Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Azərbaycan Rusiya ilə münasibətləri daim yaxşılaşdırmaq istiqamətində addımlar atıb və hər iki ölkənin normal şəraitdə işləmələri, əməkdaşlığa geniş yer vermələri, sözsüz ki, xalqların, dövlətlərin mənafeyi baxımından vacib və əhəmiyyətlidir. Təəssüflər olsun ki, Rusiya dövləti bu əməkdaşlığa bir çox hallarda biganə qalıb. Azərbaycanı onun diktəsi ilə işləməyə məcbur olan bir ölkə qismində görür. Elə buna görə də dövlətimizə qarşı bir çox hallarda təhdidlər, təqiblər baş verir və bu da sözsüz ki, müstəqil Azərbaycan dövlətinin milli maraqlarına tamamilə ziddir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev “III Şuşa Qlobal Media Forumu”ndakı çıxışında da bu məsələlərə aydınlıq gətirib və öz kəskin bəyanatlarını verib. Deputat vurğulayıb ki, Rusiya rəsmilərinin, eləcə də siyasətçilərin və mətbuat orqanlarının son dövrlərdə Azərbaycana qarşı yürütdükləri antiAzərbaycan siyasəti qəbuledilməzdir: “Onların bir çoxu hətta Azərbaycanı düşmən dövlət kimi qiymətləndirir. Bu, əlbəttə ki, reallıqlardan uzaq bi baxış, bir məkrli bəyanatdır. Eyni zamanda iki ölkə arasında münasibətlərin daha da kəskinləşməsinə zəmin yaradan davranışlar sərgilənir”.
Tahir Rzayev
“Keçən ilin dekabrında AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulması və kütləvi insan tələfatına səbəb olması hələ də cavabsız qalır. Bu hadisədən yeddi ay keçməsinə baxmayaraq, Rusiya öz konkret fikrini, mövqeyini ortaya qoymamışdır. Cənab Prezident Forumdakı çıxışında bildirmişdir ki, “biz hər şeyi bilirik və biz konkret cavab gözləyirik”. Çox təəssüflər olsun ki, Rusiya rəsmiləri bu gün də susurlar. Əlbəttə ki, təyyarə Rusiya səmasında vurulub və onun günahkarları bu gün məlumdur. Ancaq belə olan halda nəyə görə Rusiya öz münasibətini bildirməmiş olsun? Bu, Azərbaycanın milli maraqlarına ziddir və onun müstəqilliyinə qarşı hörmətsizlikdir. Belə halların baş verməsi əslində Azərbaycana qarşı bir düşmənçilikdir.
Bu gün Azərbaycanın tələb etdiyi nədir? Günahkarlar tapılmalı, cəzalandırılmalıdır. Həlak olanların və yaralıların ailələrinə, həm də AZAL-ın təyyarəsinə görə təzminat ödənilməlidir. Bu, beynəlxalq hüququn normalarına uyğun bir tələbdir”-deyən deputat təəsüflə qeyd edib ki, Rusiya bu tələbdən qaçır və sorğulara əhəmiyyət vermir.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.