AZ

İran Türkiyəni seçdi - Tehran və Avropa arasında nüvə danışıqları cümə günü bərpa olunur

BAKI, TurkicWorld / AzerVoice Analitik Təhlil Mərkəzi

İran, cümə günü İstanbulda Almaniya, Fransa və Böyük Britaniya ilə nüvə proqramı barədə yeni danışıqlara başlayacaq. Bu, ABŞ-ın iyun ayında İsrail və İran arasında davam edən müharibə fonunda İranın nüvə obyektlərinə hücumundan sonra keçiriləcək ilk görüş olacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai bildirib ki, “Avropa dövlətlərinin tələbi əsasında İran Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPoA) üzv olan üç Avropa ölkəsinin nümayəndələri ilə yeni danışıqlar turunun keçirilməsinə razılıq verib”. Onun sözləri dövlət televiziyası tərəfindən sitat gətirilib. Bildirilib ki, görüş İstanbulda keçiriləcək.

Almaniyalı diplomatik mənbə daha əvvəl bəyan etmişdi ki, Berlin, Paris və London İranın nüvə proqramı ilə bağlı davamlı və yoxlanıla bilən diplomatik həll tapmaq üçün intensiv şəkildə işləməyə davam edir və bu həftə ərzində görüş keçirməyi planlaşdırırlar.

İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü “X” platformasında : “İran, hər hansı bir alçaq niyyəti puç etməyə qadir olduğunu sübut edib, lakin ciddi diplomatiyaya daim xoşniyyətlə cavab verməyə hazırdır”.-deyə yazıb.

Qərb ölkələri və İsrail, Tehranın nüvə silahı əldə etməyə çalışdığından şübhələnir, lakin İran bu iddiaları rədd edir və nüvə proqramının yalnız dinc məqsədlər üçün həyata keçirildiyini bildirir.

13 iyun tarixində İsrail, regional düşməni olan İranın əsas hərbi və nüvə obyektlərinə qəfil hücuma keçdi.

Daha sonra, 22 iyun tarixində ABŞ, Tehranın cənubunda yerləşən Fordo uranın zənginləşdirilməsi müəssisəsinə və İsfahanla Nətənzdəki iki nüvə obyektinə zərbələr endirdi.

İran və ABŞ, Oman Sultanlığının vasitəçiliyi ilə beş tur nüvə danışıqları aparmışdı. Lakin İsrailin İrana qarşı başladığı və 12 gün davam edən müharibə bu prosesi kəsintiyə uğratdı.

ABŞ prezidenti Donald Trampın, İranın üç nüvə obyektini bombalamaqla İsraillə birgə hərəkət etmə qərarı danışıqların sonunu gətirdi.

Üç Avropa ölkəsi sonuncu dəfə 21 iyun tarixində Cenevrədə İranla görüşmüşdü, bu da ABŞ hücumlarından cəmi bir gün əvvəl baş vermişdi.

Bu arada, Rusiya prezidenti Vladimir Putin, dünən Kremlin sarayında İranın ali rəhbəri Əli Xameneinin əsas müşavirlərindən biri olan Əli Laricanini qəbul edib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Laricani Putinə Yaxın Şərqdəki gərgin vəziyyət və İranın nüvə proqramı ilə bağlı qiymətləndirmələrini çatdırıb.

Peskov əlavə edib ki, Putin bölgədə vəziyyəti sabitləşdirə biləcək yollar və İranın nüvə proqramı üzrə siyasi nizamlanma istiqamətində Rusiyanın məlum mövqelərini ifadə edib.

Moskva, İran rəhbərliyi ilə dost münasibətlər saxlayır və Tehrana mühüm dəstək verir. Lakin ABŞ-ın da qoşulduğu İsrailin hücumları zamanı bu dəstəyini açıq şəkildə göstərməyib.

Keçən həftə Moskva, ABŞ-ın “Axios” portalında yer alan və guya Putinin İranı Vaşinqtonla razılaşmaya razı salmağa çalışdığı barədə xəbəri təkzib edib. Həmin iddiaya görə, razılaşmada İranın uran zənginləşdirmədən imtina etməsi nəzərdə tutulurmuş.

İran və böyük güclər 2015-ci ildə “Birgə Hərtərəfli Fəaliyyət Planı” (JCPoA) adlı nüvə razılaşması imzalamışdılar. Bu razılaşmaya əsasən, İranın nüvə proqramına müəyyən məhdudiyyətlər qoyulmuş və əvəzində sanksiyalar yüngülləşdirilmişdi.

Lakin bu razılaşma 2018-ci ildən etibarən faktiki olaraq qüvvədən düşmüş sayılır. Həmin il Tramp administrasiyası ABŞ-ı bu razılaşmadan çıxarmış və İrana qarşı sanksiyaları yenidən tətbiq etmişdi.

Bunun cavabında Tehran, razılaşma üzrə öhdəliklərini tədricən azaldaraq bir çox bəndlərdən geri çəkilməyə başlamışdı.

Avropa ölkələri isə xəbərdarlıq ediblər ki, əgər İran danışıqlara yaxın zamanda geri dönməsə, razılaşmadakı “tətik mexanizmini” (snapback) işə salacaqlar. Bu, İran razılaşma şərtlərinə əməl etmədikdə, BMT Təhlükəsizlik Şurası sanksiyalarının avtomatik şəkildə bərpasına imkan verir. Bu mexanizmin aktivləşdirilməsi üçün son tarix oktyabr ayıdır.

Əraqçi cümə günü avropalı həmkarları ilə telefon danışığından sonra bildirib ki, “sanksiyaların bərpası üçün nə mənəvi, nə də hüquqi əsas yoxdur”.

“Avropa üçlüyü, İsrail və ABŞ-ın əsassız və qeyri-qanuni hərbi təcavüzünə verdiyi siyasi və maddi dəstək də daxil olmaqla, bəyanat və hərəkətləri ilə artıq nüvə razılaşmasında iştirakçı statusundan faktiki olaraq imtina edib”.-deyə Əraqçi X hesabında yazıb.

Seçilən
21
50
turkic.world

10Mənbələr