BAKI, TurkicWorld
Suriyada sabitliyə qarşı çıxan əsas strateji təhlükə İsraildir.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinə səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb və Suriya məsələsi ilə bağlı önəmli açıqlamalar verib.
Prezident Ərdoğan bildirib ki, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı zamanı onun müsbət yanaşma göstərdiyini müşahidə edib. Danışıqlarda qarşılıqlı gözləntilər müəyyənləşdirilib və Türkiyənin dəstək göstərəcəyi vəd edilib. Ərdoğan qeyd edib ki, xarici işlər naziri Hakan Fidan ABŞ-ın xüsusi nümayəndəsi və digər beynəlxalq tərəfdaşlarla mütəmadi təmasdadır. Eyni zamanda MİT rəhbəri İbrahim Kalın və müdafiə naziri Yaşar Gülər də bu prosesə fəal şəkildə cəlb olunub.
Ərdoğanın sözlərinə görə, Suveyda bölgəsindəki silahlı qüvvələrin hərəkətinə icazə verilməsi bölgədə nisbi sabitliyə səbəb olub. Lakin bölgədəki druz qruplarından biri İsraillə əlaqəli fəaliyyət göstərdiyi üçün təxribatların davam etdiyi bildirilir. Hazırda yalnız müəyyən ərazilərə nəzarət mümkündür və qarşıdurmalar ara-sıra davam edir.
Ərdoğan əlavə edib ki, hazırda Ammanda davam edən danışıqlarda demək olar ki, bütün tərəflər atəşkəsə razılıq verib. O, Suriyada konstruktiv atmosferin formalaşdığını qeyd edərək, İsrailin bu prosesləri pozmağa çalışdığını və bölgədəki sabitliyə qarşı çıxış etdiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə rəhbərliyi son illərdə Suriya probleminin diplomatik yollarla həllinə önəm verir və regional aktorlarla fəal əməkdaşlıq edir.