"Avropa ölkələrinə tövsiyə edirik ki, İranla gələcək münasibətləri barədə ciddi düşünsünlər. Snapback mexanizminin işə salınması - faktiki olaraq - İrana hərbi hücum deməkdir", - deyə Moqtadai bildirib.
Onun sözlərinə görə, bu mexanizmin aktivləşdirilməsi yalnız Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bütün iştirakçılarının öhdəliklərə əməl etdiyi halda mümkündür. ABŞ artıq bu sazişdən çıxıb, Avropa isə İrana qarşı "düşmənçilik siyasəti" aparır. Moqtadai həmçinin bildirib ki, Rusiya və Çin BMT sanksiyalarının bərpasına qarşı çıxır.
O, əlavə edib ki, əgər "Avropa üçlüyü" - Böyük Britaniya, Almaniya və Fransa - İrana təzyiq göstərməkdə israrlı olarsa, Tehran cavab olaraq hərbi, iqtisadi, siyasi və mədəni sahələrdə genişmiqyaslı tədbirlər görəcək.
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bəyan edib ki, hazırkı şəraitdə ABŞ-lə yeni nüvə danışıqları planlaşdırılmır. "Bu gün üçün ABŞ-lə dialoqu davam etdirmək kimi planımız yoxdur. Lakin diplomatiya bizim üçün milli maraqları qorumağın bir vasitəsidir. Əgər bu vasitə ölkə maraqları naminə faydalı olarsa, tərəddüd etməyəcəyik", - deyə o, həftəlik mətbuat konfransında qeyd edib.
Bununla yanaşı, Baqayi bildirib ki, iyulun 25-də İstanbulda İran ilə Avropa üçlüyü arasında nüvə proqramı ilə bağlı növbəti danışıqlar turu xarici işlər nazirinin müavinləri səviyyəsində keçiriləcək.
Qeyd edək ki, 2015-ci ildə İran, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Çin və ABŞ arasında imzalanan BHFP razılaşması İranın nüvə silahı hazırladığına dair Qərbin ittihamlarına son qoymuşdu. Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Tramp bu sazişdən çıxaraq İrana qarşı sanksiyaları bərpa etdi. Cavab olaraq İran 2020-ci ildə BHFP öhdəliklərini azaltdı və MAQATE müfəttişlərinin obyektlərə girişini məhdudlaşdırdı.
2025-ci ildə ABŞ və İran arasında keçirilən beş danışıqlar raundu nəticə vermədi. Danışıqlar İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr fonunda dalana dirəndi. İndi isə Avropa ölkələri avqustun sonunadək razılaşma əldə olunmasa, sanksiyaların bərpası mexanizmini işə salmağa hazırlaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31