ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın onilliklər boyu ABŞ və Qərbə qarşı əsas təhdid aləti olan nüvə faktoru artıq real təsirini itirir... Kremlin nüvə təhdidləri Qərbdə daha xof yaratmır, qaydasız və mürəkkəb yeni strateji oyun Rusiyanı əsas şantaj alətindən məhrum edir...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ və Qərbin Rusiya təhlükəsinə qarşı mübarizəsi artıq daha qəliz mərhələyə keçmək üzrədir. Belə ki, son məlumatlara görə, Avropanın təhlükəsizlik arxitekturasında yeni bir dövr başlayıb. ABŞ onilliklər sonra ilk dəfə olaraq, Böyük Britaniyada B61-12 taktiki nüvə bombaları yerləşdirib. Üstəlik, bu, demək olar ki, Ukraynanın Rusiya ərazisində strateji bombardmançı təyyarələrə qarşı keçirdiyi “Pautina” əməliyyatından qısa müddət sonraya təsadüf edir. Qətiyyən təsadüfi olmayan bu hadisələr ABŞ və Qərbin Rusiya ilə potensial nüvə savaşına hazırlığının təsdiqidir.
Qərb mətbuatının etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, iyul ayının ortalarında ABŞ Hərbi Hava Qüvvələrinin Kirtlend (New Mexico) bazasından bir neçə ədəd B61-12 tipli nüvə başlığı Böyük Britaniyaya daşınıb. Nüvə başlıqları xüsusi inşa edilmiş, yüksək təhlükəsizlik sistemləri ilə qorunan bunker kompleksinə yerləşdirilib. Və bu, qlobal məkanda daha təhlükəli hərbi ssenarilərə intensiv hazırlığın bulanması kimi dəyərləndirilir.
Çünki bu, yalnız texniki hərbi yerdəyişmə deyil — siyasi və strateji məna daşıyan bir məqsədyönlü addımdır. Belə ki, "soyuq müharibə" dövründən sonra ABŞ ilk dəfə olaraq, Böyük Britaniyada taktiki nüvə silahlarını daimi əsasda yerləşdirmiş olur. Bu, həm NATO-nun şərq cinahında güclənən Rusiya təhlükəsinə cavabdır, həm də Qərbin çəkindirmə strategiyasının yenidən nüvə alətləri üzərində qurulduğunu göstərir. Üstəlik, B61-12-lərin seçilməsi də təsadüfi deyil. Çünki dəyişkən gücə malik bu bombalar daha dəqiq, çevik və siyasi qərarvericilər üçün “istifadə oluna bilər” statusunda hesab olunan nüvə silahlarıdır.
Digər tərəfdən, Ukrayna tərəfi də Rusiya ərazisində strateji miqyasda hədəflərin müəyyən olunmasında yeni mərhələyə qədəm qoyub. Belə ki, “Pautina” adlandırılan xüsusi əməliyyat çərçivəsində Ukrayna kəşfiyyatı və pilotsuz aparatları Rusiya ərazisində — Engels və Shaykovka aviabazalarında yerləşən Tu-95MS və Tu-22M3 tipli strateji bombardmançı təyyarələrə zərbələr endirərək, onların əhəmiyyətli bir hissəsini məhv etdi.
Onu da qeyd etmək lazımdır ki, bu strateji təyyarələr Rusiya nüvə doktrinasının hava komponentinin əsas daşıyıcıları sayılır. Onların məhv edilməsi təkcə texniki zərbə deyil, həm də siyasi və psixoloji siqnaldır. Yəni, Kremldə artıq anlamalıdırlar ki, Rusiyanın nüvə infrastrukturu daha qətiyyən toxunulmaz deyil. ABŞ və Qərbin rəsmi səviyyədə bu əməliyyatda birbaşa rolu olmasa da, yüksək dəqiqlikli kəşfiyyat məlumatlarının və GPS əsaslı naviqasiya sistemlərinin yalnız Qərbin dəstəyi ilə mümkün olduğu da inkaredilməz reallıqdır.
Ukraynanın Rusiya strateji təyyarə bazalarına hücumları və ABŞ-ın nüvə silahlarını Avropa məkanında yerləşdirməsi arasında ortaq bir asimmetrik deterrens yanaşma nöqtəsi də var. ABŞ və Qərb artıq klassik “qarşılıqlı zəmanətli məhv” (MAD) doktrinasından uzaqlaşaraq, daha çevik və kombinə olunmuş deterrens modelinə keçir.
Məsələ ondadır ki, NATO ərazisində yerləşdirilmiş modern nüvə arsenalının savaşa hazır vəziyyətə gətirildiyi qabardılır. Ukrayna üzərindən Rusiya ərazisində strateji hədəfləri zərərsizləşdirən qeyri-nüvə əməliyyatlar keçirilir. Rusiyaya qarşı iyasi-diplomatik və iqtisadi təzyiqlərlə yanaşı, Kremlə paralel psixoloji siqnallar da göndərilir. Yəni, bu yeni yanaşma ilə həm Rusiya elitasına, həm də onun hərbi planlaşdırma mərkəzlərinə belə bir mesaj verilir ki, Kremlin təhdidləri yalnız siyasi-diplomatik cavabla deyil, həm də ciddi hərbi risklər üzərindən qarşılanır.
Onu da nəzərə almaq lazımdır ki, Kreml uzun illərdən bəri Rusiyanın nüvə arsenalını hərbi deyil, daha çox siyasi təhdid aləti kimi istifadə edir. 2022-ci ildən bu yana nüvə təhdidləri, Belarusda yerləşdirilən taktiki başlıqlar və Kalininqrad bölgəsində hərbi fəallığın artması bu ritorikanın davamıdır. Amma indi Kreml artıq fərqli bir mənzərə ilə qarşı-qarşıya qalmağa başlayıb.
Belə ki, Rusiya üçün ən təhlükəli ssenarilərdən biri reallığa çevrilib. Yəni, ABŞ tərəfindən Böyük Britaniyada yenidən nüvə başlıqları yerləşdirilib. Ukrayna tərəfindən Rusiyanın strateji aviasiyasının əhəmiyyətli bir hissəsi vurularaq, məhv edilib. NATO-nun Polşa və Rumıniyada nüvə infrastrukturu imkanları genişləndirilib. Və bütün bunlar Kremlin vaxtilə “toxunulmaz” hesab etdiyi sahələrin indi artıq Rusiya üçün daha riskli olduğunu göstərir.
Qərb ekspertlərinin fikrincə, bu proseslər yeni qlobal təhlükə balansının formalaşmasına səbəb olacaq. Belə ki, yeni silahlanma yarışı – Rusiya və ABŞ/Avropa arasında taktiki nüvə sistemlərinin modernləşdirilməsi sürətlənəcək. Siyasi-diplomatik əlaqələrin kəskinləşməsi – nüvə silahlarının yerləşdirilməsi artıq beynəlxalq məkanda daha çox gündəmə gətiriləcək. Süni “qırmızı xətlər”in yenilənməsi qaçılmaz olacaq. Xüsusilə də, hansı strateji obyektlərin toxunulmaz qalacağına dair yazılmamış qaydalar yenidən müəyyən ediləcək.
Belə anlaşılır ki, nüvə qarşıdurması ehtimalı hələ uzaq olsa da, artıq kifayət qədər ciddiyə alınır. Qərbin addımları — istər ABŞ-ın nüvə silahlarının redeployasiyası, istərsə də Ukraynanın Rusiyanın strateji aviasiyaya yönəlik dağıdıcı əməliyyatları Kremlin "tərksilah" olunması xarakterin daşıyır. Belə ki, Kremlə açıq şəkildə ABŞ və Qərbin Rusiya ilə nüvə müharibəsi ssenarisinin artıq real ehtimal kimi ciddi şəkildə masa üzərində olduğunun mesajı verilir.
Məsələ ondadır ki, onilliklər boyu Rusiyanın ABŞ və Qərbə qarşı əsas təhdid aləti olan nüvə faktoru Kremlin əlindən artıq alınır. ABŞ və Qərb Kremlə anlatmağa çalışır ki, Rusiyanın nüvə potensialı artıq Kremlə siyasi şantaj vasitəsi kimi xidmət edə bilməyəcək. Kremldə artıq nəzərə almalıdırlar ki, bu dəfə qaydaları yazılmamış oyun daha mürəkkəbdir. Rusiyanın nüvə təhdidləri Qərbdə xof yaratmır. Və NATO üzvləri son vaxtlar keçirdikləri təlimlərlə Qərbin Rusiya ilə nüvə savaşına belə hazır olduqlarının dolayısı mesajını verirlər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.