AZ

III Şuşa Qlobal Media Forumu post-müharibə Azərbaycanının dünyaya mesajıdır

İyulun 19-da start götürən III Şuşa Qlobal Media Forumu davam edir. Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə, 30-dan artıq informasiya agentliyi, 7 beynəlxalq təşkilat, 80-ə yaxın media qurumu, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri iştirak edir ki, bu da Forumun qlobal əhəmiyyətindən, miqyas və önəmindən xəbər verir.

Bütün dünyada böyük maraqla izlənən III Şuşa Qlobal Media Forumunun həm ölkəmiz, həm də dünyamız baxımından əhəmiyyətini anlamaq üçün bəzi nüanslara nəzər salmaq kifayətdir.

III Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin qlobal miqyasda təbliğidir

III Şuşa Qlobal Media Forumunu önəmli edən ən mühüm amillərdən biri bu Forumum post-müharibə Azərbaycanı həqiqətlərini təbliğ etməsi, bu həqiqətləri bütün dünyanın diqqətinə çatdırmasıdır. Forumda iştirak edən Prezident İlham Əliyevin çıxışı, onun müxtəlif ölkələrdən olan jurnalistlərin suallarına verdiyi cavablar Azərbaycanın həm daxili, həm də xarici siaysətini, bu siyasətin əsas prioritetlərini aydın və qətiyətli bir dillə bütün dünyanın diqqətinə çatdırdı.

III Şuşa Qlobal Media Forumu Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə necə misilsiz xarüqələr yaratdığını, bu qeyri-adi yüksəliş və tərəqqinin nədən, hansı amillərdən qaynarlandığını bir kəs daha ortaya qoydu. Ölkəmiz həmçinin qarşıdakı illərdə iqtisadi inkişafı üçün də prioritet olan istiqamətləri açıqladı. Nəqliyyat infrastrukturu və “yaşıl enerji” layihələrinin genişləndirilməsi, aparıcı texnologiyalar sektoruna daha artıq diqqətin ayrılması və s. kimi sahələrin yaxın gələcəkdə ölkəmiz üçün iqtisadi inkişafın əsas istiqamətləri olduğu qeyd olundu. Forum əsnasında tədbir iştirakçılarının işğaldan azad edilmiş bəzi ərazilərə, eləcə də bərpa edilən yaşayış məntəqələrinə səfərlərinin təşkili, onlara bu ərazilərdə görülən işlər haqqıdna ətraflı məlumat verilməsi də müasir Azərbaycanımızın mövcud həqiqətlərinin dünya mediası və ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynadı.

Azərbaycan ədalət tələb edir: Yalnız özü üçün deyil, həm də bütün dünya üçün!

III Şuşa Qlobal Media Forumunun digər bir əhəmiyyəti bu Forumun Azərbaycanın yalnız özünə qarşı deyil, hər kəsə, hər bir dövlətə münasibətdə ədalətli davranış tələb etməsi oldu. Forumda Rusiya səmasında vurulan AZAL təyyarəsindən danışan Prezident İlham Əliyev, Rusiyanın bu məsələdə sərgilədiyi qeyri-ədalətli mövqeyi qətiyyətlə ifşa etdi, Azərbaycanın ədalətə nail olmaq üçün sona qədər mübarizə apardığını vurğuladı:

“Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni, bu uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib. Bundan başqa, Rusiya hava məkanı bağlanmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdır və bu da məsuliyyətdir. Həmin o şəxslər “xalça əməliyyatı”nı vaxtından gec elan ediblər. Bu, gün qədər aydındır. Ancaq yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.

Göründüyü kimi, İlham Əliyev nəinki Rusiyanın məsuliyyətsiz və ədalətsiz mövqeyini ifşa etdi, həm də ədaləti təmin etmək üçün Azərbaycanın beynəlxalq instansiyalara da müraciət edəcəyini, bu mübarizədən əsla imtina etməyəcəyini vurğuladı.

III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Ukrayna müharibəsi ilə bağlı sərgilədiyi mövqe də Azərbaycanın sadəcə özünə deyil, istisnasız olaraq hər bir dövlətə münasibətdə ədalətl tələb etdiyini sübut etdi. Ukraynalı jurnalistin sualına cavab olaraq Ukrayna xalqına heç vaxt işğalla barışmamağı tövsiyə edən dövlət başçısı, Azərbaycanın da məhz bu yolla getdiyini vurğuladı:

“...heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük.

Amma əvvəl dediyimə qayıdıram: heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq. Baxın, Özbəkistandan olan dostumuz atam haqqında sual verdi. Bilirsiniz, o da bizim hamımız kimi bu günü - Qarabağa qayıtdığımız günü görmək istəyirdi. Amma bu, ona nəsib olmadı. Bu əraziləri azad etməzdən əvvəl mən 17 il Prezident olmuşam. Əgər imkan yaranmasaydı, bəlkə də daha 17 il gözləyəcəkdik. Burada məsələ mənlik deyil. Hesab edirəm ki, bu da ukraynalılar üçün vacibdir. Məsələ şəxsiyyətdə deyil, məsələ ambisiyada deyil. Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik”.

Sitatdan da məlum olduğu kimi, İlham Əliyev Ukrayna xalqına nə olursa-olsun işğalla barışmamağı tövsiyə edir, Azərbaycan xalqının mübarizə tarixini nümunə kimi qarşı tərəfin diqqətinə çatdırır.

Bir sözlə, Prezident İlham Əliyev Ukrayna ilə bağlı ortaya qoyduğu mövqe ilə Azərbaycanın yalnız özünə deyil, bütün əzilən, haqsızlığa və ədalətsizliyə məruz qalan xalqlara münasibətdə ədalət tələb etdiyini, bu mövqeyi istənilən beynəlxalq platformada cəsarətlə dilə gətirdiyini göstərdi.

III Şuşa Qlobal Media Forumunun bəşəriyyətin xilası və gələcəyi baxımından rolu...

III Şuşa Qlobal Media Forumu bəşəriyyətin xilası və gələcəyi baxımından da böyük əhəmiyyətə malikdir. Forumda COP 29 və onun nəticələrinə diqqət çəkən Prezident İlham Əliyev bir daha ekoloji problemlərin həllinin, təbiətə qayğı göstərməyin vacibliyini xatırlartmış, bu məsələdə bütün dövlətlərin üzərinə ciddi öhdəliyin düşdüyünü vurğulamışdı:

“COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz elə konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik ki, karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olunsun. Bu məsələ ən azı son 10 il ərzində müzakirədə qalmışdır. Beləliklə, o, COP29-un ən mühüm və tutarlı nəticəsinə çevrildi. Düşünürük ki, digər mühüm nəticə iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin əvvəlcədən COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılması oldu. Bilirik ki, bəzi ölkələr bundan razı qalmadı. Lakin ədalət naminə söyləməliyik ki, biz vəsaitlərin üç dəfə artırılmasına nail olduq. Əlbəttə ki, bizdən sonra öhdəliyi öz üzərinə götürən tərəflər həmin vəsaitlərin artırılması üçün öz işlərini görməli olacaqlar”.

Dövlət başçısı bir daha bəşəriyyətin gələcəyi üçün bütün dövlətlərin birgə əməkdaşlığının vacib olduğunu, Azərbaycanın bu yöndə çoxsaylı təşəbbüslərlə çıxış etdiyini və bundan sonra da məlum istiqamətdə səylərini davam etdirəcəyini vurğuladı.

III Şuşa Qlobal Media Forumunda Zəngəzur dəhlizi, Azərbaycanın digər ölkələrlə qurduğu ikitərəfli və çoxşaxəli əlaqələr və s. kimi məsələlərə də toxunuldu ki, bu da ölkəmizlə bağlı həqiqətlərin təbliği baxımından mühüm rol oynamaqdadır.

Seymur ƏLİYEV

 

Seçilən
58
50
moderator.az

10Mənbələr