Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Elcan Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ayxan İsmayılov ifadə verib.
Daha sonra Sabunçu Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işində olan video-görüntülər nümayiş etdirilib. Görüntülərdə mərhumla təqsirləndirilən şəxsin mübahisəsi, daha sonra qətlin baş vermə anı əks olunub.
Elcan Süleymanov qətli törədəndən sonra qaçıb və təkrar yenidən hadisə yerinə qayıdıb. Məhkəmədə o, qaçıb geri qayıtmasını mərhuma köməklik etmək məqsədilə izah edib.
Hakimlər heyəti işdə olan sənədləri elan ediblər. Daha sonra məhkəmə istintaqı tamamlanıb və çıxış üçün söz dövlət ittihamçısının verilib. Prokuror təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən qardaşı prokurorun çıxışı ilə razı olmadığını, Elcan Süleymanova daha ağır cəza verilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışında müvəkkilnə daha yüngül cəza xahiş edib. Elcan Süleymanovun son sözündən sonra hakimlər heyəti müşavirəyə yollanıblar.
Müşavirədən sonra hökm elan olunub. Elcan Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını yetkinlik yaşına çatmayanlarla bağlı müəssisədə çəkməsi qərara alınıb.
İttihama görə, ötən il oktyabrın 2-də səhər saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Elcan Süleymanov qətli törədən zaman məktəbli olub.