AZ

Qələbədən quruculuq və tərəqqiyə: Xankəndidə media diplomatiyası müzakirə edildi!

III Şuşa Qlobal Media Forumunun Xankəndidə keçirilməsi, Forum çərçivəsində çoxsaylı yerli və xarici media nümayəndələrinin Qarabağa səfəri, ən nəhayət Prezident İlham Əliyevin bu tədbirdə səsləndirdiyi tezislər Azərbaycanın beynəlxalq arenadakı mövqeyini, medianın rolunu və Qarabağın gələcəyinə dair qətiyyətini bir daha nümayiş etdirdi. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Forumun davamlılığı həm də Azərbaycanın Qarabağda yaratdığı yeni reallıqları beynəlxalq ictimaiyyətə çatdırmasına xidmət edir. Media Forumun Xankəndidə keçirilməsi isə Qarabağın bölgəyə tam inteqrasiyası istiqamətində atılan addımların ən bariz nümunəsidir.

Prezidentin "Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb" tezisi Azərbaycan mediasının son illərdəki inkişafını və beynəlxalq arenada həqiqətləri çatdırmaq istiqamətində həyata keçirilən fəaliyyətlərin effektivliyini vurğulayır. Məhz bu kimi tədbirlər media nümayəndələrinə yerindəcə vəziyyəti müşahidə etmək, dezinformasiyalara qarşı mübarizə aparmaq və Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanı verir. Xankəndidə birbaşa şahid olduğumuz mötəbər tədbir Azərbaycanın həm informasiya, həm də media dayanıqlığının möhkəmləndirilməsində atdığı əhəmiyyətli addımların göstəricisidir.

Prezidentin "Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq" və "Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik" fikirləri Azərbaycanın regionda və beynəlxalq münasibətlərdə konstruktiv  əhəmiyyətini vurğulayır. Həm də bu əhəmiyyət təkcə siyasi deyil, mədəni və iqtisadi sahələrdə də özünü büruzə verir. "Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq" tezisi isə Azərbaycanın regional əlaqələrin möhkəmləndirilməsində və yeni nəqliyyat marşrutlarının yaradılmasında oynadığı strateji rolu əks etdirir. Şübhəsiz, bu dəhliz təkcə iqtisadi deyil, həm də siyasi və mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəkdir.

Tezislərin təsdiqi: Yeni reallıqlar və gələcəyə nəzər

Prezident İlham Əliyevin vurğuladığı əsas tezislər Azərbaycanın Qarabağla bağlı uzun illərdir yürütdüyü qətiyyətli siyasətinin bu gün tam təsdiqini tapdığını göstərir. Ölkə başçısının "Bizim mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə “Qarabağ bizim torpağımızdır!” dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm" və "Əmin idim ki, xalq mənim arxamda dayanacaq" fikirləri bu gün Xankəndidə öz əksini tapan bir reallıqdır. Bu mənada Forumun Xankəndidə baş tutması həm də prosesin tam məğzinə varanda xalqın birliyinin və dövlət-xalq həmrəyliyinin nəticəsidir.

Forumdan bir neçə gün əvvəl Prezidentin iştirakı ilə Bakı, Füzuli və Şuşada keçirilən tədbirlər, o cümlədən Ağdamda körpələr evi-uşaq bağçasının, tam orta məktəbin, Qiyaslı kəndində tarixi məscidin açılışı, eləcə də Xocalının Xanyurdu kəndində sakinlərlə görüşməsi və Xocalı kərpic zavodunun açılışı Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi tezislərin təsdiqi kimi çıxış edir. Həyata keçirilən tədbirlər Azərbaycanın Qarabağ bölgəsində apardığı genişmiqyaslı bərpa və quruculuq işlərinin bariz nümunəsidir və Prezidentin qeyd etdiyi "Biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır" fikrinin praktikada necə reallaşdığını göstərir.

Bu açılışlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin göstəricisi olmaqla yanaşı, regiona həyatın qayıtdığını və Azərbaycanın bu ərazilərin dirçəlişinə nə qədər önəm verdiyini də nümayiş etdirir. Bölgədə proses sadəcə infrastruktur layihələrinin yaradılması ilə kifayətlənmir, həm də tarixi və mədəni irsin bərpasına xüsusi diqqət ayrılır.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Bakı, Füzuli və Şuşa şəhərində keçirilən bir sıra tədbirlər Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsinin və regional əməkdaşlığın inkişafının göstəricisidir. Bu, Prezidentin "Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik" tezisini bir daha təsdiqləyir. Füzuli və Şuşada baş tutan tədbirlər həm də azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanıdılmasına və bu bölgələrin yenidən həyata qayıtdığının dünyaya nümayişinə xidmət edir.

Bundan əlavə Ağdamda 1 nömrəli körpələr evi-uşaq bağçası və 1 nömrəli tam orta məktəbin açılışı insan kapitalına yatırımı və gələcək nəsillərin təhsilinə verilən önəmə diqqət çəkir. Məlum olduğu kimi, uşaq bağçaları və məktəblər yeni nəslin formalaşması üçün təməl rolunu oynayır. Bu, Prezidentin “Qarabağı cənnətə çevirmək" vizyonunun sosial aspektlərindən biridir.

Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin bərpadan sonra açılışı Azərbaycanın tarixi və mədəni irsinə verdiyi önəmi, dini tolerantlıq siyasətini və işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpasının prioritet olduğunu göstərir. Bu, həm də Prezidentin sözügedən tezisinin mədəni və mənəvi tərəfinə işarə edir.

Prezidentin Xocalının Xanyurdu kəndinə köçən sakinlərlə görüşməsi ölkə rəhbərinin vətəndaşlarla birbaşa təmasda olmaq, onların ehtiyaclarını dinləmək və qayıdış prosesini dəstəkləmək missiyasını əks etdirir. Xocalı kərpic zavodunun açılışı isə iqtisadi dirçəlişin və regionda yeni iş yerlərinin yaradılmasının vacibliyini göstərir. Bu, bölgənin iqtisadi potensialının aktivləşdirilməsi və insanların öz doğma yurdlarına qayıdışının davamlılığını təmin etmək üçün atılan mühüm addımdır.

Bütün bu tədbirlər Prezidentin Şuşa Qlobal Media Forumundakı çıxışında səsləndirdiyi "Qarabağ bizim torpağımızdır!" və "Biz bu bölgəni cənnətə çevirəcəyik" tezislərinin yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapdığını nümayiş etdirir. Bu, həm də "xalq mənim arxamda dayanacaq" fikrinin də gerçəkliyə çevrildiyini, çünki bu quruculuq işlərinin xalqın dəstəyi və dövlətin qətiyyətli siyasəti ilə mümkün olduğunu göstərir.

Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu Prezident İlham Əliyevin səsləndirdiyi tezislər kontekstində, Azərbaycanın yeni reallıqlarını və gələcəyə dair qətiyyətli planlarını dünyaya bəyan edən tarixi bir tədbirdir. Media nümayəndəsi olaraq bu tarixi anlara Xankəndi şəhərinin sakini kimi yerindəcə şahidlik etmək, şəhərin dinamik inkişafının və Azərbaycanın yenilməz siyasətinin bilavasitə iştirakçısı olmaq qürurverici olmaqla yanaşı, həm də azad edilmiş torpaqların inkişafına, Azərbaycan mediasının beynəlxalq nüfuzuna və ölkənin qlobal siyasətdəki fəal roluna dair möhkəm inam hissi yaradır. Xankəndi şəhəri bu səpkidə həyata keçirilən mötəbər tədbirlər sayəsində həm Azərbaycanın gücünün və Qarabağın parlaq gələcəyinin simvoluna çevrilir, həm də regional və qlobal səviyyədə mühüm bir mərkəz kimi tərəqqi etməkdədir.

Günel ABBAS,
Qarabağ Universitetinin əməkdaşı

Seçilən
18
50
yeniazerbaycan.com

10Mənbələr