.
NOCOMMENT.az bildirir ki, siyasi şərhçi Oqtay Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Donald Tramp Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gələndən sonra Avropanın təhlükəsizliyi ilə bağlı ciddi suallar ortaya çıxıb və üzv ölkələr artıq öz təhlükəsizliklərinin təmin olunması ilə bağlı addımlar atmalıdırlar:
“Bu baxımdan, Böyük Britaniya, Almaniya, Fransa kimi Avropanın qabaqcıl ölkələri də məhz bu istiqamətdə konkret addımlar atmaqla bağlı qərarlar verməyə başlayıblar. Xüsusi ilə də Böyük Britaniya bu məsələlərdə kifayət qədər aktivlik nümayiş etdirir və Avropa İttifaqının aparıcı ölkələri olan Fransa və Almaniya ilə də bir çox istiqamətlərdə, xüsusilə də hərbi və texnoloji sahələrdə əməkdaşlıqlara imza atılıb. O cümlədən bu ölkələr həm də Ukraynaya ciddi dəstək verən ölkələrdir”.
“Məsələ bundan ibarətdir ki, Trampın siyasəti məhz Avropa ölkələrini öz təhlükəsizlikləri ilə bağlı daha ciddi addımlar atmağa məcbur edir. Bu baxımdan, hal hazırda Avropada sanki yeni ittifaqlar yaranmaqdadır. Əgər biz yalnız Fransa-Britaniya hərbi alyansından danışsaydıq, bu, sanki Antantanın yenidən dirçəldilməsi cəhdi kimi də görünə bilərdi. Amma Almaniyanın da bu prosesə qoşulması, artıq Avropanın aparıcı ölkələrinin öz səylərini və potensiallarını bu istiqamətdə birləşdirmək və mümkün Rusiya təhdidlərinə qarşı istifadə etməyə çalışmasıdır. Bu da hal-hazırkı durumda effektiv addım sayıla bilər”, – deyə şərhçi vurğulayıb.
Analitik hesab edir ki, NATO ilə bağlı Avropanın müəyyən gözləntiləri olsa da, ABŞ-nin mövqeyində bu hələ ki, görünmür:
“Yəni, Vaşinqton NATO-ya üzv ölkələrə təzyiqlər edir, onları öz hərbi büdcələrini artırmaqla bağlı addımlar atmağa tələsdirir. Bu baxımdan, qeyd olunan ölkələrin münasibətlərinin bu formada müəyyənləşdirilməsi, əlbəttə ki, başa düşüləndi və əslində, hazırkı durumda vəziyyətdən çıxış yollarının biri kimi də dəyərləndirilə bilər”.