AZ

Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır - ŞƏRH

"Məlumdur ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir".

Bunu Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması haqqında Redaktor.az-a danışan millət vəkili Bəhruz Məhərrəmov bildirdi. Onun sözlərinə görə, ölkəmizin qalib və diktə edən tərəf olmasına baxmayaraq Vətən müharibəsində Azərbaycanın qələbəsindən dərhal sonra kapitulyasiya aktı imzalandığı anda İlham Əliyev Ermənistanla sülh və normallaşma prosesinin başlanmasını təklif edib və ötən 5 il ərzində bu istiqamətdə davamlı səylər göstərilib:

"Azərbaycan tərəfi hesab edir ki, bölgədə dayanıqlı sülhə nail olmaq üçün münasibətlərin normallaşması, qarşılıqlı etimadın və əməkdaşlıq mühitinin formalaşdırılması vacibdir. Bu qəbildən, kapitulyasiya aktında da ifadə olunduğu kimi, Azərbaycan regionda kommunikasiya xətlərinin açılmasını, xüsusən Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin bir an öncə istifadəyə verilməsini haqlı olaraq zəruri hesab edir".

Onun sözlərinə görə, İlham Əliyevin çoxsaylı maneələrə baxmayaraq zamanında regionda reallaşdırdığı transmilli layihələr fonunda Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan üçün milli məsələ olmaq çərçivəsindən çıxaraq bəşəri əməkdaşlığın bir hissəsinə çevrilir.

"Lakin, görünən odur ki, Ermənistan revanşist niyyətlərə və mifik əsaslara söykənən milli erməni ideologiyasından əl çəkə bilməyərək regionda dayanıqlı sülhün təminatçılarından biri kimi çıxış edəcək Zəngəzur dəhlizinin reallaşmamasında israrlıdır. Xankəndidə III Şuşa Qlobal Media Forumunda cənab İlham Əliyevin də ifadə etdiyi kimi, Ermənistan başa düşməlidir ki, əgər Zəngəzur dəhlizi açılmasa, bu, Ermənistan üçün yalnız bu gün düşdükləri nəqliyyat təcridi məsələsindən ibarət olmayacaq. Ermənistan özünü həm də siyasi dalana və təcridə məhkum edəcək. Lakin Azərbaycanın bölgədə qazandığı qələbə və yaratdığı yeni geosiyasi status-kvo Ermənistana, nəhayət ki, praqmatik davranmaq və mifik təcavüzkar ideallardan qurtularaq bölgədə müstəqil dövlət kimi bərqərar olmağa tarixi şans yaradıb. İndi növbə Ermənistanındır. İrəvan ya praqmatik davranaraq Azərbaycanın verdiyi tarixi şansdan faydalanmalı, ya da gələcəyini təcavüzkar mifik ideyalara və revanşist hislərə qurban verməlidir", - deyə B.Məhərrəmov vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
31
50
redaktor.az

10Mənbələr