“Central European Petroleum” (CEP) şirkəti Polşa tarixində ən böyük ənənəvi karbohidrogen yatağının aşkar edildiyini açıqlayıb.
Bu barədə “Report” Polşa mediasına istinadən xəbər verir.
Svinouystse şəhərindən 6 kilometr məsafədə Baltik dənizində qazılmış quyu 22 milyon ton xam neft və 5 milyard kubmetr sənaye təyinatlı təbii qazın mövcudluğunu təsdiqləyib. Bu kəşf son on ildə Avropa qitəsində ənənəvi karbohidrogen sahəsində ən böyük kəşflərdən biri olub.
Polşanın baş geoloqu Kşiştof Qaloşun sözlərinə görə, bu kəşf ölkənin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirə və xarici enerji təchizatçılarından asılılığını azalda bilər.