III Şuşa Qlobal Media Forumu Azərbaycan tarixinin yeni mərhələsində keçirildi. Bu foruma heç bir halda adi media hadisəsi kimi baxmaq olmur.
Bu forumu siyasi-ideoloji hadisə kimi görmək mümkündür. Onlarla ölkədən yüzlərlə jurnalist, media rəhbərləri, analitiklər və ekspertlər Qarabağın reallığını bir daha yerində gördü. Forum ilk dəfə olaraq Şuşadan Xankəndiyə daşındı.
Bunu psixoloji və siyasi bir keçid kimi də qiymətləndirmək olar. Xankəndidə belə bir forum keçirmək Azərbaycanın suverenliyinin nümayişi, informasiya və ideoloji savaşda üstünlük əldə etməsidir.
Prezident İlham Əliyev bu forumu siyasi tribunaya çevirdi. Yenə sərt və açıq danışdı. Forum ərzində “Azad Qarabağ” ifadəsi medianın gündəmini zəbt etdi. Tədbirdə media müharibələri, feyk xəbər problemi, informasiya suverenliyi, platforma ədalətsizliyi kimi qlobal mövzular müzakirə olundu. Azərbaycan media müstəvisində açıq sözlü və dominant çıxış etdi.
Bir sözlə, Forum Azərbaycan mediasının regionda və dünyada yeni rolunun anonsu oldu.
Birinci Forum nəylə yadda qaldı...
Birinci Qlobal Media Forumu 2023-cü ildə Şuşada keçirildi və simvolik məna daşıyırdı. Şuşanın erməni işğalından azad olunmasından sonra bu ilk böyük beynəlxalq forum idi. Məqsəd Azərbaycan həqiqətlərini beynəlxalq jurnalistlərə birbaşa yerində çatdırmaq idi. Forumda 50-dən çox ölkədən jurnalistlər iştirak etdi. İlham Əliyevin həmin forumdakı çıxışı Qarabağ zəfərinin ideoloji təqdimatı oldu.
Forumda əsas vurğu Azərbaycanın haqlı mübarizəsinə, media vasitəsilə aparılan informasiya müharibəsinə və postmüharibə reallıqlarına idi. Burada feyk xəbərlərə qarşı mübarizə, media etikası və qlobal informasiya təhlükələri müzakirə edildi. Şuşa həm tarixi simvol, həm də mediaya yeni baxış məkanı kimi təqdim olundu. O dövrdə əsas hədəf Qarabağla bağlı yanlış informasiya axınının qarşısını almaq idi. Birinci forum mediada yeni Azərbaycan imicinin yaradılmasına start verdi. Paralel olaraq Şuşaya gələn xarici jurnalistlər erməni izlərinin real şahidləri oldular. Şübhəsiz ki, bu da Azərbaycan gerçəkliyinin inikası idi.
İkinci Forumda nələr oldu...
İkinci Forum 2024-cü ildə daha geniş miqyasda baş tutdu. Bu dəfə tədbir daha çox texnoloji və strateji baxımdan zənginləşdirilmişdi. İştirakçı sayı artdı, mövzu spektri daha da genişləndi. Əsas mövzular sırasında dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, sosial media nizamlaması, media savadlılığı və süni intellektin rolu vardı. Forumda texnologiya şirkətlərinin nümayəndələri də iştirak etdilər.
Azərbaycan bu forumda həm ev sahibi, həm də qlobal müzakirənin aparıcı tərəfdaşına çevrildi. İlham Əliyevin çıxışı bu dəfə daha sərt idi. Xüsusilə Ermənistan və Rusiya mediasının təxribatlarına qarşı. Azərbaycan dezinformasiya ilə mübarizədə beynəlxalq model irəli sürdü. Forum eyni zamanda yerli media üçün bir təcrübə məktəbinə çevrildi. İkinci Forum informasiya savaşında Azərbaycanın özünü lider mövqeyində təqdim etdiyi mərhələ oldu.
Üçüncü Forum niyə Xankəndidə keçirildi?
Xankəndi erməni işğalında qalan, işğalçıların ideoloji mərkəzinə çevrilmiş bir şəhər idi. Üçüncü Forumun məhz burada keçirilməsi simvolik və siyasi mesaj idi. Azərbaycan dünyaya göstərdi ki, suverenlik yalnız ərazi ilə məhdudlaşmır. Xankəndi eyni zamanda informasiya, məkan və ideologiya məsələsidir. Xankəndidə forum keçirmək o demək idi ki, artıq nə media, nə də məkan baxımından “boşluq” var. Forumun Xankəndiyə keçməsi Azərbaycanın öz informasiya siyasətinə olan inamını göstərdi. Bu, həm də Ermənistan cəmiyyətinə və xarici media orqanlarına açıq mesaj idi.
“Xankəndi Azərbaycandır və burada yalnız Azərbaycan qanunları və mediası işləyəcək”. Forumla Azərbaycan sübut etdi ki, informasiya müharibəsində də qalib ola bilər. Xankəndidə forum keçirmək dünyanın işğalçılarla mübarizəsində nümunəyə çevrilə bilər. Bu həm də psixoloji cəhətdən Xankəndini beynəlxalq ictimaiyyətin və medianın gözündə Azərbaycanın ayrılmaz hissəsi kimi möhkəmləndirdi. Tarixdə ilk dəfə Xankəndi müharibə səhnəsindən alınaraq dialoq və media tribunasına çevrildi.
Azad Qarabağın səsi
İndi Azad Qarabağ yalnız əsgər çəkməsi ilə danışmır. O, dünyaya mikrofon və kamera ilə də öz sözünü deyir. Şuşa və Xankəndidə baş tutan bu forumlar azad torpaqların yeni simasını göstərdi. Artıq buralar silah səslərindən çox uzaqdır, burada jurnalistlərin sualları eşidilir. Media azadlığı anlayışı işğaldan azad edilmiş ərazilərdə reallığa çevrildi. Media ilə torpaq arasında yaranan sinerji Azərbaycanın siyasi uğurudur.
Azərbaycan Prezidentinin səmimi çıxışları
Prezident İlham Əliyev bu forumlarda jurnalist dilində danışdı. Onun çıxışları informasiya savaşının önündə duran bir komandanın çağırışı kimi səsləndi. O, öz səmimiyyəti ilə həm beynəlxalq, həm yerli jurnalistlərin etimadını qazandı. Özəlliklə, Rusiya ilə bağlı sərt, lakin arqumentli fikirləri qlobal medianın diqqətini çəkdi. “Əgər cavab vermirlərsə, beynəlxalq məhkəməyə müraciət edəcəyik” cümləsi dünya KİV-lərində manşet oldu. Prezident həm media azadlığından, həm də feyk xəbərlərlə mübarizədən danışaraq balanslı mövqe nümayiş etdirdi.
Həm Ermənistan, həm də Qərb mediasına ünvanlanan mesajlar güclü ritorika ilə verildi. Prezidentin “Biz susmayacağıq” yanaşması informasiya suverenliyinin təməlini qoydu. Bu çıxışlar yalnız cari forum üçün hesablanmamışdı, gələcək üçün strateji yol xəritəsi idi.
Forum dünyaya nə mesaj verdi...
Forumun əsas mesajı bu oldu: Azərbaycan yalnız ərazi bütövlüyünü təmin edib və informasiya və ideoloji savaşın da qalibidir. Qarabağ sülh, informasiya və fikir mərkəzidir. Azərbaycan bütün dünyaya göstərdi ki, informasiya təhlükəsizliyi milli təhlükəsizlik qədər önəmlidir. Forum həmçinin beynəlxalq mediaya çağırış idi. Ki, obyektivlik, etik dəyərlər və həqiqət ön planda olmalıdır.
İkinci mesaj isə ondan ibarət idi ki, Azərbaycan informasiya mühitində tək deyil. Onun tərəfdaşları və müttəfiqləri var. Forum göstərdi ki, regionda informasiya mərkəzi həm də Şuşa və Xankəndidir. Azərbaycan informasiya səhnəsini mərkəzləşdirməyə, regional media platforması yaratmağa çalışır. Eyni zamanda bu forum bir çağırış, qlobal informasiya ədalətsizliyinə qarşı birgə mübarizə idi. Forum Azərbaycanın imicini daha da gücləndirdi. Xüsusən də “platforma ədalətsizliyi” məsələsində verdiyi bəyanatlar beynəlxalq media aktorları üçün ciddi xəbərdarlıq idi.
Hərb, diplomatiya, media
Hərb, diplomatiya və media eyni cəbhədə mövqe tutdu. Vətən müharibəsində qazandığımız qələbəni diplomatiya masasında gücləndirdik, media isə bu reallığı dünyaya yaydı. Hərb sahəsindəki zəfəri diplomatik uğurlarla möhkəmləndirmək, mediada isə bu uğuru dünya ictimaiyyətinə çatdırmaq xüsusi önəm daşıyır. Prezidentin həm cəbhədə, həm tribunada, həm də jurnalist qarşısında eyni qətiyyətlə çıxış etməsi bu sinerjinin əsas göstəricisidir. Güclənmiş Azərbaycan mediası yalnız xəbəri paylaşmır, həm də strateji hədəfə xidmət edir. Diplomatiya informasiya dəstəyi olmadan zəif, media isə diplomatik iradə olmadan təsirsiz qalır. Azərbaycan bu üç sütunu bir araya gətirərək öz modelini yaratdı. Forum bu baxımdan üç sahənin həm sintezini, həm koordinasiyasını nümayiş etdirdi. Qarabağda aparılan bu “üçlü” cəbhə işi regional sabitliyin də qarantına çevrilə bilər.
Ən Yeni Azərbaycan budur
Bugünkü Azərbaycan 1990-cı illərin zəif, informasiyadan uzaq dövləti deyil. Bu gün Azərbaycan dünyaya mesaj verə, informasiya axınını yönləndirə, media müzakirələrinin mərkəzində yer ala bilən bir gücdür. “Ən Yeni Azərbaycan” anlayışı yalnız texnologiya və infrastrukturla bitmir. Digər bir meyar informasiya suverenliyidir. Media azadlığı, platforma ədaləti, informasiya təhlükəsizliyi, söz və fikir plüralizmi bu yeni Azərbaycanın ideoloji sütunlarıdır. Forumun həm təşkilati səviyyəsi, həm də ideoloji mesajları bu yeniliyin bariz nümunəsidir. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgələri informasiya diplomatiyasının mərkəzinə çevrilib. Gənc jurnalistlər, yeni texnoloji platformalar və dövlətin mediaya yanaşması 2030-cu illərin əsasını qoyur.
“Ən Yeni Azərbaycan” o dövlətdir ki, mikrofonla sərhəd çəkəcək. Kamerayla təbliğatın qarşısını alacaq. Bu, Azərbaycanın informasiya strategiyasında da qalib olacağını göstərir. Forum bu baxımdan həm nəticə, həm də başlanğıcdır.
Modern Təhlil və Araşdırma Qrupu