Bu həftə bütün Azərbaycan klubları avrokubok mübarizəsinə başlayacaq.
Digər klublarımızdan fərqli olaraq Avropa macərasına 2 həftə öncə başlamış “Sabah” barədə müəyyən fikir bildirmək olar.
Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulan “bayquşlar” elə ilk mərhələdə mübarizəni dayandıraraq Konfrans Liqasına yollandı. Bəs Masazır təmsilçisi Avropada yeni mövsümdə ilk sınağından necə ayrıldı?
Klublarımızın avrokubokların yeni mövsümü üçün rəqibləri bəlli olanda, heç şübhəsiz, əksəriyyət ən çətin rəqibin “Sabah”a düşdüyünü bildirdi.
Rəqib Konfrans Liqasının son mövsümündə 1/4 finala kimi irəliləmişdi.
Bu mərhələdə isə İtaliyanın məşhur klublarından “Fiorentina”ya uduzaraq mübarizəni dayandırmışdı. Özü də iki oyunun nəticəsinə görə sadəcə, 1 top fərqi ilə.
Ötən mövsümdən sonra “Çelye”nin heyətində bir neçə dəyişiklik olmuş, gedənlər olsa da, onların yerlərini dolduran transferlər də həyata keçirilmişdi. Ən əsası, ötənlərin məşhir futbolçusu, “Çelye”yə tarixi nəticəni qazandırmış baş məşqçi Albert Riera öz postunda qalmışdı.
“Sabah”da isə ötən mövsümdə komandaya tarixi nailiyyət qazandırmış baş məşqçi Vasili Berezutski ailəvi səbəblərlə öz postundan ayrılmış, onu kifayət qədər məşqçi təcrübəsi və titulları olan litvalı Valdas Dambrauskas əvəzləmişdi.
Damrauskasın komandanı tanıması üçün çox az vaxtı var idi. Cəmi 2 həftəlik Avstriya toplanışının ardından “Çelye” ilə taleyüklü oyuna çıxan mütəxəssis bunun çətinliyini çəkmədi desək yanılmarıq.
Lakin “Sabah” bir çoxunun gözlədiyi kimi asan təslim olmadı. Əslində, bu ilk matçdan sonra da görünürdü.
Komanda təcrübəli rəqiblə başa-baş mübarizə aparmış, hətta matçın bəzi anlarında rəqibi üstələməyi bacarmışdı. Lakin son saniyələrdə buraxılan top cavab oyunu öncəsi şansları bir xeyli azaldırdı.
Buna rəğmən, baş məşqçi Dambrauskas oyun sonrası mətbuat konfransında komandanın təslim olmayacağını bildirmiş, hələ sadəcə bir döyüşdə uduzduqlarını bildirmişdi.
Cavab oyununun startı Dambrauskasın ilk oyundan sonra danışdıqlarının nağıl olmadığını, litvalı mütəxəssisin rəqibi yaxşı çözdüyünü göstərdi.
Valdas ilk oyundakı start heyətinə toxunmamışdı. Məntiqli idi. Çünki ilk matçda da start heyəti yaxşı mübarizə aparmış, komandanın oyununda geriləmə yalnız əvəzetmələrdən sonra yaşanmışdı.
Bu dəfə də “Sabah” oyuna qolla başladı. Komandanın bütün tarixi ərzində ən məhsuldar futbolçusu olan Coy-Lens Mikels dəqiq baş zərbəsi ilə hesabı açdı.
Lakin bundan sonra ilk oyundakı ssenari təkrarlandı. Bu dəfə Rəhman Daşdəmirovun uşaq səhvindən sonra qapımıza təyin edilən penaltini rəqib dəqiq yerinə yetirdi.
İkinci hissə də komandamız üçün yaxşı başlamadı. Rəqib futbolçu cərimə meydançasında “unuduldu” və dəqiq zərbə ilə komandasını hesabda önə çıxardı.
Bundan sonra ümumi hesabda 2 top fərqi ilə çıxan “Çelye”nin artıq hər şeyi həll etdiyi görüntüsü yaranmışdı. Sosial şəbəkələrin Azərbaycan seqmentində də artıq “Sabah” üçün hər şeyin bitdiyi ilə bağlı şərhlər yazılırdı...
Lakin hər şey elə indi başlayırdı. Dambrauskasın Cesse Sekidika, Boyan Letiç və yeni transfer Zineddin Xaledi döyüşə atması ilə “Sabah” meydanda üstünlüyü ələ aldı.
Yeni transferlərdən söz düşmüşkən, onların keçən oyunla müqayisədə bu matçda daha fəal təsir bağışladığını deyə bilərik.
Stiv Solvet ötən oyunla müqayisədə çox güman məşqçinin tapşırıqlarından sonra hücumlara daha az qoşulur, arxa xəttin qeydinə daha çox qalırdı ki, bu da onun müdafiədə ötən matçla müqayisədə daha etibarlı oynamasına şərait yaratdı.
Zedadka da bu matçda fəal idi. Təsadüfi deyil ki, əlcəzairli müdafiəçi bu matçda bir assistlə yadda qaldı. Zinəddin də mərkəz xəttə, xüsusilə irəli ötürmələrdə dəqiqliyi ilə seçilirdi.
Oyunun ən yaxşısı isə heç şübhəsiz, 31 yaşlı almaniyalı hücumçu Mikels idi. Het-trikə imza atan Coyun matçın qəhrəmanı olmasına yalnız “Sabah”ın mərhələ keçə bilməməsi səbəb oldu desək, yanılmarıq.
Əvəzetmələrdən sonra Mikelsin timsalında ardıcıl 2 dəfə fərqlənən “Sabah” 90 dəqiqəni 3:2 hesablı qələbə ilə başa vurdu. Bu, artıq hər şeyi həll etdiyini düşünən sloveniyalılar üçün “soyuq duş” effekti verdi. İki oyunun nəticəsinə görə hər iki oyun eyni hesabla, amma fərqli komandaların xeyrinə nəticələnmişdi. Maraq üçün qeyd edək ki, ötən mövsümdə “Çelye” ev oyunlarında yalnız “Fiorentina”ya uduzmuşdu – 1:2. Digər rəqiblərinə isə doğma meydanda göz açmağa imkan verməmiş, Türkiyənin “Başakşəhər” komandasını isə 5 qola qonaq atmişdi (5:1). “Sabah” isə “Çelye”ni öz qalasında məğlub etməyi bacardı. Amma hələ heç nə bitməmişdi.
Oyunun taleyi ilə əlavə vaxtda müəyyənləşdi. Burada isə bir az təcrübə, bir az doğma meydan amili, bir qədər də fiziki hazırlıq öz sözünü dedi. Əlavə vaxtda doğma azarkeşlərin də dəstəyi ilə ikinci nəfəsi açılmış “Çelye” daha üstün idi və bunun da nəticəsində “Sabah”ın oyunu penaltilər seriyasına daşımaq istəyinin üzərindən xətt çəkildi. Döyüşkən oyun, sona kimi mübarizə, səfərdə güclü rəqiblə 120 dəqiləlik mübarizənin tamamında 3:3 hesablı bərabərlik və... əlvida Avropa Liqası.
Amma hələ heç nə bitməyib. “Sabah” ötən mövsümdə Azərbaycan Kubokunun qalibi olmaq üstünlüyünün nəticəsini məhz indi görəcək. Komanda Avropa macərasına Konfrans Liqasında davam edəcək.
Rəqib çoxunun zəif hesab elədiyi Moldova “Petrokub”u olacaq. Amma rəqib keyfiyyətcə nə qədər komandamızdan zəif hesab edilsə də, bir şeyi nəzərə almalıyıq.
Bu gün Azərbaycan klubları üçün Avropa arenasında zəif rəqib anlayışı yoxdur. Elə sadə bir faktı qeyd etmək kifayətdir.
Son illərdə “Qarabağ”dan başqa heç bir klubumuz Avropa arenasında əsas mərhələ üzü görə bilmir, amma zəif hesab etdiyimiz “Petrokub” ötən mövsümdə Konfrans Liqasının liqa mərhələsində iştirak edib.
Elə bu faktın özü “Sabah”ı heç də asan gəzintinin gözləmədiyini deməyə əsas verir. Qələbəyə ümid çoxdur, amma reallıq nə deyir? Bu sualın ilk cavabını bir neçə gün sonra Kişinyovdakı oyunda biləcəyik...
Xəlil Sadıq